Onlar sənətçi, siyasətçi, yazıçı kimi doğulmayıblar. Onlar da hamı kimi orta məktəbə gedib, sonra ali təhsil alaraq müxtəlif peşələrə yiyələniblər. Ancaq həyat bəzən onları öz sevdikləri peşələrindən də ayrı salıb. İllər ötüb, tamam başqa bir sahəni özlərinin həyat kredosu seçiblər.
Lent.az “Onun ilk peşəsi” rubrikasında növbəti qonağını təqdim edir. Qonağımız isə
sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimi, “Mədəniyyət” kanalının direktor müavini İlham Rəhimlidir. İ. Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun Malbinəsi kəndində doğulub. 1966-cı ildə Yevlaxdakı 1 saylı orta məktəbin on birinci sinfini bitirib. Bir il rayondakı 4 saylı avtobazada çilingər işləyib. 1967-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub.
Hələ institutun son kursunda oxuyanda "Kommunist" (indiki "Xalq qəzeti") qəzeti redaksiyasına təcrübə keçməyə göndərilib. Təcrübə zamanı bir neçə məqaləsi çap olunub. Redaksiyanın yazılı məktub-tələbnaməsinə əsasən təyinatla "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinə işə göndərilib. Hərbi xidmətdən sonra (may 1973 - may 1974) yenə redaksiyaya qayıdıb. Müxtəlif illərdə ədəbi işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət şöbələrinin müdiri işləyib. "Azərbaycan" qəzetinin baş redaktoru, Prezident Aparatının humanitar siyasət şöbəsinin məsul işçisi olub (1991 - 1993). Həmçinin 1993-cü ildən 2003-cü ilə kimi Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri vəzifəsində çalışıb.
2007-ci ilin aprel ayından Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin "Maarifçilik" redaksiyasında baş redaktor, 2011-ci il aprel ayının 14-dən isə Mədəniyyət kanalının direktor müavinidir.
- Yevlaxda keçirdiyiniz uşaqlıq illərini necə xatırlayırsınız?
- Ömrümün ən qayğısız illəri kimi. Tez-tez ürəyimdən keçir ki, uşaq olub kəndimizin çalmasında top qovaydım. Kür çayını üzə-üzə o taya keçib, meşədən nar yığaydım... Amma bütün bunlar yalnız kövrək, mümkünsüz arzu olaraq qalır.
- Orta məktəbdə necə oxumusunuz?
- Babat.
- Necə yəni babat? Əlaçı olmamısınız?
- Xeyir. O vaxtı qiymət birdən beşə qədər idi. Mən beş qiymətin beşindən də almışım.
- Orta məktəbi kənddə qurtarmısınız, yoxsa Yevlaxda?
- Yevlaxda. Özü də 6 məktəbdə oxumuşam. Hətta internatda da. Ancaq 1 saylı məktəbin 11-ci sinfini bitirmişəm.
- Sinif yoldaşlarınızdan kimsə sizə hər hansı bir işlə bağlı müraciət edibmi?
- Təkcə sinif yoldaşlarım yox, rayonumuzdan çox adam yanıma xahişə, diləyə, istəyə, məsləhətə gəlib. Bacardığımdan kömək eləmişəm.
- Çilingər kimi ilk əmək haqqınızı xatırlayırsınızmı?
- Məktəbi bitirən ili ali məktəbə daxil ola bilmədim. Qayıdıb Yevlaxda 4 saylı avtobazada çilingər işlədim. Çilingər bir ay işlədim, sonra sürücülərə yol vəsiqəsi yazanların yanında köməkçi oldum. Ancaq ştatda çilingər kimi qaldım. İlk maaşım da 55 manat olub.
- Niyə məhz teatrşünaslıq?
- Əslində heç bilmirdim ki, belə bir ixtisas var. Azərbaycan Dövlət Teatr İnstitutuna gəlməkdə məqsədim rəssamlıq fakültəsinə daxil olmaq idi. Bu fakültə 2-3 il idi açılmışdı. O vaxtı Teatr İnstitutunda imtahanlar iyul ayının 6-da, qalan ali məktəblərdə avqustun 1-də başlayırdı. Çəkdiyim şəkilləri də qoltuğuma vurub gəldim Bakıya. Qəbul komissiyasında işlərimə baxıb sənədlərimi rəssamlıq fakültəsinə götürmədilər. Dedilər ki, ali məktəb üçün zəifsən, amma Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil ola bilərsən. Divardakı elanda institutun fakültələrinin adları yazılmışdı. Teatrşünaslıq sözü xoşuma gəldi, sənədlərimi verdim və qəbul olundum.
- İnstitutda necə oxumusunuz?
- Bir dənə də dördüm olmayıb. Fərqlənmə diplomu ilə bitirmişəm.
- Necə oldu ki, “Kommunist” kimi mötəbər qəzetdə işləyəsi olduz?
- Beşinci kursda o qəzetə təcrübəyə getmişdim. Bölgüdə kursumuzdan təkcə mən ora düşmüşdüm. Təcrübə vaxtı bir neçə məqaləm çıxdı. Ədəbiyyat və incəsənət şöbəsinin müdiri Əfqan Əsgərovun, baş redaktor Ağababa Rzayevin qayğısı və etimadı ilə məni işə götürdülər.
– Bugünkü mətbuatla Sovet dövrünün mətbuatı arasında hansı fərqlər var?
– Çağdaş mətbuatda sərbəstlik, azadlıq, fərdi üslubu göstərmək imkanları daha çoxdur. Ancaq sovet dövründə jurnalistlərdə və qəzetçilərdə olan məsuliyyət, mövzunu dərindən-dərinə tədqiq etmək, tənqidi yazılarda etik normaları yüksək səviyyədə gözləmək daha ciddi idi. Onu da deyim ki, sovet dövründə yazılan felyetonlarda mövcud faktların yalnız 30-40 faizindən istifadə olunurdu. Əvvəla, indi bu janr, eləcə də oçerk unudulub. İkincisi, tənqidlərdə təhqir çoxdur. Bu, yolverilməzdir. Haqsız tənqid olunan, mənəvi təhqirə məruz qalan şikayət edəndə qəribə bəhanə gətirilir: “Biz günahkar deyilik, faktı verən mənbə yanlışlıq edib”. Məntiqə sığmayan və qeyri-peşəkar cavabdır.
– Teatrşünas kimi necə hesab edirsiniz, bəs teatrlarımız zamanın tələbinə cavab verirlərmi?
– Dövrün estetik tələblərinə cavab verən uğurlu tamaşalar olur. Lakin teatr prosesin özünün küll halında yaradıcılıq səviyyəsi zamandan geri qalır.
– Səbəbi nədir?
– Səbəbi çoxdur. Sadalasaq uzun çəkər. Amma onu mütləq etiraf edək ki, Azərbaycanda çox istedadlı aktyorlar, yüksək təcrübəli peşəkar rejissorlar var.
– Bəs nə yoxdur?
– Bu da çoxsaylı cavab tələb edən sualdır. Ancaq onu deyə bilərəm ki, Azərbaycanda “direktor teatrları” daha dominantdır. Yaradıcılıq məsələlərini direktorlar “həll” edirlər. Təəssüflər… Teatrın yaradıcılıq prosesinə cavabdeh, birmənalı şəkildə, baş rejissor olmalıdır. Belə olan halda teatrlarımızda əsaslı dirçəliş olar, uğurların sayı qat-qat çoxalar.
– Bu gün Elməddin Cəfərov, Fərda Xudaverdiyev televiziya verilişlərində aktyor kimi təqdim edilirlər. Onları aktyor hesab etmək olarmı?
- Qabiliyyətli gənclərdir. Onları teatr aktyorları ilə müqayisə etmək yanlışlıqdır. İnsafən özləri də özlərini teatr aktyoru saymırlar, əsasən estrada janrının aktyorları kimi çıxış edirlər. Mən primitiv teleserialları nəzərə almıram. Fikrimcə, həmin teleseriallar adlarını çəkdiyimiz gənclərin səhnə qabiliyyəti səviyyələrindən çox aşağıdır. Təəssüflər olsun ki, Azərbaycanda estrada janrı yüksək səviyyədə formalaşmayıb. Vaxtilə Qorxmaz Əlili bu janrda uğurla çıxışlar edirdi. Nədənsə sənətdən uzaqlaşdı. Fərda və Elməddində maraqlı cəhətlər, duzlu ifadələr, şirin cazibə var. Eləcə də estrada janrında adını çəkmədiyimiz bir neçə bacarıqlı gənc çalışır. Çatışmayan, ürəkgöynədən odur ki, onlar əksər hallarda janrın əsas prinsipindən sapınırlar. İlk növbədə öz “kisələrindən” xərcləyirlər. Fikrimcə, güclü yumor, satira yazan qələm sahibləri, səriştəli rejissorlar və həmin gənclər bir yerdə, məqsədyönlü, janrın ən vacib estetik prinsiplərinə əməl etməklə çalışsalar, faydası çox olar. İlk növbədə həmin bacarıqlılar inkişaf edərək istedad səviyyəsinə çata bilərlər. İstedadı tədricən formalaşdırmaq isə sonrakı mərhələdir. Bu sahədə Rusiya estrada teatrının sənətkarları örnək ola bilərlər.
- Səhnə üçün istedad vacibdir, yoxsa peşəkarlıq?
- İstedadsız peşəkar, peşəkarlığı olmayan istedad ikisi də sənətin düşmənidir. İstedad yalnız peşəkarlıq zəminində formalaşa bilər.
- Hazırda “Mədəniyyət” kanalının direktor müavinisiniz. Yaradıcılığınıza mane olmur?
- Qətiyyən. Kanaldakı az-çox fəaliyyətim elə yaradıcılığımın tərkib hissəsidir. Apardığım verilişlərdə mövzular illər boyu oxuduğum kitablardan mənimsədiyim nəzəri fikirlərə, arxivlərdən əldə etdiyim, topladığım faktlara əsaslanır.
- Bu gün maarifçiliklə bağlı proqramlara baxan tamaşaçılarımızın sayı o qədər də çox deyil. Daha çox şou proqramlar özünə tamaşaçı auditoriyası toplaya bilir...
- Bunun əsas təqsiri ilk növbədə özəl kanalların müstəqilliyi düzgün anlamamasında və yüngül zövqlərin arxasınca getməsindədir. Televiziya evlərimizə çağırılmamış qonaqdır. Tamaşaçının həmin qonağı bir anda evindən “çıxarması” üçün hansısa düyməni basması kifayətdir. Buna görə də televiziyalar, janrından asılı olmayaraq, bütün verilişlərinin mahiyyətində üç başlıca prinsipi gözləməlidir: maarifçilik, əyləncə və informasiya. Bunlardan hansınısa ümumi prosesdən ayırmaq uğursuzluğa aparacaq. Özəl televiziyalar süni populyarlıq dalınca qaçmamalıdır. Çünki belə populyarlıq xam atdır, gec-tez onu çapanı yerə çırpacaq. O ki, qaldı şoulara, bu, kütləvi janrdır. Lakin onun özünü yüksək peşəkarlıqla, yuxarıda dediyim prinsiplər əsasında hazırlamaq lazımdır.
– Yenidən qəzetçiliyə qayıtmaq istərdinizmi?
– Xeyir. Mənim qəzetçilik prinsiplərimlə çağdaş qəzetçilərin prinsipləri, ölçüləri çox nöqtədə üst-üstə düşmür. Bizim dövrümüzdə bir hərif səhvinə görə cəza verirdilər. İndi qəzetlərin böyük əksəriyyəti Azərbaycan dilinin zərifliyini, incəliyini, axıcılığını, fikri ifadə etmək gücünü qoruyub saxlaya bilmir. Qrammatik, üslub, xüsusən orfoqrafiya xətaları da nə qədər desən…
- Mədəniyyət və İncəsənət Universitetinin professorusunuz. Hansı fəndən dərs deyirsiniz?
- Vaxtilə teatrşünaslıq fakültəsində bir kurs götürürdüm. Dörd il həmin kursa ixtisas dərsi keçirdim. Son illər yalnız magistr tələbələrə “Azərbaycan teatrının estetik prinsipləri”dən dərs deyirəm. Həmin fəndən mənim dərslik kitabım çıxıb. Tələbələr istədikləri vaxt onu oxuya bilərlər. Buna görə də çalışıram onların şəxsiyyət kimi formalaşmalarına təkan verə bilən, incəsənətin çoxqatlı sahələrinin incəliklərini duymalarına yardımçı olan mətləblərdən danışım. Tələblərlə dialoqa girməyi xoşlayıram. Çalışıram ki, onların mövcud sənətlə barışmazlıqlarını, cəsarətlərini, çılğınlıqlarını müəyyən bədii-estetik məcraya sala bilim.
- İndiyə qədər neçə kitabınız çıxıb?
- Altmışdan çoxdur. O cümlədən üç dərslik, iyirmiyə yaxın monoqrafiya, altı nəzəri kitab. Qalanları isə teatr tarixinə aiddir. 3 cilddə Akademik Milli Dram Teatrı kitabım çıxıb. İrəvan, Tiflis, Aşqabad, Təbriz, Sumqayıt teatrları, eləcə də Bakı Türk İşçi Teatrı, Opera və Balet Teatrı, Musiqili Komediya Teatrı haqqında tədqiqatlarım var. Teatr tarixindən bəhs edən müxtəlif monoqrafiyalarım var. Ancaq mən portret-monoqrafiyaları nəzərdə tuturam. SSRİ xalq artistləri Mehdi Məmmədov, İsmayıl Dağıstanlı, xalq artistləri Barat Şəkinskaya, İbrahim Həmzəyev, Həsən Turabov, Səyavuş Aslan, Amaliya Pənahova, Zərnigar Ağakişiyeva, Azər Paşa Nemət, Yaşar Nuriyev, xanəndə Arif Babayev, kaman ustası Habil Əliyev, əməkdar incəsənət xadimləri Zəfər Nemətov, Vaqif İbrahimoğlu, əməkdar artist Rəhilə Cabbarova, xalq rəssamı Səttar Bəhlulzadə... haqqında monoqrafiyalarım müxtəlif illərdə işıq üzü görüb. “Səhnəyə qovuşan cığırlar” kitabımda 130 teatr xadiminin portret-oçerki toplanıb. Təxminən 300 portret-oçerkim isə üç ildən çoxdur hazırdır. İmkansızlıq ucbatından çap üzü görmür.
- Çap olunmamış kitabınız təkcə budur?
– Xeyir, xeyli var. Rasim Balayev haqqında monoqrafiyam, Gənc Tamaşaçılar Teatrı, Gəncə teatrı, Füzuli teatrı, Azərbaycan Dövlət Yəhudi Teatrı kitablarım çapını gözləyir. Ya qismət… Daha çox üstündə əsdiyim 3 cildlik Azərbaycan Teatr Ensiklopediyasıdır. Mədəniyyət və Turizm Nazirliyinin köməkliyi və maddi dəstəyi ilə çap olunmalıdır.
- Sizcə, ölkədə mədəniyyət sahəsi üzrə ixtisaslaşmış jurnalistlər niyə barmaqla sayılası qədərdir?
- Çünki mədəniyyətin, incəsənətin çoxqatlı sahələri var. Həmin sahələrin hər birisinin də özünəməxsus estetik prinsipləri, xarakterik səciyyələri. Onları dərindən bilməyənlər maraqlı və peşəkar yazılar yazmaqda çətinlik çəkərlər.