Qənirə Paşayevanın iki albomunun təqdimatı keçirilib
27 iyul 2012 12:03 (UTC +04:00)

Qənirə Paşayevanın iki albomunun təqdimatı keçirilib

Millət vəkili Qənirə Paşayevanın şeirlərinə bəstələnən mahnı və kompozisiyalardan ibarət 2 albomun təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, albomlardan biri 8 vətənpərvərlik mahnısının toplandığı “Turan” albomudur. İkinci albom isə “Əlvida” adlanır və burada 16 mahnı yer alıb. Xeyriyyə məqsədi ilə təşkil edilən təqdimat mərasimində millət vəkilləri, bir sıra şirkət rəhbərləri, müğənnilər, bəstəkarlar, ziyalılar, media və ictimaiyyətin bir sıra nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Qənirə Paşayeva bildirib ki, bu, ənənəvi təqdimat mərasimi olaraq deyil, bir xeyriyyə aksiyası şəklində gerçəkləşir: “Mən müqəddəs Ramazan ayında çıxan bu hər iki albomun satışından gələn bütün gəliri imkansız və ehtiyacı olan ailələrin problemlərinin həllinə yönəldəcəyəm. Belə ki, xeyriyyə aksiyası şəklində keçirilən təqdimat mərasimi zamanı albomların satışından əldə olunacaq bütün vəsait elə təqdimat mərasimin sonunda görmə qabiliyyətini itirmiş istedadlı gənclərimizə - Zeynəb və Mehmana təqdim edəcəyik. Biz bu həyatda heç nədən sığortalanmamışıq və heç birimiz bilmirik ki, başımıza sabah hansı işlər gələ bilər. Mən media nümayəndələrindən bu istedadlı gənclərin tanıdılmasında müəyyən mümkün addımların atılmasını istərdim. Bu gənclər heç kimdən, heç nə ilə fərqlənmirlər, bəlkə də daha yüksək bir mövqedə dururlar. Media nümayəndələri ilk növbədə bunları təbliğ etməlidir. Bu gənclər digər həmyaşıdlarından heç nə ilə fərqlənmir, mən deyərdim ki, bunlar dünyanı daha doğru və düzgün dərk etmək qabiliyyətinə malikdirlər. Zeynəb çox gözəl şeirlər yazır, Mehmanın isə çox gözəl səsi var. Həmçinin burda digər bir gəncimiz də var. Onun da adını çəkmək istəyirəm. Murad çox istedadlı bir gəncdir. Mən inanıram ki, onların çox parlaq bir gələcəyi olacaq”.

Millət vəkili Ceyhun Osmanlı çıxış edərək, Zeynəbin kitabını və ya diskinin çıxarılmasını öz üzərinə götürdüyünü bildirib.

Tədbir zamanı Qənirə Paşayeva üzü və əlləri kəskin yanıq xəsarətləri alan, vəziyyəti acınacaqlı olan 11 yaşlı Abbası səhnəyə çıxarıb. Onun müalicəsi üçün 7 min manata ehtiyac olduğunu deyən Qənirə Paşayeva, xəstənin müalicəsi üçün lazım olan məbləğin bir hissəsini özü ödəyib. Qalan hissəsini isə tədbirdə iştirak edən qonaqlardan 9 nəfəri ödəyib. Toplanan məbləğ yaxın günlərdə Abbasın əməliyyat olunmasına sərf ediləcək.

Daha sonra millət vəkili görmə qabiliyyətini itirən Zeynəb və Mehmanı qonaqlara təqdim edib. Onların yaradıcılıqlarını daha da genişləndirilmələri, albom və kitablarını nəşr etdirə bilmələri üçün bəstəkar və müğənnilərə müraciət edib. Sənətçilər onlara lazım olan dəstəyi verəcəklərini bildiriblər.

Tədbirdə Qənirə Paşayevanın sözlərinə bəstələnmiş mahnıları ifa edən əməkdar artistlər Tünzalə Ağayeva, Elza Seyidcahan, Lalə Məmmədova, Eyyub Yaqubov, müğənni Ayaz iştirak edib. Bundan başqa Türkiyədən qonaq gələn tanınmış sənətçi Nursaç Doğanişıq da bir neçə mahnı ifa edib.

Müğənnilərin təbrik və ifalarından sonra hər üç gənc öz istedadını gələn qonaqlara nümayiş etdirib. Zeynəb özünün bir neçə şeirini, Murad və Mehman isə öz ifalarını təqdim edib.

Təqdimat mərasiminin sonunda hər iki albomdan əldə olunan vəsait iki gənc arasında bölüşdürülüb. Həmçinin yaradıcılıqlarını daha da genişləndirə bilmələri, albom və kitablarını nəşr etdirə bilmələri üçün bu gənclərə bir imkan da yaradılıb. Hər 3 gəncin klipinin çəkilməsi, albomlarının buraxılmasını Qənirə xanımın müraciətinə cavab olaraq dostları öz üzərinə götürüblər. Qənirə Paşayeva bildirib ki, bu işlər həyata keçən kimi özü Mehman, Murad və Zeynəbin təqdimatlarını keçirəcək və bütün dostlar birlikdə onların yeni uğurlarını qeyd edəcəklər.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1167

Oxşar yazılar