Sentyabrın 30-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında əməkdar mədəniyyət işçisi, ustad aşıq Əkbər Cəfərovun 80 illik yubileyi qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, yubiley adıçəkilən nazirlik və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Tədbirdə respublikamızın görkəmli ədəbiyyat və elm adamları, Ə. Cəfərovun sənət dostları və yetirmələri iştirak edəcəklər.
Qeyd edək ki, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Ə. Cəfərov 1933-cü ildə Tovuzun Bozalqanlı kəndində doğulub. Dəfələrlə Bakıda və Moskvada keçirilən festivalların qalibi, qurultayların nümayəndəsi olub. Bədii yaradıcılıqla məşğul olan ustad aşıq “İşıqlı tellər”, “Saz danışanda”, “Söz qanana qurban olum” adlı şeirlər kitabları işıq üzü görüb. 1990-cı ildə vəfat edib.