İlyas Əfəndiyev Fondu beynəlxalq qeyri-hökumət təşkilatı oldu
11 may 2011 13:50 (UTC +04:00)

İlyas Əfəndiyev Fondu beynəlxalq qeyri-hökumət təşkilatı oldu

Lent.az-ın məlumatına görə, 2005-ci ildə yaradılan, respublikada xeyriyyəçilik fəaliyyəti göstərən, dünyanın müxtəlif ölkələrində Azərbaycan həqiqətlərini, mədəniyyətini və incəsənətini fəal təbliğ edən fond 2011-ci ilin aprelindən beynəlxalq xarakter daşımağa başlayıb. Avropa Birliyi ərazisində Avropa qanunvericiliyinə müvafiq olaraq İlyas Əfəndiyev Beynəlxalq Fondunun təsis edilməsi formatının genişləndirilməsinə xidmət edir. (http://www.ilyasafandiyev.com).

BMT-nin 2000-ci il Zirvəsində elan edilmiş “Minilliyin inkişaf məqsədləri”nə uyğun olaraq, İlyas Əfəndiyev Beynəlxalq Fondu cəmiyyətin davamlı inkişafının təmin olunması məsələlərinin aşağıdakı istiqamətlər üzrə xüsusi diqqət yetirir: sülh, təhlükəsizlik, beynəlxalq və regional əməkdaşlıq; mədəniyyət, elm və təhsil; səhiyyə və sosial təminat; cəmiyyətin demokratikləşməsi; ədalət məhkəməsi və insan hüquqları; ölkənin iqtisadi inkişafı və infrastrukturu; marginal cəmiyyətlərdə insanların həyatının yaxşılaşdırılması və s.

Bu məqsədlərə çatmaq üçün İlyas Əfəndiyev Beynəlxalq Fondu Avropa, Asiya, Qafqaz və müsəlman dünyası ölkələrində yaşayan xalqların davamlı inkişafına yönəlmiş bir sıra Məqsədli Layihə həyata keçirmək, təhsil, mədəniyyət, sosial və digər sahələrdə mövcud humanitar problemlərin həllində iştirak etmək niyyətindədir. Fondun Missiyasının həyata keçirilməsinin əsas vasitələri aşağıdakılardır:

• müxtəlif ölkələrdə dövlət və ictimai xadimlərlə, biznes nümayəndələri ilə aktiv dialoq;
• beynəlxalq, regional və lokal proqramların həyata keçirilməsi üçün bir sıra ölkədə Fondun Nümayəndəliyinin açılması;
• həyata keçirilən layihələrin təşkilati və informasiya təminatı, onların dövlət, siyasi və sosial dəstəyinin təşkili;
• müxtəlif ölkələrdə qeyri-hökumət təşkilatları ilə sıx əlaqələrin qurulması: rəsmi görüş, konfrans, seminar və treninqlərin təşkili;
• qrantlar əsasında Fondun bir sıra Məqsəd Proqramının, o cümlədən təhsil, mədəniyyət, sosial-humanitar, vətəndaş cəmiyyətinin inkişafı, iqtisadi modernləşmə proqramlarının həyata keçirilməsi;
• Fondun layihələrinin icrasına qoşulan qeyri-hökumət təşkilatlarının beynəlxalq şəbəkəsinin yaradılması;
• Müxtəlif ölkələrdə ünvanlı və təxirəsalınmaz yardımın göstərilməsi.

Fondun fəaliyyəti geniş beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Bir sıra dövlət və hökumət başçısının, ictimai xadimlərinin, o cümlədən Litva Respublikasının prezidenti Valdas Adamkus, Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanov, Sloveniya Respublikasının prezidenti Danilo Türk, Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəp Tayyip Ərdoğan, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva, Macarıstanın “Duna TV” teleşirkətinin prezidenti Laslo Çelenyi, ABŞ-ın Soft Computing İnstitutunun direktoru, professor Lütfi Zadə, Moskva Humanitar Universitetinin rektoru, professor İqor İlyinski tərəfindən İlyas Əfəndiyev Beynəlxalq Mükafatının qəbul etməsi buna dəlalət edir.
# 1750

Oxşar yazılar