Lent.az “Ömrün bir anı” rubrikasında məşhurların həyatından daha bir maraqlı hadisəni təqdim edir. Bu hadisəni şair Vaqif Səmədoğlu özü danışıb.
Vaqif Səmədoğlu bir dəfə Cəlilabad rayonuna zəhmətkeşlərlə görüşə gedib. Təbii ki, onun gəlişi barədə rayon rəhbərliyinə məlumat verilib və rayonun başçısı Vaqif Səmədoğlunu şəxsən qarşılayıb. Şairə rayonu gəzdirən rayon rəhbəri mərkəzi küçələrindən birində Cəlil Məmmədquluzadənin abidəsi qarşısında dayanıb və deyib.
“Sizin atanıza çox böyük hörmətim var. Xalqımızın hörmətli ziyalısıdır. Buna görə, onun şərəfinə heykəl ucaltdırmışam”.
Vaqif Səmədoğlu heykələ dönüb bir də baxıb və deyib.
“Axı bu Cəlil Məmmədquluzadənin heykəlidir. Mən Səməd Vurğunun oğluyam. Adımdan görünür, Səmədin oğlu ”, - deyən Vaqifə heyrətlə baxan rayon rəhbəri pərt olub.
“Baho, bəs mən elə bilirdim sən Cəlil Məmmədquluzadənin oğlusan. Eybi yox, birini də sənin atan üçün düzəltdirərik”, - o işin altından çıxmağa çalışıb.
Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Vaqif Səmədoğlu 2015-ci ildə vəfat edib.