“Ömrüm boyu ən çox ondan çəkinmişəm” – Aktrisa müsahibəsində kimdən danışır?
16 may 2023 14:57 (UTC +04:00)

“Ömrüm boyu ən çox ondan çəkinmişəm” – Aktrisa müsahibəsində kimdən danışır?

0

Qrim otağına daxil olanda oynadığı “O olmasın, bu olsun” tamaşasına hazırlaşırdı. Bu gün Sənəm rolunu o oynayacaqdı. Qrimçilər, kostyumçular otağa girib - çıxır, hər biri mehribanlıqla görüşüb xoş sözlər deyirdilər. Kollektivin bir-birinə isti münasibəti hiss olunurdu. Qrimlənir, kostyumçunun ütüləyib gətirdiyi paltarları geyinib qarşımda durur. “Hə, mən hazır, indi çəkə bilərsən” deyir. Az sonra Sənəm roluna baxıb güldükcə heyrətlənib, ağlımdan bir sual keçəcək: “Bu Sənəmi oynayan qadınla o dramatik obrazları oynayan qadın eyni adamdır?” 

Lent.az-ın müsahibi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Gülnarə Abdullayevadır. 

Arayış: Gülnarə Abdullayeva 1973-cü il dekabr ayının 29-da Bakıda anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr aktyoru” fakültəsini bitirib. 2000-ci ildən 2008-ci ilə kimi Şuşa Dövlət Musiqili Dram teatrında aktrisa-vokalist kimi fəaliyyət göstərib. 10 ildir Musiqili Teatrın aktrisasıdır. Teatr tamaşaları ilə yanaşı bədii film və seriallarda da rol alıb. Suğra (“Sənə inanıram”) Vəkilin xanımı (“Bölmə”), Müəllimə (“Bir ovuc torpaq”), Qadın (“Ərazi”), Salon müdiri (“Qatarda”), Məsmə (“Sirr”), Məhbusə (“Caqqal nəfəsi”), İş adamı (“Yalan”), Natəvan (“Bir kəndin sevinci”), Ana (“Kabusun kölgəsi”), Kubra (“Axınla üzü aşağı”), Katibə (“Bəyaz həyat”), Qulluqçu (“Bacanaqlar”), Həkim (“Qanun naminə”), Gülsurə (“Şən dullar”)  kimi rollar yaradıb. "Planeta parni iz Baku” ŞHK-nın tamaşalarında çıxış edib.

- Gülnarə xanım, içəri daxil olarkən Prezident mükafatı almış aktyorların adı asılmış lövhə gördüm. Adınız siyahıda yox idi. Fəxri adınız da yoxdur. Bu sizi narazı salmır?

- Yox salmır. İşimi görüm, mənə bəs edir. Birincisi teatrda məndən qabaqda yaşca böyük aktyorlar da var ki, onlar da mükafat almayıblar. Onlar aldıqdan sonra yəqin mənə də növbə çatar. Fəxri ada gəlincə. Önəmli olan insanların sevgisini görməkdir. El şənliklərinə aparıcı kimi gedəndə bunu görürəm. Əvvəllər sənətimə baxışım bir az fərqli idi. İndi hiss edirəm ki, teatrdan ayrı qalanda sudan çıxmış balığa dönürəm. Sağ olsun, Afaq xanım (Xalq artisti Afaq Bəşirqızını nəzərdə tutur – red.) mədəniyyət xadimlərinin Prezidentlə görüşü zamanı problemlərimizi dilə gətirəndən sonra vəziyyətimiz xeyli yaxşılaşıb. Tetra akademik status verilib, maaşlar yüksəlib. Guya hər adam bu teatrda işləyə bilər? Yox. Ona görə bu kollektivdə olmaqdan çox məmnunam. 

- Əvvəllər sənətimə baxışınız fərqliydi dediniz? Təsadüfi gəlmişdiniz? Bu sənətdə “day-dayı”nız olub?

