Lent.az-ın “Persona” rubrikasının qonağı hərbi diktor, 1992-1993-cü illərdə Azərbaycanda böyükdən kiçiyə hər kəsin səsini tanıdığı Şəmistan Əlizamanlıdır. Şəmistan Əlizamanlı bizimlə söhbətdə uşaqlıq illərindən, arzularından, keçdiyi ömür yolundan danışdı...
- Hazırda Şəmistan Əlizamanlı necə yaşayır, hansı işlə məşğuldur?
- Yaradıcılıqla məşğulam. Amma elə bir rəsmi işim yoxdur. TRT-nin Azərbaycan bürosu ilə əməkdaşlıq edirəm. Azərbaycandan hazırlanan verilişlər mənim səsimlə hazırlanır. Qalan vaxtlar da sırf yaradıcılıqla məşğulam. Təbiət qoynunda olmağı xoşlayıram. Doğulub boya-başa çatdığım elə-obaya tez-tez gedirəm. Orada rahatlıq tapıram, ruhum sakitləşir. Çünki o yerlərdə uşaqlığım keçib.
- Necə bir ailədə, eldə-obada böyümüsünüz?
- Mən Borçalıda (İndiki Marneuli rayonu-red.) Aşağı Qullar kəndində anadan olmuşam. İlk təhsilimi də kəndimizdəki 4 illik ibtidai məktəbdə, orta təhsilimi Qırxılı kənd orta məktəbində almışam. Birinci sinfə 5 yaşım getmişəm, orta məktəbi 15 yaşımda bitirmişəm.
- 5 yaşında məktəbə getməyinizin səbəbi nə olub?
- İki qardaş 10 il bir sinifdə oxumuşuq. Böyük qardaşım birinci sinfə gedəndə 7 yaşı vardı. Ağlamışam ki, mən də oxumaq istəyirəm. Valideynlərim qərara gəliblər ki, hələlik 1 həftə məktəbə getsin. Görüblər ki, mən oxumağa maraq göstərirəm. Məktəbimizin direktoru, rəhmətlik Hüseyn Qarayev valideynlərimə deyib ki, toxunmayın, dərslərə çox maraq göstərir, həvəsi böyükdür.
- Hansı ixtisasın, peşənin sahibi olmağı arzulayırdınız?
- Gəmi kapitanı olmaq istəyirdim. Gəmiyə, dənizə sevgim vardı. Həm də dənizçi paltarını çox sevirdim. Bakıda atamın Firudin Abbasov adlı dayısı oğlu vardı, məşhur gəmi kapitanı idi. Evdə onun haqqında tez-tez söhbət olurdu. Mən şəxsən onu tanımırdım. Bəlkə bu da gəmi kapitanı olmaq istəyimdə müəyyən rol oynamışdı. Orta məktəbi 15 yaşımda bitirib, atamla Bakıya gəldim. Ancaq məni dənizçilik məktəbinə qəbul etmədilər. Dedilər ki, 17 yaşından qəbul edirik, mənim isə 15 yaşım vardı. Bu da mənə təsir etdi, ağladım.
Atam belə qərara gəldi ki, Bakıda texniki-peşə məktəblərinin birində 2 illik təhsil alım, sonra yenə dənizçilik məktəbinə daxil olaram. Texniki-peşə məktəbində elektrik-qaz qaynaqçısı ixtisası üzrə 2 il oxudum. Sevmədən, sadəcə, vaxt keçməsi üçün. O illərdə də teatr dərnəklərinə maraq göstərirdim. İncəsənət məni özünə tərəf çəkdi.
1977-1979-cu illərdə mən Moskvada Hərbi Akademiyada xidmət etdim. Hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Teatrının direktoru yazıçı-dramaturq Hidayət Orucov məni aktyor kimi işə qəbul etdi. 1979-1981-ci illərdə teatrda aktyor kimi fəaliyyət göstərdim. 1981-ci ildə Hidayət Orucovun göndərişi ilə indiki İncəsənət və Mədəniyyət Universitetinin dram və kino aktyorluğu fakültəsinə qəbul oldum. Bu ali məktəb o vaxt Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu adlanırdı. 1985-ci ildə bu institutu bitirdikdən sonra məşhur diktorumuz Aydın Qaradağlının səsinə olan ehtiram və sevgim məni diktor olmaq həvəsinə gətirdi və mən bu sənəti seçdim.
- Diktor kimi fəaliyyətiniz necə başladı?
- 1986-cı ildə Azərbaycan Dövlət Radiosunda müsabiqə keçirildi. Mən o müsabiqədə birinci yeri tutdum və təcrübəçi-diktor kimi işə qəbul oldum. 3 aydan sonra məni Moskvaya ixtisasartırma kursuna göndərdilər. Mən həmin ixtisasartırma kursundan fəxri diplomla qayıtdım. 1986-1992-ci illər diktor kimi Azərbaycan Dövlət Radiosunda işlədim.
1992-ci ildə məni AzTV-yə keçirdilər. Müdafiə Nazirliyinə hərbi diktor lazım idi, mənim üzərimdə dayandılar. 1992-ci il iyulun 7-dən hərbi diktor kimi ekranlarda görünməyə başladım.
Məsələ ondadır ki, ondan əvvəl, 1986-cı ildə mən Moskvada ixtisasartırma kursunda oxuyanda sənət müəllimim Vladim Panfilov Yuri Levitanın ən yaxın dostu olmuşdu. Mən həmişə Levitan haqqında suallar verirdim. O vaxt Levitan həyatda yox idi. Levitan hərbi diktor kimi İkinci Dünya Müharibəsində yaddaşlarda silinməz iz qoyub. Levitan haqqında ən xırda detallara qədər hər şeyi bilmək istəyirdim. Tale elə gətirdi ki, mən də hərbi diktor oldum.
Eyni zamanda Müdafiə Nazirliyi Sənədli Filmlər Kino Telestudiyasının rəis müavini kimi məsul vəzifədə çalışdım, qaynar döyüş bölgələrindən süjetlər hazırladıq. 2001-ci ildə öz şəxsi raportum əsasında ehtiyata buraxıldım. İstədim ki, sərbəst şəkildə yaradıcılıqla məşğul olum.
- Hərbi vətənpərvərlik mövzusunda yaradıcılıq işləriniz nə yerdədir?
- Hərbi vətənpərvərlik ruhunda mahnıların yazılmasını davam etdirirəm. Mənim 3 diskim – “Çağırır Vətən”, “Ana Yurdum”, “Gülüstan” çıxıb. “Çağırır Vətən” sırf hərbi vətənpərvərlik mahnılarından ibarətdir. “Ana Yurdum” diskində Türk Dünyası ilə bağlı mahnılarım toplanıb. “Gülüstan” diski də şerlərdən ibarətdir, 1813-cü ildən bəri Azərbaycanın parçalanmasından bəhs edir. İndi mən 4-cü disk üzərində işləyirəm, yekunlaşmaq üzrədir. Yəni yaradıcılığı dayandırmamışam. Mən o mahnıları ifa edirəm ki, mən onu ifa etməliyəm, onlar mənim ruhuma, düşüncələrimə, baxışlarıma yaxındır. Elə mahnıların da sayı çox deyil. O mahnıları dinləyən tamaşaçı nə isə götürməlidir. Oxumaq xətrinə oxumaq olmaz. Az olsun, amma keyfiyyətli olsun.
- Bəs hərbi vətənpərvərlik mövzusunda yaradıcılıq Şəmistan Əlizamanlını nə dərəcədə dolandıra bilir?
- Vətənpərvərlik sahəsi təbii ki, şou deyil. Bu, sırf təmənnasız xidmətdir. Bu, mənə mənəvi zövq verir. Düşünürəm ki, hər kəsin həyatda bir sahəsi, bir yükü var. Bu da mənim yükümdür və ömrümün sonuna qədər onu daşımağa çalışacam. Burada maddiyyatdan yox, ancaq mənəviyyatdan söhbət gedə bilər. Mən bundan aldığım zövqü heç nədən almıram. Mənim üçün ən ümdəsi, ən vacibi Vətəni sevməkdir.
Bir də mənim xarakterimdə şikayət yoxdur. Əgər nəyə isə ehtiyacım olsa da, heç kimə hiss etdirmərəm. Xarakterimdə aza qane olmaq var. Ona görə də Allaha şükür edirəm. Tutduğum yola görə də peşman deyiləm. Allaha şükür edirəm ki, məni bu cür hisslərlə yaradıb, xalqıma, Vətənə xidmət edirəm və bunu özüm üçün şərəf sayıram.
- Dostlarınıza necə, şükür edirsiniz?
- Azərbaycanın hər bir bölgəsində insanlar arasında özümə böyük hörmət, diqqət görürəm. Buna görə Allaha şükür edib, dostlarıma ehtiram göstərirəm. Bu, mənim xalqımın qarşısında qazandığım az-çox uğurun nəticəsidir. Bu, təmiz bir münasibət, sevgidir. Xalqın gözü tərəzidir. Belə bir məsələ var. Deyirlər ki, sevgi ilə yaxınlaş, sevgi ilə qarşılanacaqsan. Mən düşünürəm ki, həyatda ən gözəl nemət xalqını, Vətənini təmənnasız sevməkdir. O şəxsi allah da çox sevir. Bu, əvəz olunmayan, maddi dəyərlərlə ölçülməyən bir sevgidir.
Mənim gözəl dostlarım var. Onlar mənim ətrafımdadırlar, sağ olsunlar. Mən boş vaxtlarımı onlarla keçirirəm. Mənə qarşı diqqətli, qayğıkeşdirlər.
