Motsartın “Sehrli fleyta”sı ilk dəfə Azərbaycan səhnəsində
05 sentyabr 2011 16:57 (UTC +04:00)

Motsartın “Sehrli fleyta”sı ilk dəfə Azərbaycan səhnəsində

Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu opera Azərbaycanda ilk dəfə səhnəyə qoyulur. Quruluşun məqsədi opera sənəti həvəskarlarını Motsart yaradıcılığının və dünya opera sənətinin incilərindən olan bu opera ilə tanış etməkdir.
Əsərin bütün not materialları - partitura, klavir və orkestr səsləri Azərbaycan Opera və Balet Teatrına Münhen Opera sənəti festivalının rəhbərliyi tərəfindən təqdim olunub. Azərbaycan Opera və Balet Teatrı binasının yaxın zamanlarda təmir və bərpa üçün bağlanacağını nəzərə alaraq teatr rəhbərliyi dekorasiyaların hazırlanmasına əlavə vəsait sərf etməmək üçün tamaşanı konsert variantında səhnəyə qoymağı məqsədəuyğun hesab edib. Çünki təmirdən sonrakı yeni səhnənin ölçüləri hazırkı ölçülərdən kəskin fərqli olacaq. Bu operanın zəngin dekorasiya və kostyumlarla tam yeni quruluşu teatrın təmiri başa çatandan sonra yeni səhnənin imkan və ölçüləri nəzərə alınmaqla həyata keçiriləcək.
Motsartın son opera əsəri olan “Sehrli fleyta”nın premyerası 1791-ci il sentyabrın 30-da bəstəkarın ölümündən 2 ay öncə Vyanada baş tutub. Motsartın yaradıcılığında xüsusi yeri olan bu opera çox maraqlı süjet xəttinə malikdir, məhəbbətin ağıl və xeyirxahlığın zülm və qəddarlıq üzərində qələbəsini tərənnüm edir.
Tamaşada teatrın ən istedadlı vokalçıları – əməkdar artistlər Əli Əsgərov (Zarasto), Gülnaz İsmayılova (Gecələr şahzadəsi), İnarə Babayeva (Pamina), gənc solistlər Fərid Əliyev (Tamino), İlham Nəzərov (Papageno), Fəridə Məmmədova, Səbinə Vahabzadə, Səbinə Əsədova (pərilər) və b. iştirak edirlər. Opera orijinal dilində - alman dilində səslənəcək. Tamaşanı əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlov idarə edəcək.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 971

Oxşar yazılar