Azərbaycanda çəkilən ilk polis serialı bu mövsüm də davam edəcək
17 sentyabr 2021 16:52 (UTC +04:00)

Azərbaycanda çəkilən ilk polis serialı bu mövsüm də davam edəcək

Azərbaycanda ilk dəfə olaraq polislərin fəaliyyətindən bəhs edən “İfşa” adlı serial bu mövsüm də davam edəcək.

Lent.az xəbər verir ki, serial insan alveri və narkomaniya ilə mübarizədən bəhs edir.

Layihə Daxili İşlər Nazirliyinin təşkilatı dəstəyi ilə ATV kanalında yayımlanırdı. Ötən mövsüm üçün 6 bölüm çəkilmişdi. Layihənin məsləhətçisi Daxili İşlər Nazirinin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov, ideya müəllifi və rəhbəri isə Ramiz Alıyevdir.

"İfşa" filminin ideya müəllifi və rəhbəri Ramiz Alıyev

Ramiz Alıyev layihə ilə bağlı bildirib ki, serial yeni formatda və yeni adla davam edəcək: “Düşünürəm ki, bu cür maarifləndirici film və seriallara hazırkı gündə çox böyük ehtiyac var. Bu gün bütün cəmiyyətimiz bir yumuruq kimi birləşərək hüquq-mühafizə orqanlarının və xüsusən də polisin yanında olub narkomaniya ilə birgə mübarizə aparır. Ona görə də biz düşündük ki, bu layihəni davam etdirmək lazımdır”.

R. Alıyevin sözlərinə görə, ötən mövsüm üçün çəkilən bölümləri izləyən tamaşaçıların və ziyalıların təkidi var ki, bu cür layihə davam etməlidir: “Bildiyimiz kimi, “İfşa” serialı 6 bölümdən ibarət idi və insanların böyük sevgisini qazanmışdır, hətta kanalların reytinq cədvəlində də öncül yerdə idi. Serialın sosial şəbəkədə olan hesablarına, demək olar ki, hər gün yüzlərlə izləyici yazıb xahiş edirdi ki, bu serial davam etsin. Bundan başqa, ölkə mətbuatında da bu layihəyə böyük maraq var idi”.

Qardaş Türkiyənin 30-dan artıq tanınmış mətbuat orqanında layihə haqqında məlumatlar dərc olunub və “İfşa” serialını Türkiyənin TRT kanalında yayımlanan “Təşkilat” serialı ilə eyni mövzunu əhatə etdiyini də diqqətə çatdırıblar: “Hesab edirəm ki, xarici düşmənlərimizin məkirli planlarından biri də gənclərimizi zəhərləmək və genofondumuza zərbə vurmaqdır, ancaq biz xalq olaraq buna imkan verməyəcəyik. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlərimizin davamçıları var və daha da artacaq. Ona görə də bu cür maarifləndirici layihələr davam etməlidir ki, gənclərimiz həm insan alverindən, həm də narkomaniyadan uzaq olsunlar. Biz fikirləşirik ki, layihə bu mövsüm də eyni movzularla (narkomaniya, insan alveri və s.) və yeni adla, peşəkar komanda ilə çəkilib tamaşaçılara təqdim olunsun”.

Onun sözlərinə görə, bu layihədə əsas məqsəd insanların maariflənməsi, narkomaniya və insan alveri ilə mübarizə aparmağın yollarını, Azərbaycan polisinin qətiyyətini, mübarizənin yalnız hüquq-mühafizə orqanlarının deyil, həmçinin xalq olaraq hər birimizin aparmalı olduğumuzu göstərməkdir: “Layihə ötən mövsüm olduğu kimi, yenə də ATV kanalında davam gedəcək. Serialın 10-12 bölüm olması düşünülür. Düzdür, bəzi televizya kanallarından bizə müxtəlif təkliflər gəldi ki, bu serialın davamı o kanallarda çəkilsin, ancaq təbii ki, biz razı olmadıq və bildirdiyim kimi, layihə yenə də ATV kanalında davam edəcək, çəkilişlərin noyabr ayından başlanılması və yanvar-fevral ayından etibarən efirə getməsi düşünülür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3195
avatar

Oxşar yazılar