Şəfiqə Axundova
21 yanvar 2023 20:15 (UTC +04:00)

Şəfiqə Axundova

Ömrü boyu tək yaşadı, yeganə oğlu ilə eyni gündə vəfat etdi - Unudulan məşhurlar

Bu gün Xalq artisti, Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın doğum günüdür. Yaşasa idi, 99 yaşı tamam olacaqdı.

Lent.az "Unudulan məşhurlar" rubrikasında bu dəfə Şəfiqə xanım haqqında məlumatları sizə təqdim edir.

Şəfiqə Axundova 1924-cü ildə Şəkidə anadan olub. O, 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyub və bu illərdə Üzeyir Hacıbəylinin tələbəsi olub. 32 yaşında ikən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə təhsil alıb.

Şəfiqə xanımın sənətə gəlməsində böyük bacısı Zümrüd Axundovanın müstəsna rolu olub. O, həmişə bacısı Şəfiqəni dəstəkləyib. Zümrüd universitet müəllimi, həyat yoldaşı isə akademiyanın prezidenti idi deyə, onların evlərinə şəhərin ən ziyalı adamları yığışırdı. Bir gün Zümrüd xanım yazıçı Mirzə İbrahimovdan Şəfiqəni Üzeyir Hacıbəyli ilə tanış etməsini xahiş edir. Mirzə İbrahimov da razılaşır.

Şəfiqə xanım müsahibələrinin birində ustadı ilə bağlı xatirəsini bölüşərək deyib:

“Müharibə illəri idi. Mən cavan vaxtlarımda qırmızıyanaq qız idim. Gəldim dərsə, Üzeyir bəy məni gördü, dedi ki, qalx ayağa. Sənin rəngin niyə belədir? Mən də heç nə demədim. “Gəl bura” – dedi, stolunun arxasına keçib çantasından çörək çıxardı. Çörəyin üstünü kəsib mənə uzatdı, alt hissəsini isə özünə saxladı və mənə dedi: “Sənin rəngin mənim xoşuma gəlmir, ye bunu”. Üzeyir bəy mənə çörəyi uzadanda çox utanmışdım. Bu, həyatım boyu yadımdan çıxmaz”.

O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olaraq tarixə düşüb. Bəstələdiyi ən məşhur mahnıları “Həsrətindən” və “Bu ayrılıq nədən oldu”dur. Bundan başqa, bir çox məşhur müğənninin üz tutduğu “Gəl, ey mehri məhəbbətim”, "Həyat, sən nə şirinsən", "Mehriban olaq", "Hardasan sevgilim, gəl", “Gözlərimin işığı” və s. kimi mahnılar da Şəfiqə Axundovanın bəstələridir.

Şəfiqə Axundova karyerasında özünü doğrultsa da, şəxsi həyatında xoşbəxt olmurdu. Evliliyi qısa çəksə də, bu evlilikdən onun Taleh adlı bir övladı doğulub. Şəfiqə xanım məşhur “Lay-lay” mahnısını oğluna bəstələyib. Yeganə övladı Taleh Hacıyev gənc yaşlarında ruhi xəstəliyə tutulub. Şəfiqə xanım ömrünün sonunacan ailə qurmayıb. O, tək yaşamağa üstünlük verib. Hətta xanım bəstəkar evliliyi barədə danışarkən “Həyat yoldaşım məni başa düşmürdü. Ya ailəni, ya sənəti seçməli idim. “İkisi bir yerdə tutur” deyən adam yarımçıq sənətkardır. Tamamilə özünü sənətə həsr etmək üçün gərək tənha olasan. Mən bu tənhalığı seçdim və özümü sənətə həsr etdim”, deyə münasibət bildirib.

Şəfiqə xanım sağlığında belə bir qalmaqalla qarşılaşıb. Mətbuatda yayılan məlumatlara əsasən, İranda şah dövrü zamanı "Azad Azərbaycan qadını" adlı bir məqalə dərc edilib. Həmin məqalədə qəsdən Şəfiqə xanımın guya açıq-saçıq fotoları yer alıb. Sovet dövründə bu məsələyə görə, bəstəkarı Dövlət Təhlükəsizlik Komitəsinə çağıraraq, ondan izahat alıblar. Hətta Şəfiqə xanım özünü doğruya çıxarmaq üçün xeyli səy göstərib.

Şəfiqə Axundovanın oğlu Taleh Hacıyev çox istedadlı olsa da, anası qədər tanınmırdı. Bu, indi də belədir. Ancaq T. Hacıyevin hələ 18-20 yaşlarında ikən bəstələdiyi "Belə qəmli dayanma" mahnısı çox böyük məşhurluq qazanıb. O, pianoda məharətlə ifa edib, bəstələr yazırdı. Oğlunu hədsiz dərəcədə sevən anası müsahibələrində onun haqqında “Ondan çox nigaranam, mən dünyada olmayanda, o, necə yaşayacaq, nə edəcək? Axı uşaq kimi safdır, köməksizdir. Allahdan ömür istəyirəm ki, onu tək qoymayım bu dünyada”, - deyirdi.

Taleh uzun illər xəstəliklə mübarizə aparsa da, 2008-ci il iyul ayının 26-da Maştağada yerləşən psixiatriya xəstəxanasında dünyasını dəyişir. Talehin ölümü Şəfiqə xanımdan gizlədilsə də, yalnız 40 mərasimindən sonra oğlunun öldüyünü anasına deyirlər. Oğlunu itirəndən sonra dərin sarsıntı keçirən bəstəkar ağır ürək çatışmazlığı xəstəliyinə düçar olur. Ömrünün sonlarını xəstəxanada keçirir. O, 2013-cü ilin iyul ayının 26-da, yəni, oğlunu itirdiyi gün dünyasını dəyişir.

Şəfiqə Axundova 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb, 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

# 5952
avatar

Nigar Namiq

Oxşar yazılar

"Ədəbiyyat adamı” mükafatı təqdim olundu - FOTO

"Ədəbiyyat adamı” mükafatı təqdim olundu - FOTO

26 yanvar 2023 , 16:21
Adı bizimdir, dadı Şəfiqə xanımın - REPLİKA

Adı bizimdir, dadı Şəfiqə xanımın - REPLİKA

26 yanvar 2023 , 16:16
“Şəfiqə danışanı şantaj edir, qorxudur” - Şeyx Əbdül od püskürdü

“Şəfiqə danışanı şantaj edir, qorxudur” - Şeyx Əbdül od püskürdü

26 yanvar 2023 , 15:03
“Əqrəb mövsümü”nün baş qəhrəmanı da ittifaqdan getdi: "Ölü qurumdur"

“Əqrəb mövsümü”nün baş qəhrəmanı da ittifaqdan getdi: "Ölü qurumdur"

26 yanvar 2023 , 14:40
Ceyhun Hidayətli

Qatil kimdir? - “Əqrəb mövsümü”nün müəllifi Lent.az-a DANIŞDI

26 yanvar 2023 , 13:33
“Buyurub gəlsinlər”  – Rasim Balayev istefa verənlərə səsləndi

“Buyurub gəlsinlər” – Rasim Balayev istefa verənlərə səsləndi

26 yanvar 2023 , 12:51
"Kino ittifaqının vəsiqəsini çoxdan cırıb atmışam” - İstefa verənlər Lent.az-a danışdılar

"Kino ittifaqının vəsiqəsini çoxdan cırıb atmışam” - İstefa verənlər Lent.az-a danışdılar

26 yanvar 2023 , 12:14
Kinematoqrafçılar İttifaqında KÜTLƏVİ İSTEFA

Kinematoqrafçılar İttifaqında KÜTLƏVİ İSTEFA

26 yanvar 2023 , 09:26