“Kişi bunu elə eləməlidir ki, evdə qadın bilməsin” – Xalq artisti ilə MÜSAHİBƏ
29 mart 2023 14:58 (UTC +04:00)

“Kişi bunu elə eləməlidir ki, evdə qadın bilməsin” – Xalq artisti ilə MÜSAHİBƏ

Lent.az-ın müsahibi teatrda və kinoda onlarla maraqlı obraza həyat vermiş aktyor, Xalq artisti Tariyel Qasımovdur. 

- Tariyel müəllim, 84 yaş üçün çox qıvraqsız. Yəqin xanım sizə yaxşı baxıb?

-  Hə düz tapdınız, cavan qalmağımın səbəbkarı xanımımdır. İkinci xanımımdır, mənə balaca uşağa baxan kimi yaxşı baxır.

 -  Onun neçə yaşı var?

- 60.

-  Harada tanış olmuşdunuz? Həmkarınızdır ya necə? 

- Dağıstanda. Dərbənddə Azərbaycan Dövlət Dram Teatrı yaradıldı. O vaxt mədəniyyət nazirimiz olan Polad Bülbüloğlu məni həmin teatra həm bədii rəhbər, həm də direktor olaraq təyin etdi. Ona qədər eyni qaydada Qazax rayonunda bağlanmaqda olan teatrı dirçəltmişdim. Orda da direktor və bədii rəhbər olaraq işləmişdim. Təcrübəliydim.  Getdim Dərbəndə. İndiki xanımım orda hüquq fakültəsində oxuyurdu. Tez - tez teatrdakı  qohumlarının yanına gəlirdi elə tanış olduq.

- İndi də işləyir?

- Yox, evlənəndən sonra işləməsinə icazə vermədim.

- Bəs birinci xanımdan nə üçün ayrıldınız? Bildiyimə görə o da həkim imiş. 

- Mənim birinci ailəm çox gözəl, hətta mükəmməl idi. Hamı bizi başqalarına örnək göstərirdi. Dərbəndə gedəndə ailəmi aparmadım. Bir gün Bakıya gələndə yaşadığım binanın həyətində MİS işçisi qabağımı kəsdi, dedi sizin ailəniz bir ildir kommunal borclarını ödəmir. Heyrət elədim. Yaxşı qazanırdım və ailəm korluq çəkməsin deyə evə tez-tez pul göndərirdim. Gəldim evə xanımımdan səbəbini soruşdum. Mənimlə çox soyuq danışırdı. Mənim Dərbənddə evləndiyimi düşünürmüş. Söz-söhbət yarandı. Mənə çox xoşagəlməz bir ifadə işlətdi. Burda onu dilə gətirə bilmərəm. Təhqiramiz ifadə idi. O sözdən sonra onu bağışlaya bilməzdim. Ayrıldıq. Məhkəmədə bizim işimizə baxan hakim qadın idi. O dedi ki, hamının hörmət etdiyi bu adamla niyə ayrılırsınız? Hələ bir etiraf da etdi ki, tələbə vaxtı onlar eyni otaqda qalan 5 qız mənə görə bir - birləri ilə mübahisə də ediblərmiş. Mən nə üçün ayrılmaq istədiyimi hakimə dedim. Boşandıq. Qızım orda mənə “istəyirəm sən gəbərəsən (çtobı tı zdox)” dedi. Qızımla o gündən bu günə qədər danışmırıq. Dünya dağılsa da, onu bağışlamaram. Mən nə qədər mülayim və mehribanamsa, o qədər sərt və kinliyəm.

- Qızınızın xəstə uşağına sizin adınızla efirlərdə pul yığılması da gündəm oldu bir ara. Onda birinci ailənizlə birlikdəydiniz?

- Siz haralara getdiniz çıxdınız? Bəli, mən o uşağın müalicəsinə yardım etdim, xeyli xərc çəkdim. Amma həkim demişdi ki, bu elə bir xəstəlikdir ki, müalicə faydasızdır, yaşamayacaq, yaşamadı da. Sonradan görüşmədim. 

- Amma oğlunuzla danışırsız...

- Hə oğlumla çox yaxşıyıq, evi də onun adına keçirdim, maşın da aldım. Çünki bir dəfə də məhkəməyə gəlmədi, məni anlayışla qarşıladı. Oğlumu çox istəyirəm. Anası ilə yaşayır. Onun maşını mənimkindən bahadır, soruşanda da deyir sən İskəndər kişinin oğlusan, mən Tariyel Qasımovun. 

- Evlidir?

- Taleyi gətirimədi. Çox təmtəraqlı toy eləmişdim ona. Toyun səhəri günü gələn bir telefon zəngiylə ailəsi dağıldı. Ondan sonra da evlənməyib. Qız axtarırıq ona. 

- Boşananda neçə yaşınız olardı?

- 50-55.

- Bəs nə qədər müddət sonra yenidən evləndiniz?

- 1 ay sonra.

-  Deyirlər ikinci dəfə evlənəndə də təmtəraqlı toy etmisiniz...

- Bu onun ilk evliliyi idi. Ailəsi elə istədi. Mən də toy etdim.

-  İkinci evlilikdən övladınız oldu?

- Əvvəllər mən istəmədim, sonra da alınmadı. Buna peşmanam. – 

- Bir müsahibənizdə atanızın çox sərt adam olduğunu demişdiniz. O cür kişi sizin aktyor olmağınızı necə qarşıladı?

- Çox pis. 10 il dindirmədi məni. Atam kolxoz sədri idi. Bir də fəxri ad alanda barışmışıq. Məni mühəndis görmək istəyirdi, mən Bədən Tərbiyəsi İnstitutunda oxuyurdum, ordan ixtisasımı dəyişməyi planlayırdı. Elə birinci kursdan Lütfi Məmmədbəyovun teatr dərnəyinə qoşuldum. Bu arada qeyd edim ki, biz Lütfi müəllimlə ikimiz eyni gündə Xalq artisti adını almışıq.  Bir gün Lütfi Məmmədbəyovun dərnəyi barədə “Mədəniyyət və İncəsənət” qəzetində məqalə yazıldı, şəklimiz çıxmışdı. Mən, Həsən Əblüc, Şahmar Ələkpərov dost idik. Bu dərnəkdə birlikdə başlamışdıq. Kənddən də kimsə qəzeti aparıb atama göstərib. Atam anamı dalımca Bakıya göndərdi. Dedi ya artistliyi buraxsın, ya da o adda oğlum yoxdur. Getmədim. Pul zad da göndərmədi mənə. Şahmargildə qalırdım. Birinci kursdan teatrda işləyib maaş almağa başladım. İllər sonra niyə aktyor olmaq istəmədiyimin sirrini də açdı. Dedi o vaxt kəndimizə dilənməyə qoca ər - arvad gəlirmiş. Cavan vaxtı aktyor olublarmış. Atam mənim də qocalıb çətin günlər yaşamağımdan qorxurmuş.

- Amma siz ən pullu aktyorlardan oldunuz. 

- Bəli, bu da bir qismət idi.

- O zamanlar Azərbaycanın üzdə olan ən yaraşıqlı aktyorlarından biri idiniz . Yəqin, çoxlu sayda sevgi macəraları, etiraflar olub.

- Mənə yazırdılar. Hətta atamın üstünə məndən ötrü məktub yazanlar olmuşdu. Qadınlar tanışlıq təklif edirdilər, mən yox. Mən çox ciddi, sərt adam idim. Düzdür, komediya rollarında da oynamışam. Hətta bir dəfə Səyavuş Aslan demişdi ki, komediyanı Tariyel Qasımov kimi oynamaq lazımdır. Amma iş ayrı, həyat ayrı.

- Bəs qadınların istəklərinə nə reaksiya verirdiniz?

- Kişi bunu elə eləməlidir ki, evdə qadın bilməsin. 

- Bu macəralarla bağlı başınıza bəla gəlib?

- Allahın istəkli bəndəsiyəmmiş. Bir dəfə ölümdən dönmüşəm. Tacikistanda. 1969-cu ildə "Tacikfilm" kinostudiyası məni "Rüstəm və Söhrab" adlı 3 seriyalı filmə dəvət etmişdi. Çəkilişlər zamanı bir qız mənimlə tanış olmaq istədi, evinə dəvət etdi. Evə getdik, qapını açdı, içəridə 4-5 kişi tüstü duman. Anaşa çəkirdilər. Qız məni içəri otaqlardan birinə salıb getdi. Az sonra qayıtdı, dedi tez gedək burdan. Sonradan bildim ki, bu qız tanış olduğu adamları evə gətirir, evdəki yoldaşları da həmin adamı qarət edir, döyürmüş. Mənim Azərbaycandan gələn aktyor olduğumu biləndə, çəkiniblər, biliblər ki, milis izləyir. Beləcə bu məsələ xəta-bəlasız ötüşdü.

- Xarici ölkələrin filmlərinə çox çəkilmişdiniz. Niyə sizi hamıdan çox dəvət edirdilər?

- "Özbəkfilm", "Türkmənfilm", "Mosfilm" və Almaniyanın "DEFA" film kinostudiyalarında filmlərə çəkilmişdim. Birinci faktura rol oynayırdı. İkinci istedad. Üçüncüsü də mən SSRİ Kinematoqrafçılar İttifaqının üzvü idim. Rüstəm İbrahimbəyovla təsadüfi tanışlıqdan sonra bu ittifaqa üzv oldum. Filmləri üçün aktyor axtaran rejissorlar şəklimi görüb dəvət edirdilər. 

- Almaniyadakı çəkilişlər maraqlı anlarıyla yadda qalmış olar.

-  Hə, elədir. Almaniyada aktyorlara çox yaxşı şərait yaratmışdılar. Mayor rolunda çəkilirdim. Çox yaxşı qonorar verirdilər. Hətta bir dəfə Rasim Balayevə dedim ki, sənin Babək rolunda bir ilə qazandığını mən bir ayda qazanmışam. Ora gedəndə yanıma tərcüməçi adıyla DTK-nın bir əməkdaşını da qoşmuşdular. Qəşəng qız idi, hara gedirdim qarabaqara izləyirdi məni.

- 80 illik yubileyinizdə ananız da iştirak etmişdi. 99 yaşındaydı onda. Neçə il yaşadı?

- Hə, elədir. Bir maraqlı fakt danışım. Anam o yubileydə dedi ki, gələn il 100 yaşım olacaq, hamınızı dəvət edirəm. Tamaşaçılar ayaq üstə alqışladılar. Evə gələndə maşında dedim, ay ana, sən inşallah o qədər yaşayacaqsan e, bəs 500 qonağı biz necə yola salacağıq. Dedi bəyəm sən Prezident  təqaüdçüsü deyilsən? Həm bir az da sandığımda var. Narahat olma. Düzdür, 500 nəfərlik yubiley etmədik, amma anam 101 il yaşadı. 

- Səhnə üçün darıxırsınız?

- Yox. Amma kino üçün darıxıram. Kinoya çəksələr, çəkilərəm. Yaxşı ssenari olsa. Bir dəfə məni seriala çəkilmək üçün dəvət etdilər, getdim rejissorla görüşüm, gördüm cavan uşaqlardır, nə kino təhsilləri var, nə təcrübələri. Atası pul ayırıb, bu da olub rejissor. Belə şeyi mən qəbul edə bilmərəm.

- Necə düşünürsünüz səhnəyə çıxmaq gücünüz var?

- Əlbəttə. Əli əsmir, belim bükülməyib, səsim-nəfəsim yerində. Bu yaxınlarda Mingəçevir teatrının direktoru orda işləməyə dəvət edib. Məni, Valeh Kərimovu, bir də Natiq Əliyevi.  Gənc tamaşaçılar Teatrında da bir tamaşada oynamağa dəvət almışam. 

- Şöhrət ağır yükdür?

- Vallah, küçədə hər görən görüşüb öpmək istəyir. Xanımlara sözüm yoxdur, kişilərin tutub məni öpməsi xoşuma gəlmir. Kişilər öpüşməz, bunu qəbul edə bilmirəm.

# 30468
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar