Lent.az-ın müsahibi tanınmış aktyor, şair Rəşad Kəsəmənlidir.
"Biz hamımız yetimik, yarımıq. Qarşı tərəflə daraq kimi diş-dişə keçəndə tam oluruq"
- Kənardan çox eqoist görünürsünüz? İzləyiciləriniz də belə iddia edirlər.
- Hamı elə blir. Özümü tərifləməyi sevmirəm, amma bu bir gerçəkdir ki, yaraşıqlı kişi və ya gözəl qadın sakit dayanırsa, ona özündən razı deyirlər, amma eyni şəkildə davranan çirkin bir adam haqqında o fikir səslənmir. Çünki gözləntilər başqadır. Bir insana simpatiyan varsa, onun gülüşü xoş təsir bağışlayır, yox ona qarşı neqativ düşüncələr varsa, gülüb danışmağına bambılılıq kimi baxırlar. Hər şey şəxsiyyətin yanaşma tərzindən asılıdır.
- İnsan olaraq çoxlu rollarımız var həyat boyu. Valideyn, övlad, iş yoldaşı, sevgili... Çoxüzlüyük?
- Bir üzlüyük. Davranışımız ətraf mühitə görə dəyişir. Uşaqlarımla oynayanda uşaqlarşıram, iməkləyirəm, belimə çıxırlar. Amma iş mühitimdə bir başqayam, müəllim kimi bir başqayam. Bu belə olmalıdır. Məkana görə ruh halımız dəyişər, amma şəxsiyyətimiz yox. Öz şəxsiyyətini tanımayanın şəxsiyyəti ümumiyyətlə yoxdur. Məni uşaqlıqdan nəyə görəsə, danlayanda özümlə deyirdim k, günah heç kimdə yox, sənin özündədi, Rəşad. Öz ipim öz əlimdəydi, yenidən nəsə dəcəllik etmək istəyəndə, özüm ipimi çəkirdim, İradəsi olmayanı ətraf mühit formalaşdırır və bu yanlış da ola bilər.
- Aktyorlar həyatda da oynayırlar?
- Səhnə adamı olmayan bilmir ki, aktyorlar həyatda oynaya bilmirlər. Həyatda oynayanlar da səhnədə oynamırlar. Aktyor sənəti çox dərindir. Bu gün ucuzlaşdırıblar. Bəzi qızlar yazırlar ki, məndən aktrisə çıxarmı? Bunlar elə bilirlər ki, qaynana qabağında “afiristlik” eləmək aktrisalıqdır. Bu psixoloji sənətdir. Dərin sənətdir. Gözəl aktyorlar ağıllı insanlardır, ətrafa insanlara nəzər salırlar. Tələbələrimə deyirəm ki, dərs otağımız, təlimat otağıdır. Əsl dərs həyatda başlayır.
- Atanız sevgi şairi Nüsrət Kəsəmənli bir nəsil insan sevməyi öyrətmiş, bəlkə də bir nəsil insanı bədbəxt etmiş şair idi. O mənadakı bir nəsil insan ondan necə sevməyi öyrənirdi. Amma eyni zamanda çox saf sevgiyə inanaraq, real həyatda fərqli duyğularla toqquşub, “qəzaya” düşənlər olurdu. Sevgi cılızlaşdı, yoxsa o yalan yazırdı?
- Sevgi deyil, şəxsiyyət cılızlaşdı. Bu atamın günahı deyildi
- Sevmisiniz?
- Mən sevmək istəmirəm.
- Bu insanın öz əlindədir?
- Mənim öz əlimdədir. İnanın Allaha, öz əlimdədir. Mən bunu sübut elədim.
- Necə sübut edə bilərsiniz ki sevmədiniz? Belə olmur axı.
- Mən özümə dəyər verməyi bacarıram. Qarşı tərəfin xarici görünüşünə aşiq olan insan deyiləm. Bunu bütün dostlarım bilir. Dünyanın ən gözəl xanımını gətirsələr, aşiq olmaram. Məni özünə aşiq eləmək istəyən bunu yalnız xarakteri ilə bacara bilər. O məndəki çatışmazlıqları tamamalamaqla bunu bacara bilər. Mən sevgi axtarmamışam, axtarmıram, çünki onu tapmaqdan qorxuram.
- İki dəfə ailə qurmusunuz. Bu münasibətlərdə sevgi olmayıb?
