“O, həmişə gözəl qadınların əhatəsində olub” - FOTO
23 aprel 2011 13:15 (UTC +04:00)

“O, həmişə gözəl qadınların əhatəsində olub” - FOTO

Layihə: Yaxin adam


Vizit kartı

Mən onu 1968-ci ilin may ayından tanıyıram. Radioda Maqsud İbrahimbəyovla bir yerdə işləyirdik. Bir gün Maqsud dedi ki, qardaşım bir ssenari yazır, “bomba” vestern olacaq. Soruşdum: “Axı qardaşın deyəsən mühəndisdir?” Vaxt gəlib çatdı, “Səhranın bəyaz günəşi” filmi çıxdı ekranlara. Film çox bəyənildi, bütün yaş dövrləri sevdi filmi. Hətta kosmonavtlar kosmosa çıxmazdan öncə o filmə baxarmışlar - bu haqda o vaxt çox söhbətlər gəzərdi. Daha “Səhranın bəyaz günəşi” filmi onlara nə ruh verərmiş, onu kosmonavtlar özləri yaxşı bilər. Filmdə çoxlu sayda sitatlar dillər əzbəri idi. İndiyə qədər də sevilir. Rüstəm ədəbiyyata, kinoya eyni vaxtda bu filmlə gəldi, özü də ilk gəlişindən gəlişi bəlli oldu, qəbul olundu, sevildi. Fitri istedad özünü belə göstərir.

Onu Mingəçevirə çəkib aparan əvvəl Kür, “şamayka” oldu, sonra da dostları

60-cı illər Azərbaycanda çox sayda fitri istedadlar çıxdı ortaya - Qara Qarayev, Fikrət Əmirov, Tahir Salahov, Müslüm Maqomayev, “Qaya” qrupu, sonra Polad Bülbüloğlu, Rüstəm İbrahimbəyov kimi adlar. Azərbaycan mədəniyyətini Sovetlər birliyində, dünyada tanıdırdı. Rüstəmin ikinci işi Qara Qarayev haqda sənədli filmin ssenarisi oldu - filmi Oqtay Mirqasımov çəkmişdi. Çox dərin, səviyyəli bir film idi. Bir müddət keçdi, mənə Moskva xəbərlər agentliyindən sifariş gəldi ki, “sizdə bir film çəkilib, çox qeyri-adi filmdir o barədə şərh yazarsan”. Getdim kinostudiyada filmə baxdım - “Bir cənub şəhərində” filmi idi. İlk dəfə Rüstəmlə orda şəxsən tanış olduq. Münasibətlərimizin dostluğa qədər möhkəmlənməsinin səbəbkarı isə bizim Mingəçevirdəki ümumi dostlarımız oldu. Qardaşım Mingəçeviri quranlardan idi. Onun yanına tez-tez gedərdim, orda həm də uşaqlıq dostlarım vardı. Rüstəm də Mingəçevirə gələrdi və mənim dostluq etdiyim uşaqlar həm də onun dostları imiş. Rüstəmi də ora çəkib gətirən əvvəl sadəcə Mingəçevirin xüsusi abı-havasına maraq olmuşdusa, sonradan həm də dostlar oldu. Kürü çox sevir, Kürdən tutulub oradaca onun üçün kabab çəkilən “şamayka” balığını sevirdi. Elə indinin özündə də sevir. Balıq tutduğunu görməmişəm, amma çayın, dənizin, balığın vurğunudur. Rüstəm ümumiyyətlə çox böyük qurmandır. Ləzzətli yeməkdən, dostları masa arxasına yığmaqdan həzz alır. Onun süfrəsinin arxası qonaqsız olmaz. Əsil-köklü azərbaycanlılara xas adətlə özü də süfrənin baş tərəfində əyləşib, qonaqların sağlığına tost deyib, “xoş gəlmisiz” edər. Bu yaxınlarda mənim yubileyimə gəlmişdi. Restoranda dedilər ki, burda Çin mətbəxi də var. Dərhal dedi ki, harada, gedək baxaq. Azərbaycan mətbəxini çox sevir, başqa millətlərdən olan dostlarına da sevdirib. Bəzi Moskva kino ulduzları bizim xaş üçün sinov gedir - Rüstəm onlara dadızdırıb. Bununla belə, dünya mətbəxinin ən yaxşı nümunələrini də əldən buraxmaz.

Dostluqda sadiq və sabitdir

İnsanları həyata eyni baxışları yaxınlaşdırır. Gəncliyindən müdrikdir, sabit xasiyyəti var. Bəzi insanlar düşmənçiliyi yaxşı bacarırlar, bəziləri isə dostluğu. Rüstəm dostluğa çox sadiqdir və sabitdir. Ümumi bir dostumuz vardı - Ənvər. Adi, sadə oğlan idi. Rüstəm isə artıq bütün SSRİ-də tanınırdı. Amma həmişə Moskvadan Bakıya gələndə Mingəçevirə gedib Ənvərə, oradakı uşaqlara baş çəkir. Filmlərində dostlarımızdan həmişə nə isə bir ştrixlər olur. Bir ara mən xaricdə yaşadım. Ənvər faciəli surətdə həlak olmuşdu. Mən gələ bilmədim, amma Rüstəm Moskvadan birbaşa Mingəçevirə gedib yas mərasimində iştirak etmişdi. Dostlardan bəziləri indi Moskvada yaşayır, Rüstəm onlarla get-gəl edir. Özünün bir sözü var. Deyir ki, indiki zamanda dəvət olunduğun yerə gedə bilmək də böyük qəhrəmanlıqdır.

