"Sehirli xalat" filmindən
26 dekabr 2020 17:30 (UTC +04:00)

"Sehirli xalat" filmindən

“Nəğməkar bibi”, “Ana laylası”, "teatrın gözü", dublyajın səsi - əməkdar artistin son müsahibəsi

Lent.az  “Gərdişi-dövran” layihəsində bu gün dünyasını dəyişən əməkdar artist Almaz Mustafayevanın müsahibəsini təqdim edir.

Nədənsə bu xanım yaddaşımın küncündə balaca, qaraşirin, incə səsli qızcığaz kimi qalıb. Deyəsən, bu obraz “Sehirli xalat” filmindən yaranıb. Amma bir də tez-tez oxuduğu mahnı ilə xəyalıma gəlir. Çox incə, məlahətli səslə oxuyurdu

 

Məclislərin gözü mənəm, gözü mən,

Elin ürək sözü mənəm, sözü mən.

Harda bir xoş nəğmə olsa, xoş nəğmə,

O nəğmənin özü mənəm, özü mən.

 

Gənc Tamaşaçılar teatrının səhnəsindən birbaşa televiziya ilə nümayiş olunan uşaq  tamaşalarını xatırlayıram. “Mənim nəğməkar bibim”, “Ana laylası” tamaşalarında onun canlı ifasını xatırlayıram. Yuxarıdakı mahnı da elə o tamaşalardan birindəndir  “Ana laylası”ndan.

Söhbət Gənc Tamaşaçılar Teatrının aktrisası Almaz Mustafayevadan gedir. Görkəmi, üzünün ifadəsi o qədər məsum uşaq kimidir ki, indiyə qədər teatrda uşaq rolları oynayır, dublyajda uşaq rollarını səsləndirir.    

 

“Ana laylası”nın Baharı

 

 

“O tamaşa 7 yaşdan 70 yaşa qədər hamını maraqlandırırdı. Rayona qastrola getmişdik. Küçə ilə gəzirdik, evlərin pəncərəsindən öz ifamın sədasını eşidirdim.

Uşaqlıqdan oxuyurdum, bütün günü. Yaxşı səsim vardı, məni məktəbdən Əfsər Cavanşirovun xoruna seçdilər. İndiyə qədər radionun qızıl fondunda uşaqlıq səsim var. Bir gün xordan məni telerejissor Nazim Zeynalov seçib apardı televiziyaya. Televiziyada “Gecəniz xeyrə qalsın, balalar” verilişində rollar oynayırdım.  Televiziyada hansı verilişdə uşaq çıxışı olurdusa mən orda idim. Bir gün də məktəbimizə kinoya çəkməyə uşaq axtarmaq üçün gəlmişdilər. Sinif rəhbərimiz məni göstərib dedi ki, bizim özfəaliyyət dərnəyimizin fəalıdır. Apardılar kinostudiyaya, orda da rəhmətlik Əlisəttar Atakişiyevlə tanış oldum.  Filmin sözlərini əzbərlətdilər, sonra da danışdırıb qulaq asdılar. Məni “Sehirli xalat”  filminə Zərifə rolu üçün seçdilər, sonra nədənsə Zərifəyə yox, Səyidə roluna çəkdilər. Əlisəttar Atakişiyev bir gün əlimdən tutub dublyaj redaksiyasına apardı. Dedilər ki, bu gündən bütün uşaq rollarının səsini sən yazdıracaqsan.  Çoxlu qonorar yazırdılar, pulu mənə vermirdilər, atam gəlib alırdı. Ailəmiz imkanlı idi, o pula ehtiyacları yox idi, özümə xərcləyirdilər, qəşəng səhnə paltarları alırdılar mənə.

Anam evdar qadın idi, atam ixtisasca hüquqşünas olsa da bir dövlət idarəsində baş mühasib-müfəttiş işləyirdi. Atam Şuşalıdır. Özü də deyirdi ki, Şuşalı yox, Qalalıyam.  Hər ikisini yaxşı səsi vardı. Ümumiyyətlə teatra, mədəniyyətə meylli idilər. 

Mənim də səsim onlardan keçib. Deyirdilər ki, get oxu, sən müğənnisən. Düşünürdüm ki, Şövkət xanımın yanında mən nə karəyəm oxuyam. Həm də görünür, teatr daha çox cəlb etdi məni.  Bir gün atam dedi ki, kinostudiyanın nəzdində kinoaktyor kursları açılır, imtahan olacaq, get sına özünü. Cənnət Səlimova imtahan götürürdü, çox xoşuna gəldim. Artıq orda oxuyurdum, Cənnət xanım Gənc Tamaşaçılar Teatrında Ə. Əylislinin “Mənim nəğməkar bibim” əsərini tamaşaya hazırlayırdı, məni də dəvət etdi. Sonra elə oldu ki, tamaşa hazırlanmadı, amma mən teatrda işləməli oldum. Kino kurslarını qurtarandan sonra bir filmdə rejissor köməkçisi işlədim. Teatrda artıq məşğul idim, tamaşalarda oynayırdım.  İlk rollarımdan biri İsgəndər Coşqunun “Tülkü həccə gedir” tamaşasında baş rol idi. Təəssüf ki, o vaxtlar tamaşalarımızın heç biri yazılmayıb.

