“Bu dəfə olmadı ey, alahıdannan gəl. Bi doyunca otrax dənə”
Əgər bu sözü sizə deyirlərsə deməli Muğan düzünün mərkəzində, Saatlıdasınız. Alahıdannan da yenidən deməkdi.
Saatlı camaatından soruşanda ki, rayonun adı niyə saatlıdır, deyirlər bu söz sə atlı, yəni 3 atlı deməkdir, Arazın o tayından köçüb gəlmiş 3 atlının izlərini daşıyır bu söz. Amma elmi araşdırmalara görə, "Saatlı" etnonimi XIV əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranıb.
Əvvəllər Arpaçayın aşağı axarı və Arazın sağ sahilində yaşayan saatlıların xeyli hissəsi Qazax zonasında, 1795–1798-ci illərdə isə Qarabağda məskunlaşmışdılar. Saatlı tayfasının adı Çuxursəəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin – Saadlı tayfasının etnik adıdır.
Yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimi olan Saatlıda e. ə. II–III minilliklərə aid arxeoloji abidələrin qalıqları tapılıb.
Saatlı rayonunu 1943-cü ildə inzibati vahid kimi yaradılıb. Ərazisindən Araz çayı, şimal sərhədindən Kür çayı, Sabir adına və Aşağı Muğan suvarma kanalları, Mil-Muğan kollektoru keçir. Sarısu gölünün bir hissəsi rayonun ərazisindədir.
Saatlı, əsasən, kənd təsərrüfatı rayonudur, təsərrüfatlarında pambıqçılıq, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik və s. mühüm yer tutur.
Saatlı camaatı çox dindardır. Bəzi kəndlərində adət var, ölüsü olan ailələr səhər tezdən durub ağlamaqla hay salır, yaslı olduqlarını bəyan edirlər. Buna bəzi kəndlərin qocaları “banlamaq” deyirlər və banlamaq ifadəsinə “Dədə Qorqud” boylarında da rast gəlirik. Banlamaq sübh tezdən haray almaq, xəbərdar etmək anlamını verir.
Bu rayon ərazisində məskunlaşmış Ahıska türklərinin adət ənənələri rayon əhalisinə də təsir edib, hər iki tərəf bir birinə qaynayıb, qarışıb.
Hələ SSRİ dönəmində Azərbaycan Ahıska türklərinin məskunlaşdığı önəmli yerlərdən biri olub. Bu gün burada minlərlə Ahıska türkü yaşayır.
Bolşevik rejiminin türklərə, müsəlmanlara qarşı cinayətlərindən biri də 1944-cü ildə Gürüstanın Ahıska vilayətində törədilib. Həmin il noyabrın 14-də 100 minə qədər Ahıska türkü doğma yurdundan çıxarılaraq, yük vaqonlarında uzaq Türküstana sürgün edilmiş, onların evlərinə gürcülər və sonradan həm də ermənilər köçürülmüşdü. Onlara düz 12 il komendant rejimi tətbiq edilib.
Sürgün dövründə doğma Vətənə dönə bilməyən Ahıska türklərinin böyük hissəsi Azərbaycana üz tutub. Ahıskalıların ilk kiçik dəstəsi Azərbaycana 1958-ci ildə gəlir və Saatlı-Sabirabad, Xaçmaz rayonlarında yerləşdirilib. 1958-ci ildən 80-ci illərin axırlarına qədər Azərbaycanda 50 minə qədər Ahıska türkü yerləşigb. 1989-cu il Fərqanə hadisələrindən sonra qaçqınların böyük hissəsi, 40 mindən çox Ahıska türkü də Azərbaycana köçüb.
Ahıskalılar da Azərbaycana doğma vətənləri kimi xidmət göstərmiş və bu gün də göstərirlər.
Ömər Faiq Nemanzadə, Əhməd Bəy Pepinov, Şəfiqə Əfəndizadə, Adil Əfəndiyev, Fuad Əfəndiyev, Mövlud Bayraqdarov, Məhəmməd Cəlilov, Bəkir Mamoyev ahıska türkləridirlər. Ahıska gəncləri Qarabağda hər iki müharibədə şücaətlə döyüşüb, Saatlıda böyümüş İsgəndər Aznaurov Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Ahıskalılar adətən çox mehriban olsalar da yerli camaata qz verib qız almağa ehtiyat edirlər. Səbəbini izah edirlər. Biz köçəriyik, bir gün yurudumuza köçüb getsək nə canımızın bir parçasını burda qoymaq istəyirik, nə də sizin canınızdan bir parçanı özümüzlə aparıb sizi incitmək.
Yerli camaat ahıskalılardan mantı biirməyi, xəmir yeməklərini yaxşı öyrənəslər də, Saatlı toylarında ana yemək toyuq çığırtmasıyla verilən aşdır.Yolunuz düşsə, mütləq dadın, ləzzətindən doya bilməyəcəksiniz.
Bu yerlərin Kələsər, Biləğanı, İrişbaba, Keçiəmcəyi, Gəlin barmağı adlı üzüm növləri məşhurdur. İsti günəşin altında qovrulan torpaqlarda yetişən üzüm bal dadında olub, ilahi bir nemətə çevrilir.
Saatlıda olsanız üzüm haqqında maraqlı bir el deyimini, başqa sözlə tapmacanı da eşidəcəksiniz
Atası Donqar Əli,
Anası gəzən Pəri,
Oğul olub zır dəli,
Qızları ellər gözəli.
Açması tənək ağacının kötüyü, uzanıb gəzən budaqları, üzümdən çəkilən şərab və üzümün özüdür. Tanrı nemət də verib, o neməti mədh edəcək şirin dil də. Saatlıya qonaq gedin, alahıdandan bir də gedin.