“Yarat!” Londonda
11 fevral 2013 23:53 (UTC +04:00)

“Yarat!” Londonda

 

Londonda müasir incəsənət nümunələrinə xüsusi baxış və ziyafət gecəsi keçirilib. Lent.az-ın AzərTac-a istinadən veridyi məlumata görə, Londondakı “Christie`s” hərrac evində Heydər Əliyev Fondunun dəstəyi, hərrac evinin və “YARAT!” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə keçirilən gecədə Azərbaycanın və Böyük Britaniyanın nüfuzlu şəxsləri, parlament üzvləri, ictimai xadimlər, incəsənət adamları, dünyanın müxtəlif ölkələrindən qonaqlar qatılıb.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva  “YARAT!” Müasir İncəsənət Məkanının sərgiləri haqqında məlumat verib. Bildirib ki, sözgedən sərgilərə Londonda başlayıblar: “Sərgi ilə daha sonra Parisdə, Berlində və bu həftə Moskvada təmsil olunduq. Bu, çox böyük nailiyyət idi və bu sərgini Romada keçirməyi planlaşdırırıq. Sərgi videomateriallar, rəngkarlıq nümunələri, rəsm əsərləri, heykəltəraşlıq və foto nümunələrini özündə birləşdirir. Ümid edirəm ki, bu sərgi Azərbaycan incəsənətinin daha yaxşı öyrənilməsinə töhfəsini verəcək”.

.Daha sonra “YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova rəhbərlik etdiyi qurumun fəaliyyəti və məqsədi haqqında iştirakçılara məlumat verib. Qeyd edib ki, “YARAT!” müasir Azərbaycan incəsənətinin və rəssamlarının həm yerli, həm beynəlxalq səviyyədə təbliğinə, tanıdılmasına xidmət edir. Aida Mahmudova bildirib ki, 2012-ci ildə “YARAT!” “012 Bakı Public Art” festivalı da daxil olmaqla, iyirmidən artıq layihə həyata keçirib. Təşkilatın gələcək planları haqqında da məlumat verən Aida Mahmudova London sərgisinə ev sahibliyi edən “Christie`s” və Lord Linliyə minnətdarlığını bildirib.

Daha sonra tədbirdə Azərbaycan incəsənəti və müasir Azərbayan rəssamları Aida Mahmudova, Ramal Kazımov, Faiq Əhməd, Əli Həsənov, Fərid Rəsulov, Orxan Hüseynov, Niyaz Nəcəfov və başqaları haqqında məlumat verən videoçarx nümayiş olunub.

Tədbirdə tanınmış azərbaycanlı skripkaçı Nəzrin Rəşidova Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa edib. Sonda qonaqlara “YARAT!” Müasir İncəsənət Məkanının fəaliyyəti, ölkəmizin incəsənəti və müasir Azərbaycan rəssamları haqqında ətraflı məlumat verən disklər və jurnallar paylanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1944
avatar

Oxşar yazılar