 

İlk baxışdan məhəbbət

 

Bir gün küçədə tanış rəssamla rastlaşdıq, yanında da bir dostu vardı bizi tanış elədi. Vaqif Mustafayev adlı bu oğlan Moskvada V. Zaytsevin kursunu bitirmişdi. Vaqif Azərbaycanda ilk təhsilli modelyer-rəssam idi. Tez-tez görüşürdük, bizə birlikdə çox xoş olurdu. Görüşlərimiz evliliklə nəticələndi. İki oğlumuz dünyaya gəldi, çox xoşbəxt idik. Ehtiyac nədir bilmirdim. Elə bir insan idi ki, tutaq ki, kinoya baxdığımız yerdə orda balıq bişirirdilər, deyirdim ki, lap balıq istədim. Hökmən gedib balıq alıb gətirirdi. Həyatımın ən gözəl illəri onunla yaşadığım illər olub. Çox təəssüf ki, tez köçdü həyatdan. Birdən birə ürək tutmasından dünyasını dəyişdi. O vaxtdan mənim də dünyam dəyişdi. Əvvəla uşaqlar balaca idilər, bütün məsuliyyət tək mənim boynuma düşdü. Özüm də bir uşaq kimi onun qayğısına sığındığım halda birdən-birə iki valideynin funksiyasını yerinə yetirməli oldum. Çətin oldu, maddi sıxıntılar yaşadım. Sağ olsunlar ki, teatr şərait yaratdı uşaqları böyütdüm.  Mustafanın 15, Turalın 12 yaşı vardı. İndi şükür Allaha böyüyüblər. Mustafa atasının yolu ilə getdi, rəssamdır.

 

Acların sırasında bir nəfər də artdı

 

 

İkisi də məktəbi yaxşı oxuyublar, istəmirdim sənət arxasınca getsinlər. Mustafa uşaq rəsm müsabiqəsində birinci yeri tutmuşdu, o xətlə də getdi rəssamlığa qəbul oldu, rəssam  oldu. Tural isə Tibb Universitetinə hazırlaşırdı. Qəbul üçün çox az balı çatmadı. Dedim get tibb texnikomuna, boş qalma. Getdi daxil oldu.  Sonra rəhmətlik Vaqif İbrahimoğlu onu öz teatrında işə götürdü ki, maddi çətinlikdən bir az qurtaraq.  Tural texnikomu qurtarıb diplomu gətirib verdi mənə ki, mən gedirəm incəsənətə. Yıxıldım qapının ağzına ki, ölüm, meyidimin üstündən keç get incəsənətə. Vaqif dedi ki, əgər mənim kursumda bir nəfər Tural kimi uşaq olsa bilərəm ki, əziyyətim hədər getməyib. Saqqızımı oğurladılar razılıq verdim. Dedim get, acların sırasında bir nəfər də artdı. Şükür, yanılmadıq. Şükür ki, atalarını əlimdən tez alan Allahım uşaqlarımı ağıllı verdi mənə.  Hər ikisi ağıllı, istedadlı, pis vərdişləri yoxdur. Mustafa teatr tamaşalarına quruluş verir, Tural Lənkəran teatrının rejissorudur. İkisi bir yerdə iş qururlar. Fəxr edirəm onlarla. Hardasa siz Turalın, Mustafanın anasısınız – deyiləndə çox sevinirəm. Tural Polşada Krakov şəhərinin teatrında təcrübə keçdi.  Mustafanın yoldaşı Opera Teatrının solistidir, Elyanora Mustafayeva. İki nəvəm var, bir yerdə yaşayırıq. Təklif etdim ki, istəsəniz ayrı yaşaya bilərsiniz, gəlinim dedi yox, bir yerdə yaşayaq.

Teatrda “Ah, qadınlar, qadınlar”, “MSS” tamaşalarında böyük rollarda oynadım. Uşaq tamaşalarında da həmişəki kimi rollarım var, indiyə qədər uşaq rolları oynayıram. Əsas işim dublyajdadır, səsim bütün yaşlara uyğundur.71 yaşım var, çox istərdim ki, teatrda mənə uyğun bir tamaşa qoyulsun, mənim üçün rol olsun.  Rusiya kinosunda, teatrında o qədər balaca boylu aktyorlar var ki, onlar üçün məxsusi rollar yazılır. Görək, yəqin olar.”

 

 

# 6765
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar