"Qonşu qız"ı məşhur məmurun xanımı üçün ifa edib? – Xalq artisti ilə MÜSAHİBƏ
14 oktyabr 2022 14:46 (UTC +04:00)

"Qonşu qız"ı məşhur məmurun xanımı üçün ifa edib? – Xalq artisti ilə MÜSAHİBƏ

Onunla söhbətimiz dərs vaxtına düşdü. Müsahibəni unudub Mənsum müəllimin və tələbələrinin ifasında muğam parçalarını heyranlıqla dinləyirdim. Səbirlə qarşısındakı tələbəyə ifa elədiyi qəzəldəki doğru bilinən yanlışları anladır, düzgün oxunmayan yerləri özü zümzümə edirdi. 

Lent.az-ın müsahibi Xalq artisti Mənsum İbrahimovdur.

- Xanəndələr nə üçün ifanın əvvəlində və sonunda aman-aman, daley-daley, ey dad - ey dad, ölürəm deyirlər? Bu ifadələr muğamdan muğama, ifaçıdan ifaçıya görə dəyişir?

- Bəli, dəyişə bilir. Bunlar bağlayıcı girişlərdir. Ta qədimlərdən hər xanəndə öz ifasına müəyyən əlavələr edib, öz cığırını açıb. Ümumiyyətlə, gərək ifa etdiyin hər muğamı, hər mahnını özününküləşdirə biləsən, üzərində işləyəsən, əziyyət çəkəsən.

Durma qapı dalında 
Gözüm qaldı xalında.

Bu mahnı mənim ifamdan öncə də vardı, biz onun tempini sürətləndirdik,  muğam üçlüyündə xorla ifa etdik, sevildi, hətta 3 türk müğənni onu məndən alıb öz albomuna daxil etdi.

- Sizdən özü, sevgilisi üçün özəl mahnı istəyən olub?

- Olub. Mənim bir mahnım var ”Qonşu qız”. Konsertlərdə, el şənliklərində oxuyurdum. Bir məşhur məmur xahiş elədi ki, o mahnını diskə yazdırım. Dedi hər dəfə o mahnı oxunanda elə bilirəm onu mənimlə xanımım üçün oxumusan, xanımım qonşumuz olub, o mahnı gəncliyimi xatırladır. Mən də mahnını lentə yazdırdım. İndi hər dəfə o məmur məni görəndə deyir ki, mahnını mənim üçün ifa etmisən, o bizim ailəmizin mahnısıdır. Hər mahnının bir tarixi var. Şuşada birinci “Xarı bülbül” festivalında biz “Qaçaq Nəbi” mahnısını oxuduq. Nəbi Zəngəzurda ermənilərə qarşı vuruşub, bu tarixdir. Onda hələ Zəngəzur məsələsi bu qədər səsləndirilmirdi. Həcərin nəticəsi gəlib məni tapmışdı, təşəkkür etmişdi. Bu mahnı Zəngəzurun simvolu oldu.

- Mahnılar yoxsa muğam? Hansı sizə daha yaxın janrdır?

- Mahnı janrında oxumaq asan deyil. Gərək 3 dəqiqəyə sözünü deyə biləsən. Mən mahnı janrını sevirəm. Az xanəndə bu janrdan istifadə edir. Bir çox mahnıların üstündə işləyib, həyat vermişik. Məsələn, “Axtarma məni” mahnısını məndən sonra Röya da oxudu. Əbülfət Əliyev, Hacıbaba Hüseynov, Cabbar Qaryağdıoğlu mahnı janrından çox istifadə ediblər. Tələbələrimdən Ayaz Qasımov, Rahidə Baxışova, Çinarə Məlik mahnı janrında inkişaf etdirdilər özlərini. Çinarə yaxşı dəsgah oxuyurdu, indi türk dünyasında məşhurdur. Tələbənin gərək səsi muğama yatsın, xırdalığı, zənguləsi olmalıdır. Səs vokal olanda göndərirəm Azər Zeynalovun yanına.

- Səs tellərini əməliyyat edib gözəl səs yaratmaq olar?

- Yox, o mümkün olsa böyük sənətkarımız Akif İslamzədə edərdi. Səs telləri ilə oynayıb yalnız qadın səsini kişi səsinə və ya əskinə çevirmək olar. Bunu bir qayda olaraq cinsiyyətini dəyişdirənlər edirlər. Səs telində polip, düyün olanda, soyuqladanda, qorumayanda səs batır.

- Məsələn, məşhur qazax müğənnisi Dimaş Kudayberqendə iki cür səs var. O həkim işidir, ya Allah vergisi?

- Onda təbiidir. Belə səslər də olur.

- Səsi cavan saxlamaq üçün nə etmək olar?

- Qorumaq olar, amma zamanla səs püxtələşir, zənginləşir. Gənc ikən imkanların çox olur, yaşlı ikən təcrübən. İkisi birləşsə bu fantastik olardı. 

- Akif İslamzadə ilə müsahibəm olmuşdu. Səsi batdığına görə şükür edirdi. Tamamən dəyişib, indi mömin bir insan olub, səsini itirməyinə görə üzülmürdü...

- Görünür bununla təsəlli tapıb. Allaha sığınıb. İslam dini buna görə gözə dindir. Çətin günlərdə özünə sığınacaq tapırsan. Heyf ki, indi dünyada İslama qarşı fitnə var. “Allah” deyib baş kəsirlər. Bizim bölgədə heç kimin sünnilikdən, şiəlikdən xəbəri yox idi. Bir Allahı bilirdik. Mən belə söhbətləri anlamıram. 

- Muğam nədir?

-  Milli kimliyimiz.

- Başqa ölkələrdəki muğamla bizdəkinin fərqi var?

- Əlbəttə. Bizdə daha mükəmməldir. Üzeyir bəy muğamı nota salıb. Amma notla öyrənməyə icazə verməyib. Muğam nəsildən-nəslə öyrədilən sənətdir. Çünki burda hər usta, hər ifaçı öz yolunu qoyur, öz xırdalıqlarını edir. Bizim muğamda süjet xətti var. Başlayırıq, kulminasiya və final var. İranda eyni məqamlar dəfələrlə təkrar olunur, bu adamı yorur. Ölkəmizə muğam festivalına gələn bütün iştirakçılar deyirlər ki, Azərbaycan muğamı daha mükəmməldir.

- Mənə elə gəlir ki, indiki ifaçılar muğamı daha zərif, daha incə ifa edirlər...

- İfaçılıq dəyişir. 100 il əvvəl bir başqa olub, 100 il sonra da başqa cür olacaq. Xan əmi, Cabbar əmi muğamı 3 dəqiqə ərzində oxuyub bitiriblər. Köhnə yazılardır, keyfiyyət yoxdur. Onlar korifeylər idilər. Xan Şuşinskiyə qədər muğam bir başqa idi ondan sonra bir ayrı era başladı. Xan əzəmət gətirdi. Ona görə də Xan idi. Ona qədər ifalarda sızıltı, ağlaşmaya meyllilik var idi.

- Elə muğam varmı ki, onu xanımlar oxuya bilmir?

- Bəli. “Rast”ı qadınlar oxuya bilmirlər, boğulurlar. Qadın səsləri zildir, bəm onlara asan olmur. “Şahnaz”, “Qatar” qadın səsinə daha uyğundur .

Söhbətin bu yerində otağa Mənsum müəllimin yol yoldaşı, dostu tarzən Elçin Həşimov daxil olur. Söhbətin yönü xarici səfərlərə doğru dəyişir. 

- Biz illərdir xarici səfərlərə birlikdə çıxırıq, mən, Elçin, Elnur və Kamran. O vaxt muğam üçlüyümüzün adını Səyavuş Kəriminin tövsiyəsi ilə “Qarabağ” qoyduq. Çox zaman bu ada görə etirazlar səslənirdi xaricdə. 2018-ci ildə İtaliya prezidentinin sarayında bizi konsertə dəvət etdilər. İsrar edirdilər ki, ansamblın adını dəyişin, çünki orda erməni lobbisi güclü idi. Biz dedik ki, siyasətdən yox, mədəniyyətdən bəhs edirik. Hətta orada aparıcı olan “Ray” radiosu ilə konsert canlı yayımlandı. 57 dəqiqə biz “Qarabağ şikəstəsi”, “Şuşanın dağları”nı ifa elədik. Radio rəhbəri konsertimizin aparıcısı idi. Mən nə deyirdim, o da təkrar edirdi. Dedim “Qarabağ Azərbaycanın, Şuşa da Qarabağın incisidir, Qarabağ Azərbaycanın tərkib hissəsidir”. Bəlkə də fərqində olmadı, hamısını tərcümə edib verdi. Qarabağ adının özü çoxlarını narahat edirdi. Biz bu adı haralara aparmadıq. Hər yeri gəzirdik, öz torpağımıza gedə bilmirdik. 

- Xarici ölkələrdə muğamı anlayırlar, yoxsa ayıb olmasın deyə, etiket xətrinə dinləyirlər?

- Gözəl musiqini hamı dinləyir. İfaçı peşəkardırsa, sevdirir. Avropada muğamın ən dinamik ən gözəl hissələrini ifa edirik. 2011-də Danimarkada musiqi festivalında gecə saat 4 də bizə növbə çatdı, 45 dəqiqə oxuduq. Bir danimarkalı jurnalist əlində kiçik Azərbaycan bayrağı (ordakı soydaşlarımızdan almışdı) dizini yerə qoyub bayrağımız öpdü və dedi belə musiqisi olan xalqın qarşısında baş əyirəm. Bunu hamı gördü. Tələbəm Arzu Əliyeva ilə Braziliyada simfonik muğam ifa edirdik. 2500 nəfərlik zal idi. Orda ifa bitənə qədər heç kim reaksiya vermir. İfadan sonra 5 dəqiqə sürəkli alqış oldu, sonra yenidən eyni ifanı istədilər. Bu “Qarabağ şikəstəsi” idi. 10 dəqiqə ayaq üstə dinlədilər. Çində də bu şikəstəni ifa edirdik. Bir hissəsini öz melodiyalarına bənzətmişdilər. Hay-küy saldılar. Səfirimiz dedi ki, onlar öz musiqilərinə bənzədiblər deyə belə qəribə səslər çıxardırlar. Vyetnamda 5000 vyetnamlı özünü bakılı adlandırırdı. Burdan oxuyub getmiş keçmiş məzunlar idilər. Onlar necə hay-küylə, sevgi ilə qarşılayırdılar bizi. Konsertdə necə ağlayırdılar, görmək lazım idi. Riqada məşq edirdik. "Kor ərəbin mahnı"sını riqalı qızlar çox sevdilər. Tərcüməsini soruşdular, biz izah etdikdən sonra ki, o adam ədalət axtarışındadır, haqq istəyir, skripkaçı xanımlar əsəri göz yaşları içində çalırdılar. 

- Mənsum müəllim, ailənizdən yolunuzu davam edən var?

- Yoxdur. 3 qızım, bir oğlum var. Dedim bir evə bir xanəndə bəsdir.

- Onların karyera yüksəlişlərində rolunuz olub?
- Yox. Biz müəllim ailəsiyik, mən də, xanımım da müəllimdir. Zəhmət nədir bilirik. İstədim onlar da bilsinlər. Hərə öz sevdiyi yolu seçib. Birinə isə həkim olmağı məsləhət etdim. 

- Müğənni olmasanız kim olardınız?

- Mən əslində müğənni yox, cərrah olmaq istəyirdim. Həkimliyi o qədər sevirdim ki, uşaqlardan birinə bu peşəni məsləhət etdim. İndi cərrahdır. Həkim olsam, mükəmməl cərrah olardım. Çünki etdiyim hər işi mükəmməl etməyə çalışıram.

- Ən çox “sevdiyiniz” Leyli kim olub?

- 10 “Leylim” olub. Onlardan biri Türkiyə sənətçisi idi. Hamısının öz yeri var. Amma ən çox Nəzakət xanım Teymurova ilə çıxış etmişik. Onunla xaricə çox səfərlərə getmişik, bizi birlikdə daha çox qəbul edirdi tamaşaçı.

- Məcnun kimi sevmək istərdiniz? 

- Sevgi nemətdir. Hər ürəkdə olmur. Sevgi deyəndə yalnız qadınla kişinin sevgisini anlamaq düz deyil. Məcnun kimi çölə düşməyi arzu etməzdim. Amma sevgi insana güc verir, dünyanı xilas edir. Sevən insan sadiq olur. Könlündə sevgi daşıyan insan kamil insandır. O yüz mində bir insana qismət olur. Sevgi varsa sülh var deməkdir. Dünyanı sevgi yaşadır.  

# 9057
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar