1960-cı ildə Azərbaycan radiosunda bal kimi şirin, ana laylası kimi həzin bir musiqi səsləndi. Radio dalğalarından bir başa ürəklərə axdı və düz 63 ildir o musiqinin sehrindən çıxa bilmirik. Mahnı paralel olaraq həm Azərbaycan, həm İraq radiosunda səslənib. Hətta İraqın Kərkük vilayətində bu mahnını “ninni” deyə uşaqları yatırtmaq üçün dinlədərmişlər (ninni - laylay, nənni beşik mənasını verir).
Söhbət Nərminə Məmmədova və Sinan Səidin ifasında səslənmiş “Evlərinin önü yonca” (başqa adla “Ninnə yavrum”) Kərkük xalq mahnısından gedir. Bu gözəl əsərin maraqlı yaranma tarixçəsi var.
Lent.az "Bir ulduz axd" layihəsində bu şirin mahnının ifaçıları barədə danışacaq.
Nərminə Məmmədova 1932-ci ildə Qazaxda ziyalı ailəsində anadan olmuşdu. Atası xalq düşməni kimi sürgün edildikdən sonra evləri əllərindən alınmış, ailə çətin vəziyyətə düşmüşdü. Yalnız 1959-cu ildə atasına bəraət verilmiş, ailənin üzərindən qara damğa götürülmüşdü. Nərminənin səsini tez-tez Şövkət Ələkbərovanın səsi ilə dəyişik salırdılar. Bu utancaq, əsmər gözəl ekranlara çıxmağa çəkinər, hər kəs onun yalnız səsini tanıyardı. 30 il müğənni kimi fəaliyyət göstərsə də, bir dəfə də konsert verməmişdi. Bəlkə də utancaqlığı mane olmuşdu.
Nərminə Məmmədovanın çox qəribə taleyi olub. Sevdiyi adamın - yəni gələcək əri Ramiz Qiyasbəylinin ailəsi müğənni olduğuna görə, Nərminəyə elçi gəlmək istəməyiblər. Ramizi Səməd Vurğunun qızı Aybənizə nişanlayıblar. Lakin nişan çox keçmədən pozulub. Ramizin inadkar ailəsi bu dəfə onu başqa bir xanımla zorla evləndirsələr də, bu ailənin ömrü cəmi bir həftə çəkir, Ramiz boşanır və yenidən Nərminəyə elçi düşür. Gənclər evlənirlər. İllər sonra bu evlilikdən Sevinc adlı bir qızları dünyaya gəlir.
Ramiz Nərminəni yerə-göyə qısqanırdı. Elə buna görə onun sənətinə məhdudiyyətlər qoyurdu. Nərminə övladı doğulduqdan sonra demək olar ki, sənətdən uzaqlaşıb, özünü ailəsinə həsr etmişdi.
Sinan Səidlə o məşhur mahnının məşqləri bəstəkar Hacı Xanməmmədovun evində gedirdi. Səsyazma və məşq prosseslərinin hamısında Ramiz Qiyasbəyli də iştirak edirmiş. Hətta deyilənə görə, Nərminə ərinin qısqanclığındanmı, ya utancaqlığındanmı, məşqlərdə Sinanla oxuyarkən pəncərənin pərdəsi arxasında gizlənirmiş, Sinan onu görmürmüş.
Nərminə Məmmədova 70-ci illərdən etibarən demək olar ki, daha səhnəyə çıxmayıb. 80-ci illərdə iki dəfə infarkt keçirib, 1997-ci ilin mart ayında isə bulaq səsli qadın həyatdan köçüb. Amma elə bir tək bu ifası onu əbədiyaşar edib.
İndi qayıdaq onun kərküklü Sinan Səidlə duetinə.
Sənətçi, şair və jurnalist Sənan Səid 1934-cü ildə Kərkük şəhərində anadan olmuşdu. Əsl ixtisası rəsm müəllimliyi idi.
1959-cu ildə SSRİ-də Beynəlxalq Radionun ərəb şöbəsi fəaliyyətə başlayarkən Sinan Səid müqavilə əsasında Bağdad radiosundan Bakı radiosuna təyinat alır və 1970-ci ilə qədər Bakı Radio və Televiziya Komitəsinin ərəbcə verilişləri şöbəsində işləyir.
Sinan Səid mahir diktor idi, ərəb, kürd, fars, ingilis, rus, türk və Azərbaycan dillərini bilən Sənan Səid öz ölkəsində publisistik fəaliyyətlə yanaşı, rəssam, xəttat və saz ifaçısı kimi tanınırdı. Bizim üçünsə o sehrli mahnının naməlum ifaçısıydı.
Bakıda olarkən Sinan Səid yüksək əmək haqqı alır, həftəlik "Ərəbin gözü ilə" verilişini yazır, “Xəbərlər”in türk dilində variantından tərcümələr edirdi. O, bir Azərbaycan vurğunu idi. Bakıda ona ikiotaqlı mənzil və “Volqa” maşını verilmişdi.
Bu mahnının araya-ərsəyə gəlməsində Sinan Səidlə birlikdə radioda işləyən mərhum jurnalist Nahid Hacızadənin rolu olub. Sinanın zümzümə ilə “Ninnə yavrum” oxumasını eşidən jurnalist onu dilə tutur ki, bu gözəl mahnını radioda oxusun. Sinan ona qədər heç bir yerdə mahnı ifa etməmişdi. Öncə qəti etiraz edən diktor bu mahnını bir peşəkar qadın müğənni ilə ifa etmək şərti ilə nəhayət ki, razılaşır.
Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Flora Kərimovanın səslərini dinləsə də, axtardığı səs başqaydı. Naəlac qalıb, Sara Qədimova ilə bu mahnını yazdırır, lakin mahnı efirə getməzdən bir neçə gün öncə radioya məşqə gələn Nərminə Məmmədovanın oxumağını eşidir. Səsinə valeh olur. Nərminə xanım Kərkük mahnısını oxumaq istəmir. Birincisi əri bir kişiylə duet oxumasını istəmirdi, ikincisi Kərkük ləhcəsində oxumağa çəkinirdi.
Lakin Nərminə xanım da, qısqanc ərini də yola gətirmək olur, beləcə “Qızıl Fond”umuzda əbədi yaşayacaq o gözəl mahnı “Ninnə yavrum” yaranır.
Duet ortaqları, “Axşam olur” və “Qızıl üzük, yaşıl qaş”, "Məni gördü yar" adlı daha 3 Kərkük mahnısı da ifa edirlər. Bu mahnılar da sevilir, lakin “Evlərinin önü yonca” bir başqa cür sehrə salır insanları. Bu mahnılar Sinan Səidin xahişi ilə radioda Kərkük folklorunun nümunələri kimi təqdim edilir.
Mahnı, səslər, ifaçılıq o qədər gözəl idi ki, Sovet dönəmində, ağır senzuraların süzgəcindən keçə bilir, kimsə radiodan Kərkük türkcəsində mahnının səslənməsinə irad bildirmir, türk düşmənliyi irəli sürmür.
Bu ecazkar mahnı isə bir-birindən ayrı düşmüş iki qardaş xalqın - Azərbaycan və Kərkük türklərinin könül körpüsünə çevrilir.