Azərbaycan və Tuzla kitabxanaları əməkdaşlığa başladı
23 avqust 2011 14:41 (UTC +04:00)

Azərbaycan və Tuzla kitabxanaları əməkdaşlığa başladı

“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun nümayəndəsi Bosniya və Hersoqovinaya səfər edib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində Tuzla şəhərinin meri Jasmin İmamoviç, Tuzla kantonunun baş nazirinin mədəniyyət və informasiya sahəsi üzrə köməkçisi Jasna Hifziefendiç, mədəniyyət, təhsil, elm sahəsi üzrə köməkçisi Zlatko Dukiç, “Dervis Susic” Kütləvi və Universitet Kitabxanasının direktoru Enisa Zuniç və bir sıra kitabxana rəhbərləri ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycan, onun zəngin mədəniyyəti, kitabxanaları, habelə respublikamızda aparılan quruculuq işləri, ölkəmizin inkişafı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verilib.
Nazirliyin Kitabxana sektorunun məsləhətçisi Samir Abbasov “Dervis Susic” Kütləvi və Universitet Kitabxanasında Azərbaycan guşəsinin yaradılması təklifi ilə çıxış edib və sözügedən təklif şəhər rəhbərliyi, kitabxananın rəhbərliyi tərəfindən qəbul olunub. Azərbaycan guşəsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, incəsənəti, adət-ənənələri, ədəbiyyatı və s. mövzularda müxtəlif nəşrlərin göndərilməsi razılaşdırılıb. Səfər çərçivəsində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və “Dervis Susic” Kütləvi və Universitet Kitabxanası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memoranduma əsasən iki tərəf arasında əməkdaşlıq əlaqələrinin qurulması, kitabxana-informasiya sahəsinin aktual məsələlərinə dair təcrübə mübadiləsinin aparılması, birgə layihələrdə iştirak, birgə nəşrlərin hazırlanması, qarşılıqlı təşkil olunan seminar və konfranslarda iştirak, hər iki kitabxanada dövlətlərin mədəniyyətini, tarixini, turizmini, ədəbiyyatını təbliğ etmək məqsədi ilə sərgi və guşələrin yaradılması nəzərdə tutulub.

“Dervis Susic” Kütləvi və Universitet Kitabxanasının direktoru Enisa Zuniç Balkan Kitabxanalar Birliyinin koordinatoru və ölkə nümayəndəsidir. Bu məqsədlə Azərbaycan kitabxanalarının Balkan Kitabxanalar Birliyində təmsil olunması müzakirə edilib və bu təşkilata üzvlüklə bağlı Azərbaycan kitabxanalarına müvafiq köməkliyin göstərilməsi razılaşdırılıb. Bundan başqa, Bosniya və Hersoqovinanın “Dervis Susic” Kütləvi və Universitet Kitabxanası və Azərbaycanın F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Qardaşlaşmış Kitabxanalar” elan olunub.

Xəyalə
# 481

Oxşar yazılar