- Ailə qurmaq üçün sevmək lazım deyil. Ümumiyyətlə, sevdiyin insanla ailə qurmaq yanlışdır. Həyatda pis cütlük yoxdur. Bir birini tamamlamayan insanlar var. Gərək şüurla ailə qurasan. Hər kəsin, hər yaşın öz ehtiyacları var 18 yaşındakı insan surətə, gözəlliyə ehtiyac duyur,70 yaşındakı qayğıya. Bir sevgi bir insanın ehtiyacının tamamlanmasının adıdır vəssalam.
- Platonik sevənlər də var axı.
- O da xəyalındakının surətdə tamamlanmasını görür. Platonik aşiqlər yaxından tanıyandan sonra sevgiləri sönür. Fərqli xarakter görürlər qarşılarında. İnsan onun əskiklərini tamamlayan insanla birləşməlidir. Sən odsansa, o su olmalıdır. Sevgi daraq kimidir. Xarakterlər oturuşur, diş-dişə keçib bütövləşir. Biz hamımız yetimik, yarımıq. O daraq kimi diş-dişə keçəndə tam oluruq
- Tamsınız indi?
- Mənim tamamlanmalarım balalarımdır, bütün sevgimi onlara vermişəm. Cəmiyyətə düzgün övlad yetişdirib atmaq ən düzgünüdür. Onların yanlışı mənim yanlışım sayılacaq. Övlad böyütmək çox çətindir. Yeganə əziyyətdir ki, həzz alırsan, bu gözəl fədakarlıqdır.
- Ailəniz barədə bir neçə söz deyərdiniz.
- 3 övladım var. Bir oğlan, iki qız. Xanımım Azərbaycan Tibb Universitetində dərs deyir, müəllimdir. Anam Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş müəllimdir. Bir qardaşım var, Araz.
- Sizi Bakı xanı Hüseynqulu xan rolunu məşq edərkən seyr etdim. Onun qorxularını, həyəcanını, ağrılarını hiss etdirə, ötürə bilirdiniz. Hüseynqulu xanın yerində olmaq istərdiniz?
- Bu yəqin çox çətin missiyadır. Çoxları deyir o qorxaq xan olub, lakin onun dövrünü, hansı təzyiqlərə məruz qaldığını bilmir, düşünmürlər. Kiçik xanlıq, bir yandan İran, bir yandan Rusiya, o öz əhalisini qorumağa çalışır. Yəqin ki, xanın yerində olmaq istəməzdim.
- Belə rolların gərginliyindən asan çıxırsınız?
- İndilik çıxmaq da istəmirəm. Bir dəfə bir rolun təsirindən uzun müddət çıxa bilməmişəm. Morqda atasının meyiti başında monoloq deyən peşman oğulun rolundaydım. Öz atamı xatırladım. Onun son anlarında yanında ola bilməmişdim. Atam İranda vəfat etmişdi. 4 dəqiqə dayanmadan danışdım, ağlayırdım. Rejissor “stop” verdikdən sonra da səhnə arxasında ağlayıb, ürəyimi boşaltdım. O qədər çox qapılmışdım rola.
- Sizin də həmin qəhrəman kimi atanızla narazılığınız olmuşdu?
- Yox.
- Atanızdan sonra sizə çətin oldu?
- Bəli, çox. Nə qədər ki, atam sağ idi, beş qapıdan dördü üzümə açılırdı. Atamdan sonra layiq olduğum dörd qapıdan üçü üzümə bağlandı.
- Siz də şeirlər yazırsınız. Özünüzü onunla müqayisə eləyə bilərsiniz?
- Bir ağacın budağı ağacdan ulu ola bilməz. Həqiqətən böyük olmuş olsaydım belə, bunu deməyim özümü kiçiltməyim olardı.
- Deyirlər, şairlər, xüsusən sevgi şairləri daha gözəl yazmaq üçün daim yeni sevgilərə ehtiyac duyurlar.
- Şair başqalarının ifadə edə bilmədiyini gözəl bir dillə ifadə edir. Bir şair onu o cür yaza bilirsə, o demək deyil ki, o şəkildə də tədim edəcək. Bir dahi demişdi ki, şairlər həyatda ən böyük yalançılardır. Onların xəyal dünyası genişdir. Təqdim edə bilir, amma icra edə bilmirlər. Bir şair 500 dəfə fərqli şəkildə sevgi şeiri yazırsa, o demək deyil ki, o qədər sevib. Mən yazdıqlarımın 90 faizini yaşamamışam. Şair sadəcə dərin hiss edir və yaxşı yazır. Sevgi hər kəsin ehtiyacının təminatı qədərdir. Məncə sevginin tərifi budur.