-  Heç kimim olmayıb. Nə bacarmışam tək və öz gücümə. Orta məktəbdə oxuyanda fəal  uşaq idim. Tədbirlərdə aparıcılıq edirdim. Amma fikrim hüquqşünas olmaq idi. Yaxşı oxuyurdum. Sənədlərimi verdim, müsabiqədən keçə bilmədim. Həmin il boş qalmayım deyə peşə məktəbinə girib kargüzarlığı öyrəndim. Növbəti il nə oldu bilmirəm, sənədlərimi verdim İncəsənət İnstitutuna. Aparıcılıq eləmək idi ağlımda əslində. Hazırlaşmamışdım. Amma görünür görünüşüm diqqətlərini çəkmişdi. Gəncliyin enerjisi, parıltısı üstümdə idi. Gözəl qız idim. Qocaldım getdi (kədərli- kədərli gülümsünür). Şəfiqə Məmmədova üzümə diqqətlə baxıb başını yellədi, sual - cavab elədilər. Mahnı oxudum. Bu arada deyim ki, səs mənə anamdan keçib. Amma anam səsimi heç bəyənməzdi, deyirdi sənin səsin yoxdur. Yaman zəhmli qadın idi. Metronun rəisi idi. Kənardan onun boyunu - posunu görəndə hər kəs özünü yığışdırırdı. Ömrüm boyu ən çox ondan çəkinmişəm, ən sərt tənqidçim də anam olub. İmtahanların hamısından keçdim. Anamın zümzümələrindən öyrəndiyim bir mahnını oxudum, bəyəndilər. Beləcə daxil oldum. Elə ilk kursdan da işləməyə başladım. 90-cı illərdə Dövlət Estrada Teatrında işləyirdim. Amma hüquqşünas olmaq arzusu da heç rahat buraxmırdı məni. Özümə  söz vermişdim ki, məşhurlaşım, gedib yenidən hüquq fakültəsinə daxil olacam. Uşaq ağlı. Ailə quran il yenə imtahan verdim. Amma evləndim deyə nəticələrini öyrənmədim. Əgər bilsəydim ki, girmişəm və mən oxuya bilmirəm, ürəyim partlayardı.

- Sevib evləndiniz?

- Hə. Amma uzun sürmədi. Ard - arda oğlum, qızım doğuldu. Sonra xarakterlərimiz düz gəlmədi, ayrıldıq. Ürəyim qırıldı. Ürəyim qırılanda o insan mənim üçün ölür. Silirəm. Bağışlaya bilmirəm. Bu barədə danışmayaq daha.

- 50 yaşa gəlib çatmısınız. Sənətinizdə istədiyinizi edə bilmisiniz?

- Yox. Eləmək istəyirəm. Bir mono tamaşa üzərində çalışmaq istəyirəm. Xarici və yerli əsərlərdən ibarət bir tamaşa olsun. Bu tamaşada müxtəlif xarakterli rollar oynamaq istəyirəm.

- Bir ara Tahir İmanovun komandası ilə Şən və Hazırcavablar Klubunda da çıxış elədiniz. Deyirlər kaprizli adamdır. Çətin deyildi onunla?

- Kaprizli deyil. Amma deyim ki, ümumiyyətlə kaprizli adamalarla işləməyi sevirəm. Özüm də kaprizliyəm. Kaprizli adamlar işlərini bilən olurlar. Gəlib çəkiliş meydançasında fikirləşmirlər nəyi necə edim. Çəkiliş başlayanda artıq hazır gəlirlər. Rejissorlar Samir Qulamov, Mehriban Ələkbərzadə ilə, həmçinin Tahir İmanovla işləyəndə işdən zövq almışam. Çünki işlərini bilən adamlardır.

- "Bir nəfəs qədər" tamaşasında şəhid anası obrazını ustalıqla canlandırmışdınız. Sanki bu ağrını həqiqətən hiss etmiş biri kimi.

- Oğlum cəbhədə olub, II Qarabağ müharibəsinin veteranlarından biridir. 4 medal alıb. O duyğunu yaxşı anlayıram. Döyüşlərdə kontuziya aldı, üç ildir toparlaya bilmirik. Dostlarının ölümünü unuda bilmir. Çox çətinliklərdən keçmişik və hələ də keçirik. Mən nə həyəcanlar yaşamışdım, səhnədə onu göstərdim. Bu oyun deyildi. Məşqlərdə, tamaşada ağlamaqlarım, hönkürtülərim hamısı içimdən gəlirdi, göz yaşlarımı saxlaya bilmirdim. Hər dəfə bu tamaşadan sonra mütləq dərman içib sakitləşirdim.

- Hər rolu oynamağa razılıq verirsiniz?

- Yox. Mənə yaraşan rolları. Öz dəyərimi bilirəm. Bəzən elə qiymətə filmlərə dəvət gəlir ki, düşünürsən zəhmətə dəyməz. Getmirəm. 

- Son illər müasir teatr səhnəsində tamaşalarda erotik epizodlara da rast gəlirik. Belə rollara dəvəti qəbul edərsiniz?

- Səhnədə açıq-saçıqlığın tərəfdarı deyiləm. Kim oynayır özü bilər, pis baxmıram. Amma mən bunu edə bilmərəm. Bəzi şeylər elə gizlin qalsa yaxşıdır, onu nümayiş etdirmək düzgün deyil. Mən azərbaycanlıyam və mentalitetimiz var. Bunu səhnəyə niyə çıxarmalıyıq ki? Səhnə məbəddir deyib, erotikanı çıxarmaq düz deyil.

- Bəzi insanlar  hesab edirlər ki, mentalitet azadlığımızı pozur.

- Məncə pozub eləmir, Əksinə həyatımızı düzənə salır. Azadlığımı kimsə pozmağa cəhd eləsə, o sədləri qırıb çatmağa cəhd edərəm. Lakin özümün özümə qoyduğum sərhədlər var. O sərhədləri aşmıram, kiminsə aşmasına da icazə vermirəm. Özüm özümə icazə vermirəm. Mən pərdələri sevirəm. Artıq içiləndə dərd verir su da. Oturub səhnədə baş verənlər baxa bilməyəcəyəmsə, başımı aşağı salacağamsa, bu nəyə lazım olur?

- Deyəsən sərt və tərs üzünüz də var?

- Var. 30 illik rəfiqəmi, sənət dostumu bir səhvinə görə silmişəm. Birlikdə tələbəliyimiz olub, ömrümüz birlikdə keçib.

- Barışmağa cəhd etsə, barışmazsınız?

- Yox. Mən nə dava edirəm, nə hansısa pis sözlər deyirəm. Sadəcə həyatımdan uzaqlaşdırıram. Görünür bu da həyatın gətirdiyi xarakterdir. Zamanla dəyişirik, dərdlərə dözümlü, insanlara dözümsüz oluruq, bəzi şeylərə daha fərqli baxırıq. Elə səhvlər var ki, gərək onu buraxmayasan. Yaxşı qızdı, mərd qızdı, amma bağışlaya bilmirəm. Kəsdimsə kəsdim.

- Axı hiss olunur ki, siz onu çox istəyirdiniz. Bəlkə elə buna görə də çox incimisiniz?

- Hə çox istəyirəm. Bəzən çox görmək istəyirəm onu. Amma sora da görmək istəmirəm. O kitab bağlanıb.

- Başına bir iş gəlsə də, getməzsiniz?

- Dua edirəm heç nə olmasın. Əlimdən nə gəlsə balalarına kömək edərəm, uşaqlarını çox istəyirəm, amma barışmaram.

- Çox zaman sənət adamları oğlunun, qızının eyni sənətdən olan adamla ailə qurmasına “razılıq vermərəm” deyir. Siz necə?

 - Yox niyə ki? Ağıllı - başlı adamlar olsa niyə razı olmayım? Teatrda bir qız xoşuma gəlmişdi. Gözaltı eləmişdim onu. Düşünürdüm ki, bu mənim gəlinim ola bilər. Amma hər şey bizim istəməyimizlə deyil də. Gərək gənclər də istəyə.

- Elə hər istədiyinə razı olarsınız?

- Yox əlbəttə. Özbaşına qoysan, ya halvaçı, ya zurnaçıya qismət olarlar. Məsləhət vermək lazımdır. Ürəyimcə olmayan, xoşbəxt olacağına inanmadığım birini seçsələr, ömrüm boyu qəbul eləmərəm.

- Üzünüzdə bir zəhm var. Sanki “yaxınlaşma, öldürər!” havası. Gözəl xanımsınız, niyə belə?

- İstəmirəm yaltaqlanıb, yalandan xoş söz deyələr mənə. Bu qıcıq yaradır. Qadın, kişi fərq etməz, hamıyla müəyyən sərhəd çərçivəsində davranıram.

- Atanızla yaşayırsınız. Tamaşalarınıza gəlib baxır?

- Yox. Nə anam gəlmişdi, nə atam. Amma mənimlə qürur duyduğunu hiss edirəm. Anam vaxtsız köçdü dünyadan. Şəkər xəstəsiydi, ayağı amputasiya oldu, gözləri tutuldu. Çox əziyyət çəkdi. Atama əlimdən gələn qədər dəstək olmağa çalışıram, istəyirəm ona çox yaxşı olsun. Hərdən deyir ki, sən olmasan mən nə edərəm. Uşaq kimi əzizləyirəm onu. Bilirəm ki, məndən razıdır. Bunu bilmək mənə yetir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9944

Oxşar yazılar