Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı yeni tamaşasını təqdim edib.
Kollektiv Süleyman Ələsgərov və Süleyman Rüstəmin müəllifi olduqları “Durna” əsərini səhnələşdirib. 20 ildən çox köçkün həyatı yaşayan Ağdam teatrı son iki ildə artıq 8-ci səhnə əsəridir ki, öz tamaşaçılarına təqdim edir.
Teatrın direktoru Fəxrəddin Hacıbəyli APA-nın Qarabağ bürosuna bildirib ki, uzun illər Bərdədə məskunlaşan teatr doğma rayona köçdükdən sonra fəaliyyətini nisbətən genişləndirə bilib. Bölgələrdə fəaliyyət göstərən teatrlara dövlət qayğısı artırıldıqdan sonra kollektivin iş şəraiti yaxşılaşdırılıb. Bu isə qısa müddət ərzində 8 səhnə əsərini tamaşaçıların ixtiyarına verilməsinə səbəb olub. Teatr yaxın gələcəkdə səhnələşdirmək istədiyi tamaşalara respublikanın tanınmış aktyorlarını da dəvət etmək niyyətindədir. Kollektiv qastrol səfərlərinə çıxmağı da planlaşdırır.