Nəyinsə əleyhinə yox, nəyinsə naminə mübarizdir

O vaxtlar bir dissident vardı: xaricdə ondan soruşmuşdular ki, Sovet İttifaqında nə qədər dissident var? Demişdi ki, dəqiq rəqəm deyə bilərəm - üç yüz milyon. Yəni, əhalinin hamısı. Xüsusən cavan nəsil o vaxt öz yaradıcılıqlarında mövcud quruluşun problemlərini qabarda bildilər. Elə “Bir cənub şəhərində” filmi o vaxt necə bir partlayış idi... Həm milli xarakter vardı filmdə, həm də quruluşun eybəcərlikləri. Rüstəm deyir ki, mən mübarizəm. Amma mən nəyinsə əleyhinə yox, nəyinsə naminə mübarizə aparıram. Sovet quruluşu dağılanda çox adamlar çaşdılar, dünən səslərini çıxara bilməyənlər birdən meydanlara çıxıb bar-bar bağırmağa başladılar. Rüstəmdə bu görünmədi, necə Sovet quruluşunun mənfiliklərini yazırdı əsərlərində, indiki gedişata da o cür yanaşdı, yalnız yazdı. Düşündü ki, mənim borcum budur. Belə insanlar bəlkə özləri də bilmədən tarix yazırlar.

Heydər Əliyev onu yüksək qiymətləndirirdi

Bütün dövrlərdə hakimiyyətdə olan adamlarla qarşılıqlı hörmət, sabit münasibətləri olub. Heydər Əliyev Rüstəmin ad günündə onu yığcam, amma yüksək səciyyələndirdi. Sitat kimi deyə bilməyəcəyəm. Amma yadımdadır ki, onun böyük olduğu qədər sadə olmağından danışdı və dedi ki, bizdə bu cür şəxsiyyətlər azdır.
Dostlarımızdan biri haqsız yerə həbs olunmuşdu. Onun xanımı hamımıza kömək üçün müraciət etdi, mən də qoşuldum ona. Səlahiyyət sahibi olan, vaxtilə həmin adamın süfrəsinin başında olan adamlara ağız açdıq. Çoxları onun müdafiəsinə qalxmadı. Rüstəm dedi ki, o adam o dövrdə hakimiyyətə gəlmiş insanlarla sadəcə siyasi rəqib olduğu üçün zindanlara atılıb, susmaq olmaz, deməliyik ki, insanlarla belə rəftar etmək düzgün deyil, sabah onun övladlarının üzünə baxa bilmərik. O, adam respublikaya xeyir verə bilən insandır. Təşəkkür edəndə deyir ki, o vəziyyətə mən də düşə bilərdim. Bir dəfə də olsun o barədə bir söz eşitdirmədi, amma əslində heç bir iş görməyənlər hər addımda sənin üçün filan işi mən gördüm deyir adama.

Həmişə gözəl qadınların diqqətində olub

Bu yaxınlarda bir kitabı çıxıb - “Dalğaların gərginliyi”. Orda həyatda baş verənləri, baş verəcəkləri, dəyişiklikləri necə hiss etdiyinə heyran olursan. Moskvada yeni pyesinin tamaşası oldu, o biri dünyalardan bəhs edir. Ona baxanda Rüstəmi özüm üçün bir daha kəşf etdim.
Həmişə gözəl qadınların əhatəsində olub, onların diqqəti Rüstəmin üzərindədir. Bununla belə, Rüstəm heç vaxt təsadüfi əlaqələrə girməz. Yaxşı ailəsi var və ailəcanlıdır.
Uzun illərdir dostuq, amma hələ mənə elə gəlir ki, hələ də Rüstəmi tam tanımıram, hər dəfə yeni səhifə açıram.

Xoşbəxtlik tam olmur...

Bir oğlu, bir qızı var. Həyatında həmişə istədiyinə nail olub. Dünyanın hər üzünü görüb. Hər şeyi var. Tanrı ondan heç nəyi əsirgəməyib, istedad, şan-şöhrət, maddi təminat. Bir dəfə müsahibəsində demişdi ki, insanın həyatında elə hadisələr olur ki, özünü tam xoşbəxt hiss edə bilmirsən. Bir oğul itirib Rüstəm, çox güman ona eyham vurub. Çox güclü insandır, dərdi çəkə bilən, nəhənglərlə döş-döşə gələ bilən gücə sahibdir. Moskva çox çətin yerdir, böyük şəhərlərin intriqaları da böyük olur. Nəhənglərin intriqasına tab gətirmək üçün ya gərək böyük intriqan olasan, ya siyasətçi, ya da Rüstəm İbrahimbəyov. Üstəlik onun qədər nüfuz sahibi olmaq hər oğula qismət olmaz.

Qəbul etdin, etmədin...

Qazaxlar üçün “Köçərilər” filmini çəkdi. Özləri onun qədər dərindən qazax xarakterini bilib təqdim edə bilməzdilər. Nazarbayev demişdi ki, Rüstəmin adı qazax mədəniyyətinə qızıl həriflərlə yazıldı. Güclü dramaturqdur. Azərbaycanda M.F. Axundov, Mirzə Cəlil, Cəfər Cabbarlıdan sonra əsil dramaturq Rüstəm İbrahimbəyovdur. Yazıçı da çoxdur, şair də, amma dramaturq nadir tapıntıdır. Onun “Tartyuf Ağayevic” pyesi hadisədir. “Ultimatum” da həmçinin və faktiki olaraq bütün pyesləri. Rüstəm İbrahimbəyov böyük şəxsiyyətdir. Qəbul etdin, etmədin böyük şəxsiyyətlər xalqa xeyir gətirir. Azərbaycanda hər gün Rüstəm İbrahimbəyov doğulmur.


Ramilə Qurbanlı
# 1315

Oxşar yazılar