Onu da deyim ki, vətənpərvər olmayan insanla mənim dostluğum tutmaz. Dostlarımla məni bağlayan ən güclü xətt mənəviyyata köklənən vətənpərvərlikdir. Mənim həyatda ən yaxın dostum Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyev olub, Ağdərədə şəhid olub. Mənim çox sevdiyim tələbə yoldaşım, aktyor Məzahir Ağayev vardı, vaxtsız dünyasını dəyişdi. Yusifin, Məzahirin – o ikisinin yeri hələ də ürəyimdə boş qalıb...
- Ailə həyatınıza keçək. Hansı dövrdə ailə qurmusunuz, övladlarınız nə dərəcədə ümidlərinizi doğruldub?
- Heç bir zaman ailə haqqında söhbət açmıram. Çünki bu, mənim şəxsi həyatımdır. İnstitutu bitirəndən sonra ailə həyatı qurdum. Həyat yoldaşım ixtisasca həkimdir. Bir oğlum, bir qızım var. Oğlum hazırda memarlıq fakültəsində təhsil alır. Qızım da universitet tələbəsidir.
- Hobbinizi bilmək də maraqlı olardı.
- Təbiəti, təbiət qoynunda olmağı sevirəm. Boş vaxtlarımı saatlarla qarmaqla balıq tutmağa sərf etməyi çox sevirəm. Mənim uşaqlıq illərim kənddə, at belində keçib. Dəli atlarımız vardı, çox yaxşı at çapardım. İndinin də özündə fürsət düşsə, atın belində gəzmək mənim üçün çox böyük istirahətdir. Dənizi də sevirəm, amma təbiət qədər yox.
- Dənizçi olmaq istəyən Şəmistan Əlizamanlının indi təbiət qoynunu dənizdən çox sevməsi nə ilə bağlıdır?
- Mən təbiət qoynunda böyümüşəm. Mən dənizi 15 yaşımda, Bakıya gələndə gördüm. Baxmayaraq ki, kəndimizin yanından Xram çayı axır, günümüz o çayda keçib. O çayda çimmişik, balıq tutmuşuq, at çimizdirmişik, qayadan çaya tullanmışıq. Mənim uşaqlıq illərim dolu, zəngindir. Həm də mən çox dəcəl, inadkar uşaq olmuşam. Sərbəstliyi sevmişəm, çərçivəyə sığmamışam. Mənim hərəkətlərim həmişə valideynlərimə narahatlıq, ürək ağrısı gətirib. Stabil, idarə olunan uşaq olmamışam. Bütün bunlarla yanaşı, mən qohumlar arasında ən çox sevilən uşaq olmuşam. Bilmirəm ki, bunun səbəbi nə olub. Baxmayaraq ki, mən əmək sevən, zəhmətkeş də olmamışam. Kənd yerində böyük həyətimiz vardı, əkib-biçmək lazımdı. Ancaq mənim günüm at belində, çimməkdə keçib. Ürəyim nə istəyib, onu etmişəm. Uşaqlığım maraqlı, mənalı keçib.
- Ailədə ümumilikdə necə bacı, qardaş olmusunuz?
- Bir bacı, 3 qardaş olmuşuq.
- Sonda bu sualı təbii ki, sizə ünvanlanmalı idim. Azərbaycanda hərbi diktorluq məktəbi nə dərəcə formalaşıb, yaxud formalaşmasına ehtiyac var?
- Hərbi diktor sənətinin formalaşmasına ehtiyac yoxdur, o, yetişir. Səsi, xarici görünüşü uyğun olmalıdır. Hərbi diktor yetişdirmək lazım deyil. Əsgər yetişdirmək lazımdır, onların içərisindən diktor da, komandir də çıxacaq.
- Övladınızın sizin yolunuzla getməsini istəmisiz, yoxsa sərbəst seçimini məqbul saymısınız?
- Mən oğlumu sərbəst böyütmüşəm. Onun bütün fikirləri ilə dost kimi bölüşürəm, düşüncələrimiz üst-üstə düşür. Həm xarakteri, həm zahiri görünüşü, həm daxili aləmi, hətta səsi, eynən mənə bənzəyir.
- Bəs Şəmistan Əlizamanlının həyatında təəssüf etdiyi məqamlar varmı?
- Çoxdur! Bəzən deyirlər ki, təkrar yaşasaydım, bu səhvləri etməzdim. O da doğru deyil. İndi mənim 50 yaşım var. Buradan dönüb geri baxanda, bu qədər həyat təcrübəsi ilə onları etməzdim. Amma o yaşda axı insan o təcrübənin sahibi olmur… Fikirləşirəm ki, valideynlərimə daha çox qayğı göstərə bilərdim. Müharibədə bu qədər qurban verdik. Əlimizdən gələn hər şeyi etdik, amma, torpaqlarımız işğal olundu. Minlərlə qiymətli oğullarımız şəhid oldu, bütün bunlar təəssüflənirəm. Ən böyük arzum da Vətənimizi, torpaqlarımızı azad, millətimizi xoşbəxt görməkdir.
Ramiz Mikayıloğlu
Şəmistan Əlizamanlı: “Məni məktəbə qəbul etmədilər, ağladım” - MÜSAHİBƏ
3583