“Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsinin qalibləri açıqlandı
23 sentyabr 2011 13:33 (UTC +04:00)

“Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsinin qalibləri açıqlandı

Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən Macarıstanın müxtəlif ali məktəblərinin tələbələri arasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse müsabiqəsinin qaliblərinin elan olunması mərasimi keçirilib.


Səfirlikdən Lent.az-a verilən məlumata görə, müsabiqəyə 30 macar tələbə qatılıb. Təqdim olunmuş esselər Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın enerji siyasəti, Azərbaycan – Aİ münasibətləri, Azərbaycan iqtisadiyyatı, ədəbiyyatı və digər mövzuları əhatə edib.


Tələbələr qarşısında çıxış edən səfir Vilayət Quliyev Azərbaycanın dövlətçilik tarixi, müasir durumu, Dağlıq Qarabağ münaqişəsi haqda ətraflı məlumat verib. Macar tələbələrin Azərbaycana maraq göstərməsinin sevindirici hal olduğunu bildirən səfir bundan sonra da müsabiqə iştirakçılarının səfirliklə sıx əməkdaşlıq edəcəyinə inandığını vurğulayıb.


Daha sonra səfirlik tərəfindən seçilmiş 6 qalibin adı açıqlanıb. Tədbirin sonunda bütün iştirakçılara səfirlik tərəfindən nəşr olunmuş kitablardan ibarət xatirə hədiyyələri təqdim olunub.


Məlumata görə, müsabiqə səfirlik və Gənclər və İdman Nazirliyinin birgə layihəsidir. Müsabiqənin qaliblərinin gələn ilin yayında Gənclər və İdman Nazirliyinin xətti ilə Azərbaycana bir həftəlik səfərinin təşkili nəzərdə tutulub. Bundan əlavə, təqdim olunmuş esselər yaxın zamanlarda Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə “Azərbaycan macar gənclərinin gözü ilə” adlı toplu şəklində nəşr olunacaq.
# 1331

Oxşar yazılar