Lenin Qabilə niyə yol vermirmiş? -  Məşhurlardan gülməcələr
28 oktyabr 2022 16:02 (UTC +04:00)

Lenin Qabilə niyə yol vermirmiş? - Məşhurlardan gülməcələr

Lent.az “Məşhurlardan gülməcələr” rubrikasına davam edir. Bu dəfə dodağınıza təbəssümü Xalq şairi Qabil qonduracaq.

Bir dəfə Vaqif Səmədoğlu avtomobili ilə Qabilin maşınını ötüb keçir. Qabil siqnal verib Vaqifi dayandırır, əli ilə işarə edir ki, düş bura gəl.

Vaqif özündən yaşca xeyli böyük olan dostunun xətrinə maşından düşüb gəlir. Qabil başını maşının pəncərəsindən çıxarıb soruşur: “Atam-qərdeşim, sən at minmisən, mən eşşək? Xeyir ola, məni ötüb keçirsən? Qazını al, atam balası”.

***

Bir gün Qabil Vaqif Səmədoğlunun evinə qonaq gəlir. Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanım qonağa çay gətirir. Qabil anidən üzünü ev sahibinə tutub soruşur:

- Vaqif, sən Nüşabə bacini xaricə tək buraxarsan turist kimi?

- Yox, buraxmaram.

- Amma mən Bəyimi buraxaram (Bəyim şairin xanımının adıdır-red.). Əşşi, kimdir onun sifətinə baxan?

***

Bir gün Qabil maşınla Şüvəlandan gəlirmiş. Montin qəsəbəsinə gedən geniş yolun başlanğıcında maşını saxlayır, gözləyir ki, yolun ortasında dayanan polis ona yol versin. Beş dəqiqə, on dəqiqə keçir, siqnal verir, ona yol verən olmur. Axırda əsəbiləşib maşından düşür və hirslə qışqırır:

- Alə, nə qədər gözləmək olar, nöşün yol vermirsən?

Bu zaman bir nəfər ona yaxınlaşıb gülə-gülə deyir:

- Ay yoldaş, yolun ortasında dayanan milisioner deyil, heykəldir, Leninin heykəli.

-  Həri, bəs, nöşün yol vermir, arxasını mənə çevirib, üzümə də baxmır heç?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3240
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar