Akademik Milli Dram Teatrının kollektivi yanvarın 23-dən 29-dək 31-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün İran İslam Respublikasında səfərdə olacaq. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ölkənin mədəni həyatında böyük əhəmiyyət kəsb edən Fəcr Festivalı hər il Tehranda və İran İslam Respublikasının digər şəhərlərində keçirilir. Müasir teatr düşüncəsinə meylli olan Fəcr Festivalının proqramına İranın və xarici ölkələrin teatrlarının ən uğurlu tamaşaları daxil edilir.
İran, İtaliya, İsveçrə, Polşa, Macarıstan, Cənubi Koreya, Livan, Avstraliya və digər dövlətlərin teatr kollektivlərinin iştirak etdiyi festivalda Azərbaycanı təmsil edən Akademik Milli Dram Teatrı Afaq Məsudun əsəri əsasında hazırlanmış “Qatarın altına atılan qadın” tamaşası ilə çıxış edəcək. Onu da qeyd edək ki, təşkilat komitəsi festivalda iştirak üçün məhz bu tamaşanı seçib.
Tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Nazim Bəykişiyev, bəstəkarı və aranjemançısı Vüqar Camalzadədir. “Tragikomediya»” janrında təqdim edilən tamaşada rollarda əməkdar artistlər Kəmalə Hüseynova (Gültəkin Sarabskaya), Cəfər Əhmədov (Xasay Dilgir), Pərviz Bağırov (“Nəzarətçi”), Kazım Abdullayev (“Rejissor”), Hicran Nəsirova (“Tumsatan”), aktyorlar Rəşad Bəxtiyarov (“Qəzetsatan”), Elnar Qarayev (“Dilənçi”), Şəhla Əliqızı (“Rejissor köməkçisi”) ifa edirlər.
Festival müddətində kollektiv tamaşanı 3 dəfə nümayiş etdirəcək.