- Dediniz sevməmisiniz. Sevməyən bir şairin sevgidən danışması nə dərəcədə düzgündür?
- Sevməyi bacarmayan insan yoxdur. Özünü sevdirə bilməyən insan var.
- Xanımların sizə sevgi etiraflarına cavabınız nədir.
- Təşəkkür edirəm sadəcə. Başqa cür cavab verməyə ixtiyarım yoxdur.
- Deyirlər sevgi qızılca xəstəliyi kimidir, adam mütləq ömründə bir dəfə səpir. Səpməkdən qorxursunuz?
- (Gülür) Yox. Çox eşq elanı olanda seçmək və öyrənmək imkanın olur. İdealın nə olduğunu dərk edirsən. Ona görə də, hər qarşına çıxana heyran olmursan.
- Qadın idealınız necədir?
- Qayğıkeş, sakit. Həyasız qadın mənim üçün iyrənc kişidən pisdir. Mərd, təmizkar, namusuna düşkün qadın idealdır. "Kişi kimi qadı" sözünü anlamıram. Ondan yaxşı dost olar, ona qadın sözü yaraşmır qadının oturuşunda, duruşunda incəlik olmalıdır. Qadın kişiyə sığınmalıdır.
- Beyrək deyirdi xanım mən yerimdən durmadan atlansın, mən ox atmadan o düşməni yerə sərsin... O da özündə çatışmayanı tamamlamaq istəyirdi? Belə çıxır ki, qorxaq olub?
- İndi o Beyrəkdir də (gülür). Birincisi bu bədii obrazdır. İkincisdi analiz edəsi olsaq, bəli o da özünü tamamlayacaq qadını axtarırmış. Mən bir sərkərdə, döyüşçü qadını alqışlayaram, amma ömür yoldaşı kimi istəməzdim. Beyrəyin ehtiyacı oymuş.
- Uşaqlarınız yolunuzu davam etdirsin istəyərsiniz? Aktyorluğu deyirəm.
- Uşaqlarım istedadlı aktyor olsun istəməzdim. İstedadlı və qiymətini ala bilməyən aktyor mənən əziyyət çəkir. İstedadsızlar özlərinə yer edirlər.
- Hansı rolu oynamaq istərdiniz?
- Babəki arzulamışam. Bir də Don Juan. Don Juan əslində bədbəxt olub. Axtardığını tapa bilməyən kişiydi. O, faciə qəhrəmanıdır. Gəzəyən deyil. Sadəcə, hər qadında öz idealının bir parçasını tapıb.
- Amma sizi də Don Juan kimi tanıyırdılar...
- Demək həyat ora sürükləyib. Özünü hər kəsin istifadəsinə vermək kişinin acizliyidir. Cib kitabçanda qadın adlarının artmasına çalışanlarınkı sadəcə aclıqdır.
- Bizdə yaraşıqlı aktyorlar yalnız yaraşıqlı obrazlarda görünməyə üstünlük verirlər deyəsən.
- Mən şəxsən çox çirkin bir obrazda oynamaq istəyərdim, o dərəcədə çirkin ki, tanınmayım, yalnız titrlərdə adımı görüb heyrətlənsinlər. Başımı qırxım, üzümdə çapıqlar olsun. Yetər ki, xarakter güclü olsun.
- Hətta bunun üçün 40 kilo alıb göbəkli bir kişi olmaq istəyərdiniz? Hollivud aktyorları kimi.
- Onlara verilən pul bizə verilsə, niyə istəməzdim ki. O pulu alıb az bir zamanda yenidən formaya düşmək olar. Bizdə aktyorların gəlir yeri seriallardır, aylıq maaş ən yaxşı halda 1500 manat olur. Onda da çox adam elə dolanmaq xatirinə rol alır. Keyfiyyət belə olanda əlbəttə ki, aşağı düşəcək.
- Dolanmaq xatirinə hər rola razı olarsınız?
- Yox əsla. İmtina etdiyim ssenarilər çox olub. Bir də ortacinslilrin nümayəndəsini əsla canlandırmaq istəməzdim. Məncə bu kimi şeyləri qabardıb, cəmiyyətin gözünə soxmaq mənasızdır.