Meksika panamalı, uzun qara paltarlı, sirli adam... – XATİRƏ
07 fevral 2020 11:28 (UTC +04:00)

Meksika panamalı, uzun qara paltarlı, sirli adam... – XATİRƏ

Bir dəfə “7 Gün” qəzetində onu müsahibəyə dəvət etmişdim. Redaksiyada hamı mədəniyyəti, kinonu sevən, bilən adamlar idi. Mən yalan oldum, hərə bir sual verdi. Bir səhifəlik müsahibə oldu. “Dədə Qorqud” filmi ilə bağlı çox maraqlı suallar oldu. Məsələn, soruşduq ki, əsirlikdə, zindanda Beyrək qılıncı hardan aldı, qoydu qızla öz arasına?  Qazan xanın at çapdığı yol maşın yolu idi axı? Həmin kadrda reaktiv təyyarənin tüstüsünü niyə kameranın gözü ilə görməmisiniz?

Sualları cavablandırdı, amma gedəndə dedi ki, siz jurnalistlər ipək yorğan-döşəkdə bit axtaranlarsınız.

O müsahibə qəzetə çıxan gün, təəssüf ki, Tofiq Tağızadənin dəfni idi, özü oxuya bilmədi…

“Arşın mal alan”(1965), “Babamızın babasının babası”  (1981),  “Bağ mövsümü” (1985), “Bəxt üzüyü” (1991), “Dədə Qorqud” (1975), “Görüş” (1955), “Köpək” (1994), “Qanlı zəmi” (1985), “Matteo Falkone” (1960), “Mən ki gözəl deyildim” (1968), “Onun böyük ürəyi” (1958), “Uzaq sahillərdə” (1958), “Yeddi oğul istərəm” (1970) .

Bunlar onun çəkdiyi və aktyor kimi çəkildiyi filmlərdir.

Lent.az bu gün xatirəsini yad etdiyi kinorejissor, Xalq artisti Tofiq Tağızadənin.

“Ac həriflər” tammetrajlı film-tamaşada rol da oynayıb. Mirzə Mahmud rolunu.

“Bəxt üzüyü”, “Anlamaq istəyirəm”  filmində də epizodik rollarda çəkilib.

 Adlarını çəkdiyim bu filmlər Azərbaycan kinosunun incilərindəndir, Sovet Azərbaycanının olsa belə, hər halda bizim kinodur-sənətdir. Kaş, elə o kino məktəbinin üstünə gələydi bu gün, sənət baxımından, xeyli inkişaf edərdi Azərbaycan kinosu.

Tofiq Tağızadənin, Rasim Ocaqovun, Arif Babayevin, Şamil Mahmudbəyovun çəkdiyi filmlər özül idi, onların üstündə göydələnlər yüksəltmək olardı…

Nə isə, mövzu Tofiq Tağızadədir, kinorejissor Tofiq Tağızadə. Kinonu bilən adam.

1919-cu il fevralın bu günü Bakının Keşlə kəndində, müəllim ailəsində dünyaya gəlmişdi. 1953-cü ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra birbaşa “Azərbaycanfilm” kinostudiyasına gəlib. Həm də ilk ekranlaşdırdığı “Görüş” filmi ilə. Xalis Azərbaycan filmidir, bütün xarakteri ilə. Tofiq Tağızadə daha çox rus dilində danışardı, amma Azərbaycan filmləri çəkərdi.

Təkcə filmləri ilə deyil, qiyafəti ilə də rejissor idi Tofiq Tağızadə. Meksikalıların panamasından qoyardı başına, qara uzun paltar geyinərdi. Film qəhrəmanlarına oxşayırdı, küçədə onu kənardan seçmək olardı.

Ömrünün 40 ilini kino çəkməklə məşğul olub. Onun çəkdiyi filmləri çıxsan, Azərbaycan kinosunda bir boşluq yaranar.

Kinolarında Azərbaycanın adət-ənənələrini, milli-mənəvi ruhunu vurğulayıb. Məsələn, “7 oğul istərəm” filmində səməni, Novruz şənliyi, buğda biçiminin bayram kimi keçirilməsi – hamısı bu gün səngiməkdə olan adətlərdir. İllərin dolaylarından bu gün o filmə baxanda ssenari müəllifi ilə rejissorun toxunduğu, o vaxt görə bilmədiyimiz məqamları görür, nə demək istədiklərini anlayırıq. Bu sənətin dilidir, rejissor belə danışdırıb ki, yüz il sonra da tamaşaçı eşitsin.

Özü müharibədə olmuşdu. 1942-ci ildə Rostov yaxınlığında yaralanıb, tərxis olunub. Müharibə mövzusu ona yaxın idi. “Mən ki gözəl deyildim” filmi bunun nümunəsidir. Müharibə insanının daxili dünyası var o filmdə.  “Uzaq sahillərdə” filmi bəlkə də özünün yaşantılarından da qaynaqlanmışdı.

“Bağ mövsümü” isə mənəviyyatdır. İnsanlıq, mənəvi aşılanmalar, adətlərə bağlılıq və insan zəkasının qavrayışı və sair. Bir sözlə, adi həyat. Film ətrafımızda baş verən, bəzən diqqətimizdən kənarda qalan hadisələrə nəzəri cəlb edir. Düşündürür, nəticəyə nail olur.

“Ölülər” (“O dünyadan salam”) filmi əvvəlki filmləri kimi sənət baxımından keyfiyyətli olmasa da Tofiq Tağızadənin dəsti-xətti öz işini görüb.

Xalq artisti Tofiq Tağızadə kinostudiyanın viran vaxtlarında studiya yaratmışdı, planlar qururdu sabaha. Kinonun düşdüyü vəziyyət, tamaşaçının kinoteatrlardan qaçaq düşməsi yaman incidirdi onu. Hətta “Ölülər” filmini televiziyaya qıyıb vermirdi ki, kinoteatrda göstərilsin. Ölüm onu qabaqladı, istədiklərini həyata keçirə bilmədi. Ölümə hazır olmayan adam idi, həyata hazırlaşırdı həmişə, film çəkməyə.  

1998-ci ilin avqustunda 79 yaşında dünyaya əlvida dedi. Həyatdan ayrılmasaydı, kinodan ayrılmazdı…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6644
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar