Həyat yoldaşı: “Rafiq Hüseynov qadınları cəlb etməkdə təcrübəlidir” - SÖHBƏT
17 sentyabr 2011 17:06 (UTC +04:00)

Həyat yoldaşı: “Rafiq Hüseynov qadınları cəlb etməkdə təcrübəlidir” - SÖHBƏT

“Yaxın adam”ın bu dəfəki qonağı Rafiq Hüseynovdur. Ekran məkanının kumiri. Dünən də belə idi, bu gün də belədir. Təcrübə göstərir ki, sabah da belə olacaq. Artıq ekranda olmasa belə, bütün nəsillər onu tanıyır.

Haqqında isə xanımı danışır, Səbinə Hüseynli.


Bu kumir mənim qismətimə düşdü

Bu kumir mənim, mən də onun qismətinə düşdük. O vaxtkı Politalogiya İnstitutunda təhsil alırdım. Rafiq bizə kütləvi informasiya vasitələrindən mühazirə oxuyurdu. Əvvəldən təbii ki, onu tanıyırdıq. İlk dəfə bizim auditoriyaya girəndə hamı sevindi. Qızlar onun dərsindən əvvəl ənlik-kirşanların təzələyirdilər. Dərslərə girməyən oğlanlar belə onun mühazirəsinə gəlirdilər. İlk gündən Rafiq demişdi ki, heç kimi məcbur etmir, istəyən gəlsin mühazirəyə, istəməyən yox, onsuz da heç kimi imtahandan kəsməyəcək. Hamı gəlirdi və maraqla dinləyirdi. Bütün tələbələrin ona simpatiyası vardı, eləcə də mənim. Bir gün müstəqil kanallardan birinə müsabiqə elan olundu, mənimlə bərabər beş qız bu müsabiqədən keçdik. Dedilər, düzgün diksiya üçün ya Roza Tağıyevaya, ya da Rafiq Hüseynova müraciət edək. Mən də öz müəllimimi seçdim. Roza xanıma da deyə bilərdim, ona da hörmətim vardı, özünü tanıyandan sonra o hörmət birə beş artdı. Çünki bizim Leyla dünyaya gələndə o, telefon açıb bizi təbrik etdi. Çox böyük ürəyi olan bir xanımdır. Rafiq müəllim dedi ki, gəl məşğul olaq, görək nə olur. Bir az məşğul olandan sonra dedi potensial var, elə oldu ki, məni hazırladı, amma işləməyi məsləhət görmədi. Sözün düzü onun televiziyadakı yoluna nəzər salandan sonra özüm də çəkildim kənara. Bir yerdə ki, Rafiq yox idi, orda mənim olmağım düzgün deyildi. O, yalan danışa bilmir. Televiziyadan da ona görə uzaqlaşmışdı ki, xalqın gözünün içinə yalan söyləyə bilməmişdi. Ona desələr ki, kimisə aldat sənə milyon verəcəklər, etməyəcək. Xarakteri belədir.


O, qadınları cəlb etməyi yaxşı bacarır

İlk addımı o, atıb mənə evlənmək təklif etdi. Ona qarşı olan hisslərimi hələ özüm üçün aydınlaşdırmamış bu təkliflə qarşı-qarşıya qaldım. Sözün düzü, ailəm mənim haqqımda başqa xəyallar qurmuşdu, elçilik, həri, nişan bunlar hamısı olmalı idi, sonra toy. Namizədləri də var idi. Atamı tez itirmişəm, bibim heç razı deyildi, toyuma da gəlmədi. Yalnız Leyla dünyaya gələndən sonra barışdı, onu da tam yox. Anam və ana qohumlarım gördülər məni döndərə bilmirlər, razılaşdılar. 4-cü kursda oxuyurdum, 21 yaşım vardı. Rafiqin təcrübəsi böyükdür, qadınları cəlb etməyi yaxşı bacarır. Mən də o sarıdan sırf təcrübəsiz. Təklifini qəbul etdim, qısa bir müddətdə ailə qurduq. 30 yaş məndən böyük, mənə qədər üç dəfə evlənib ayrılıb. Bunlar ağlıma lap sonralar gələcək, hələlik atdığım addımlar hisslərin caynağındadır və mən heç nə düşünmürəm. Artıq bu məqamları düşünəcəyim vaxt Rafiqi həm də ağıllı surətdə qəbul etmiş olacağam. İllər keçdikcə necə bir addım atdığımın fərqində oldum. O halda artıq hisslər daha ağıllı, güclü duyğulara keçmişdi. Artıq Rafiqin ətrafımdakı insanların hamısından fərqli olduğunu anlayıram. İndi 35 yaşım var, düşüncəm çox dəyişib, sevinirəm ki, hisslərim məni aldatmayıb. Bu yaşda yanımdakı insana görə məyus olmuramsa, əksinə hisslərim ona qarşı ağılla belə daha da artırsa deməli, şükür səhv etməmişəm deməyə haqqım var.


Kimsə deyə bilər ki, o, belə mükəmməl insandırsa, niyə üç dəfə evlənib ayrılıb. İnanırsınız, indiyə qədər mən ondan bunu soruşmamışam. İntuisiyamla duyuram ki, Rafiq günahkar deyil. Şərq kişisi üçün bir qadınla ömrünü başa vurmaq nadir haldır, bəlkə heç elə hal yoxdur. Rafiq aldatmağı bacarmadığı üçün əgər kimisə sevibsə onu aldatmayıb, evlənib onunla. Əgər sevgi bitibsə, yenə aldatmayıb və ayrılıb. Heç kimlə qeyri-qanuni, sevgidən uzaq münasibətləri olmadığını bilirəm. Kənarda eşq macərası keçirən kişilərdən deyil. Mənə deyirdilər ki, oy, o, “babnikdir”, sən qorxmursan? Deyirdim hardan bilirsiniz? Deyirdilər, bütün şəhər bilir. Bu fikir məhz onun üç dəfə evlənib-boşanmasından yaranmışdı. Belə kişinin yanında gərək gözəl və çox ağıllı qadın olsun. Demirəm mən eləyəm, ona görə. Məncə, Rafiq artıq çox etapdan keçib məndə dayanacaq edib. Ya da ki, bir-birimizi çox yaxşı başa düşürük, bu yaşa baxmır.


Uşağa görə sözümüz çəpləşir

Rafiqin ən çox sevdiyim cəhəti düzgünlüyüdür. Təkcə mən yox, hamı ona gözüyumulu inanan bilər. Heç vaxt, heç kimi, saxtakarın birini belə, özünü qorumaq məqsədi ilə də yalan danışmaz.
Rafiqin ən çox xoşuma gəlməyən cəhəti də düzgünlüyüdür. Bir tərəfdən xoşum gəlir, bir tərəfdən də bu qədər düzgün olmağını istəmirəm. Ətrafında elə insanlar var ki, münasibətləri təmənnalıdır, ikiüzlüdür, saxtadır. O, adamlardan mən məmnuniyyətlə əlaqələri kəsərəm, heç olmasa məsafə saxlayaram. Rafiq yox, görür ki, onlardan ziyan gəlir, yenə yaxına buraxır. Deyirəm, mən filankəsləri öz məclisimə çağırmıram, deyir öz işindir. Sonra görürəm Rafiq o, adamları öz məclisinə çağırdı. Deyirəm mən çağırmıram, sən çağırırsan? Deyir, bəlkə sən də mən yaşa çatanda insanlarla münasibətləri qırmağa yox, saxlamağa üstünlük verəcəksən. Müdrikcəsinə hər kəsin yerini tarazlayır, münasibətləri saxlayır. Mən boş, mənasız adamlarla ünsiyyətdə ola bilmirəm, o, elələrinin də dilini tapır. Buna baxmayaraq, xarakterimizdə bənzərlik var. Bizim sözümüz nəyin üstündə olur? Daha çox uşağın hansı yöndə yetişməsi baxımından. Mən onu musiqiyə yönəldirəm, uşaq özü rəsmi sevir. Rafiq deyir ki, qoy, öz istədiyi şeylə məşğul olsun, mən deyirəm, hərtərəfli inkişafı üçün musiqi də lazımdır. Əvvəl dediyimin üstündə dururdum, istəyirdim mən deyən olsun. Sonra hər şeyi buraxdım öz axarına, necə məsləhətdirsə elə də olsun. Həm o, deyən olur, həm də mən.


Rafiq küsülü qala bilir

Küsülü qala bilmərik, daha doğrusu, mən qala bilmirəm. Rafiq susub oturur, siması da zəhmli ifadə alır. Görürəm, danışmaq fikri yoxdur, dözmürəm yalandan da olsa uşaqla bağlı bir məsələni guya bölüşməyə məcburam, deyirəm ona. O da dərhal heç nə olmayıbmış kimi adi halda danışmağa başlayır.
Rafiqin yubileyində Baba Vəziroğludan xahiş etdim şeir yazdı, Faiq Sücəddinov da ona musiqi bəstələdi. Özüm ifa etdim, Rafiq şoka düşmüşdü. Onun özünün gözəl səsi var, bizim kişi müğənnilərin heç birində elə səs yoxdur, bir az İlqar Muradovun ifası ilə yaxındır. Mən çox bəyənirəm Rafiqin ifasını. Gənc müğənnilərimiz daha çox qadın səsi çıxardırlar, yaşlılar da qışqırır. Rafiqin səsi fərqlidir. Əvvəllər oxumayıb, məni tapandan sonra o həvəs gəldi ona.


Açıq, səmimi olduğu qədər qapalı insandır. Mən elə bilirəm ki, onun haqqında hər şeyi bilirəm, amma hərdən elə gəlir ki, nə isə içində düşünüb-daşınır. Leyli ilə ünsiyyətdə olanda hər şeyi unudur. İşində olan problemləri heç vaxt mənimlə bölməz. Musiqi dinləyəndə çox həzinləşir. Qızımız kinoya çəkildi, onu ekranda görəndə Rafiqin gözləri doldu. Leyi azca xəstələnsin, qızdırsın Rafiqin rahatlığı olmur. Yəqin yeganə övladı olduğu üçün. Bəlkə də Roza xanımla olan oğlunu vaxtsız itirməsi onu uşağa qarşı belə həssas edib. İndiyə qədər onun məzarı üstünə gedir, mən də onunla gedirəm.
İndi sevimli işi ilə məşğuldur, öz yerindədir, sevimli telekanalında diktorlar yetişdirir. Fikir verirsiniz, dövlət televiziyasında bu saat diktorların qüsuru yoxdur. İşində ayrıldığı vaxtda mənimlə qarşılaşdı. Tək-tənha işindən, ailəsindən ayrılıb. Faciəvi tənhalıqda. Kumir üçün bu asan məsələ deyil. Riskli adamdır, özü özünü bu vəziyyətə salmışdı. İşdən də özü getmişdi, ailədən də özü ayrılmışdı. Biz ailə qurduq, övladımız oldu, həyatı dəyişdi. İşi sarıdan bir yarımçıqlıq duyurdu. Dəvət etdilər, indi tamamilə öz yerindədir.
Rafiqin həm hissləri güclüdür, həm də eyni zamanda həmişə düşünüb-daşınan ağıllı adamdır, ümumiyyətlə hisslərlə yaşayan, ağıllı, maraqlı insandır.

Ramilə Qurbanlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4698

Oxşar yazılar