Muzeylərimizdə ən bahalı əsərlər hansılardı? – Zinət əşyaları, əl işləri...
01 iyun 2022 14:28 (UTC +04:00)

Muzeylərimizdə ən bahalı əsərlər hansılardı? – Zinət əşyaları, əl işləri...

Bu günlərdə dünya Fransanın Luvr muzeyində məşhur “Mona Liza” əsərinin üstünə tort atılması xəbəri ilə səksəndi. O “Mona Liza” ki, 500 ildir böyük mütəfəkkirlər ünvanına müxtəlif sirlər yaraşdırır və sonra da bu sirləri çözməyə çalışırlar. “Mona Liza” qalın şüşə divarların arxasında saxlandığı üçün  tort parçası ona zərər verə bilməzdi, amma muzey bir daha əsərin daha diqqətlə qorunması üçün təhlükəsizlik tədbirlərini gücləndirdi. Zarafat deyil, mütəxəssislər hazırda bu əsərin 2 milyard avro qiyməti olduğunu düşünürlər. Hətta bir neçə il öncə  “Mona Liza”nın  1600-cü ildə çəkilmiş dəqiq surəti  Parisdəki “Artcurial” satış evində hərraca çıxarılaraq 230 min dollara  satılmışdı.

Bu arada bir maraqlı faktı da  demədən keçmək istəməzdim. Çində istənilən  rəsm əsərlərinin surətini çıxartmaqla məşğul olan bir kənd var. Həmin kəndin insanları son 5 ildə ancaq “Mona Liza”nın surətini yaratmaqla məşğuldur. Bütöv bir kəndin insanları bu əsəri Vinçi kimi dəqiqliklə çəkir və öz texnikalarını dünyadan gizli saxlayırlar.  “Mona Liza” bütöv bir kəndin ilham və qazanc mənbəyi olmağa davam edir. 


Bəs bizim muzeylərimizdə “Mona Liza” qədər bahalı olmasa da qiymətli eksponatlar varmı, varsa necə qorunur?
Öncə qeyd edək ki, Azərbaycanda 201 muzey fəaliyyət göstərir: bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir. Eyni zamanda Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər fəaliyyət göstərir. 


Həmin muzeylər sırasında Azərbaycan Dövlət İncəsənət Muzeyini, Azərbaycan Tarix Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Azərbaycan Xalça Muzeyini, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və Azərbaycan İstiqlal Muzeyini göstərmək olar.
İlk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb. 


Dünyada ilk Xalça Muzeyi Azərbaycanda yaradılıb. Kolleksiyası Ginnesin Rekordlar Kitabına salınmış Miniatür Kitab Muzeyi də  Bakının qismətinə düşüb.

“Azərbaycan Xalça Muzeyi”nin  sərgi zallarında və fondunda tunc dövründən bu günümüzə qədər olan dövrü əhatə edən 13 min 300-dən çox eksponat qorunub saxlanılır. Muzeydən Lent.az-a verilən məlumata görə, burda qorunan  iki qədim  milli xalçanı – XVII əsr Qarabağ məktəbinə aid “Əjdaha xalçası” və XIX əsr Şirvan məktəbinə məxsus “Salyan xiləsi”ni muzeyə Şərq xalçası və tekstili üzrə Çikaqo cəmiyyətinin üzvü mərhum Qrover Şiltsin həyat yoldaşı Beverli Şilts hədiyyə edib.   Xalça Muzeyinin digər qiymətli eksponatı XVIII əsrə aid “Xilə Əfşan”dır. Əsli Böyük Britaniyanın Viktoriya və Albert Muzeyində saxlanılan “Şeyx Səfi” xalçasının surəti də  böyük maraqla qarşılanır. Muzeydən xalçalrın qiyməti barədə dəqiq məlumat verilməsə də qeyd edilir ki, burda zinət əşyaları, əl işləri, qədim parça və tikmə növləri də qorunur və hər eksponatın qorunma şərti özünəməxsusdur.

Azərbaycanda qoruq muzeylər də fəaliyyət göstərir. Belə muzeylərə açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər daxildir. Bu muzeylərin sırasında Azərbaycanda Şəki Xan Sarayı, Qobustan qayalıqları, Şirvanşahlar Kompleksi, Möminə Xatun məqbərəsi və başqa abidələri misal çəkmək olar.

Ən bahalı muzeylərimizdən olan Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında 18000-ə yaxın eksponat qorunur.  Dünya təsviri və tətbiqi sənətinin bütün növlərini dolğun əks etdirən muzeydə Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin və milli mədəniyyətimizin çoxlu sayda  orijinal nümunələri sərgilənir. Muzey kolleksiyasında olan dəyərli sənət nümunələri müxtəlif hərraclardan əldə edilib və ya kolleksiyaçılar tərəfindən hədiyyə olunub. Muzeyin eksponatları dəfələrlə dünya turlarına  da çıxıblar. Məsələn  Kanada (1966), Kuba (1967), Suriya (1968), Fransa (1969), Çexoslovakiya (1970), Əlcəzair (1970), İraq (1971) və sair ölkələrdə  bizim muzeyin eksponatları sərgilənib və maraqla qarşılanıb.
Muzeydən ən bahalı eksponatın qiymətinin nə qədər olması barədə məlumat verilmədi. Çünki bu maddi olduğu qədər də, mənəvi dəyər hesab olunur. 
O ki qaldı, əsərlərin mühafizəsinə, şəxsən özüm muzeydə gəzərkən eksponatlara toxunmağın mümkünlüyünü  müşahidə etdim. İstənilən əsərə toxunmaq da mümkündür, “tort atmaq” da. Tamaşaçı az, muzey böyükdür deyə gələn qonaqların heç də hamısı ilə nəzarətçilər yaxından maraqlanmır, kənardan  müşahidə ilə kifayətlənirlər. Bu anlamda muzey  təhlükəsizlik tədbirlərini gücləndirsə, daha yaxşı olar. Əlbəttə müşahidə kameraları var, amma eksponata zərər dəydikdən sonra hərəkətə keçmək gec ola bilər. Təbii ki, muzey eksponatlarına zərər verməyin ağır cəzası da var.


Muzey haqqında qanuna görə, muzey fondlarına daxil olan sərvətlərin mühafizəsi və qorunması dövlət tərəfindən həyata keçirilir. Muzey fondlarına daxil olan muzey sərvətlərinin uçotu və mühafizəsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


Qiymətli muzey əşyalarının mühafizə olunduğu dövlət muzeylərində mülkiyyətçilərin müqavilə öhdəliklərini yerinə yetirə bilməmələri səbəbindən muzeylərin mühafizəsini dayandırmaq, enerji və rabitə vasitələrinin kəsilməsi qadağandır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3948
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar