Fikrət Verdiyev Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri oldu – EKSKLÜZİV
06 sentyabr 2011 18:02 (UTC +04:00)

Fikrət Verdiyev Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri oldu – EKSKLÜZİV

Azərbaycanın görkəmli tarzəni, əməkdar artist Fikrət Verdiyev Gəncə Dövlət Filarmoniyasına bədii rəhbər təyin olunub. Sənətçi 17 illik fasilədən sonra özünün yaratdığı kollektivə yenidən rəhbərlik edəcək.



Xəbəri Lent.az-a təsdiqləyən Fikrət Verdiyev bildirib ki, o, bu vəzifəyə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə göndərilib. F. Verdiyev yeni işinə sabahdan başlayacaq: “Artıq axşam Gəncəyə yola düşürəm. Sabahdan filarmoniyada bədii rəhbər kimi işə başlayacağam. Bu musiqi ocağının adının əvvəlki səviyyəyə yüksəlməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm”.



Qeyd edək ki, Verdiyev Fikrət Süleyman oğlu 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub. 1957-ci ildə Gəncə şəhər 1 saylı musiqi məktəbində tar sinfinə gedib. 1962-ci ildə oranı bitirərək Qənbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olub. Təhsilini davam etdirə-etdirə Gəncə Pioner və Məktəblilər Sarayında və Mədəniyyət evində özfəaliyyət kollektivlərinə rəhbərlik edib.


13 yaşında səhnədə həm solo, həm də ansamblla çıxışlar edən Fikrət Verdiyev uşaqlıq yaşlarından müstəqil ansambl yaratmaq arzusunda idi. Hətta 1960-cı ildə Bakıda respublika üzrə pioner və məktəblilər sarayı kollektivləri arasında keçirilən festivalda rəhbərlik etdiyi kollektiv qalib gəlmişdi. O dövrdə F. Verdiyev Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində də pedaqoji fəaliyyətə başlayır. 1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olur. Adil Gərayın sinfində təhsil alır.


1969-cu ildə gərgin əməyi və fədakarlığı ilə Gəncə musiqiçilərini və sənətçilərini başına yığaraq ictimai əsaslarla “Göy göl” xalq çalğı alətləri ansamblını yaradır. Tezliklə bu ansamblın şöhrəti Gəncəbasardan çox uzaqlara yayılaraq, xaricdə də tanınır. Konsertlər verən kollektiv fəxri fərman və mükafatlarla təltif olunur. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Teymurova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər bu ansamblla çıxış ediblər. Zeynəb Xanlarova 1972-ci ildən etibarən bu ansamblın müşayiəti ilə yaddaşlardan silinməyən konsertlər verib.


1977-ci ildə isə Heydər Əliyev bu ansamblı bəyənərək ona Dövlət Mahnı və Rəqs Ansamblı statusu verilməsini məqsədəuyğun bilir.

Fikrət Verdiyev 1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradıb. Filarmoniyanın nəzdində “Göy göl” mahnı və rəqs ansamblından başqa, notlu xalq çalğı alətləri orkestri və kamera orkestri fəaliyyətə başlayır. Mixail Boyarskini, Müşərrəf Akayı Bakıya dəvət edərək çıxışlarını təşkil edir.


1987-ci ildə Fikrət Verdiyev əməkdar artist adını alır.

1994-cü ildə müəyyən səbəblərə görə Gəncə Dövlət Filarmoniyasından ayrılır.

2001-ci ildə Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində “Neftçi” mahnı və rəqs ansamblını yaradır.

Ailəlidir. Dahi muğam ustası Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyevanın həyat yoldaşıdır. İki qızı, bir oğlu, 3 nəvəsi var.

Xəyalə MURADLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1056

Oxşar yazılar