500 filmə çəkildi, alkoqolik oldu, türk düşmənlərini hədələdi - Bir ulduz axdı
28 iyun 2022 13:19 (UTC +04:00)

500 filmə çəkildi, alkoqolik oldu, türk düşmənlərini hədələdi - Bir ulduz axdı

Bu gün Yeşilçamın əfsanəsi, Türkiyənin ən yaraşıqlı aktyoru adını almış sevilən sənətkar Cüneyt Arkın əbədiyyətə köç etdi. 500 filmdə rol almış, Malkoçoğlu, Battal Qazi, Kara Murat kimi obrazlarla  yadda qalmış, rollarındakı igidlik xarakterinə də hopmuşdu.

Gənckən yamanca davakar idi. Obrazlarına görə İstanbulda ona tez-tez sataşır,  həqiqətən dava edib etməyəcəyini sınayırdılar. Elə həmin anlarda yaraşıqlı aktyorun içindən sözün həqiqi mənasında Kara Murat çıxırdı. Menecerləri tez-tez onu “döyüş meydanlarından” çəkib çıxarmalı olurdular. Məşhurlaşana qədər isə həyat heç də asan olmamışdı.

Onun çox kasıb uşaqlıq illəri olmuşdu. Türkəm desə də, milliyyətcə noqay idi. Əsl adı Fəxrəddin Cürəklibatır olan məşhur 1937-ci ildə Əskişəhərin  Qaraçay kəndində Qurtuluş Müharibəsi qazisi Hacı Yaqub Cüreklibaturun ailəsində doğulmuşdu. 1961-ci ildə İstanbul Tibb Fakültəsindən məzun olsa da, uzun müddət həkimlik etmədi.

Əskişəhərdə hərbi həkim kimi xidmət edərkən, Göksəl Arsoyun baş rol oynadığı “Şəfəq Qorumaları” filminin çəkilişləri onun xidmət etdiyi hissədəydi.  Bu yaraşıqlı adam rejissor Xalid Rafiqin diqqətini cəlb edir. 

Cüneyt Arkın, 1963-ci ildə Xalid Rafiqin təklifi ilə kino aktyorluğa başlayıb və 2 il ərzində ən azı 30 filmdə çəkilib.

Cüneyt adını məşhur aktyor Cüneyt Gökçerdən, Arkın adını isə Ramazan Arkından alıb birləşdirərək Cüneyt Arkın kimi tanınmağa başlayıb.

Bir müddət duyğusal-romantik gənc obrazlarını oynadıqdan sonra yenə Xalid Rafiqin təklifi ilə döyüş filmlərinə yönəlib. O, “Medrano” sirkində altı ay akrobatika təhsili alır və burada öyrəndiklərini “Malkoçoğlu” və “Battal Qazi” filmlərində tətbiq edir. Bununla da türk filmlərinə yeni ab-hava qatır. O, karate idman növünü yaxşı bilir, at sürmək səhnələrinə dublyorsuz çəkilirdi. Dəfələrlə döyüş səhnələrində yaralanmış, aylarla qolu, ayağı gipsdə qalmışdı. Bununla belə dublyorsuz çəkilməyə daha çox üstünlük verirdi. Gəncliyində aldığı zədələr çox sonralar onda onurğa problemlərinin yaranmasına səbəb oldu.

Cüneyt Arkının ilk evliliyi 1964-ci ildə özü kimi həkim olan Gülər Mocan ilə olub. 4 il davam edən bu ailə həyatından qızı Filiz doğulub. 1968-ci ildə  aktyor həyatının  sevgisi Betül Cüreklibatur ilə ailə qurur və bu  nikah ölüm onları ayırana qədər davam edir. Bütün qadınların sevimlisi olan Cüneyt  Betülə son dərəcə sədiq idi və onu itirməkdən yamanca qorxurdu: “Heç bir şeydən qorxmadığım qədər həyat yoldaşımı itirməkdən qorxuram. Betülümü itirdiyim an mən də yox olaram!”, - deyə o müsahibələrindən birində demişdi.  Cüneyt Arkının bu evlilikdən  Kaan və Murad adlarında iki oğlu var. Murad  aktyorluq etsə də atasının şöhrətini qazana bilmədi.

Bir  zamanlar şöhrətin zirvələrində olan aktyor alkoqolizmə düçar olsa da, bu bəladan qurtula bilir. Sonralar Arkın alkoqol, narkotik və gənclərin problemləri mövzulu saysız-hesabsız konfranslara qatılmışdı.
Ömrünün son illərində siyasətə qatılan məşhur aktyor  millət vəkili seçilmək cəhdləri də etmişdi. Onun düşüncələri də qəhrəmanlarının düşüncələri ilə eyniydi.

“Heç kim Türk millətinə dırnaqarası yanaşmasın! Biz savaşdan qaçanlara bənzəmərik. Biz rol xatirinə, pul naminə qəhrəman deyilik. Gəlsin, görək it soylarını! O zaman hər birimiz Kara Murt olacağıq! Çünki Kara Murat bizik!” deyə, çıxışlarından birində qeyd etmişdi.
Bu gün əfsanə sonsuzluğa yol alır. Bir ulduz daha axdı keçdi, bu dünyadan bir əfsanə də köçdü. Amma kimsə Cüneyt Arkın öldü deyə bilməyəcək. Çünki onun  yeri ürəklərdədir.

# 6360
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar