“I am back”
11 fevral 2011 11:58 (UTC +04:00)

“I am back”

Kaliforniya ştatının keçmiş qubernatoru, məşhur aktyor və idmançı Arnold Şvartsenegger “Twitter”dəki səhifəsində kinoya qayıtmaq vaxtının yetişdiyini elan edib. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bununla da 63 yaşlı aktyor “Terminator” filmində “Mən qayıdacağam” kimi verdiyi vədə xilaf çıxmayıb və artıq “I am back” yaza bilər.

Kreativ aktyor agentliyində çalışan dostlarım 7 ildir məndən soruşurlar ki, daxil olan təklifləri nə vaxt ciddi şəkildə gözdən keçirə bilərlər. Bu gün mən onlara “yaşıl işıq” yandırdım” - deyə, aktyor öz səhifəsində bildirib.

Bu günlərdə isə “The Daily Mail” qəzeti yazıb ki, Arnold Şvartseneqqer fiziki formasını bərpa etmək üzərində çalışır, hər gün bir neçə kilometr yolu velosiped sürməklə qət edir. Ancaq o, qubernator çalışdığı zaman da idmana vaxt ayıra bilirdi.

Xatırladaq ki, məşhur aktyor hələ yanvarda bir neçə ssenarini nəzərdən keçirdiyini elan etmişdi. Onun sözlərindən belə başa düşmək olar ki, söhbət rejissor Rendal Uollesin “With Wings as Eagles” filmindən gedir. Burada Arnolda gənc olmayan alman əsgəri obrazı təklif olunur. Ssenariyə görə, müharibənin sonunda əsgərə bir qrup uşağı öldürmək əmri verilir. Ancaq bunun əvəzində əsgər riskə gedərək onları təhlükəsi yerdə gizlətmək qərarına gəlir.
# 677

Oxşar yazılar