Yaqub Zurufçu: “Televiziyalar cəmiyyətin, xalqın vəziyyətini işıqlandırmırlar” - MÜSAHİBƏ
05 avqust 2009 20:00 (UTC +04:00)

Yaqub Zurufçu: “Televiziyalar cəmiyyətin, xalqın vəziyyətini işıqlandırmırlar” - MÜSAHİBƏ

“Azərbaycanda şou-biznes adlandırılan bu mühitin vəziyyəti yaxşı səviyyədə deyil”

Müğənni Yaqub Zurufçunun Lent.az-a müsahibəsi

- Yaqub müəllim, dünənki açıqlamanızda dediniz ki, artıq Azərbaycan vətəndaşı olduqdan sonra birbaşa incəsənətdə baş verən hadisələrə münasibət bildirəcəksiniz...

- Bəli, Azərbaycanda şou-biznes adlandırılan bu mühitin vəziyyəti yaxşı səviyyədə deyil. Hətta deyərdim ki, bərbad vəziyyətdədir. Yaxşı ifaçı şou edə bilmir, şou edən isə ifaçı deyil. Camaat da təəssüf ki, ikinci qismi bəyənir. Belə olmamalıdır. Burada bilavasitə televiziyaların rolu var. Televiziyalar yaxşı ifaçını ekrana çıxarmalıdır. Bu halı mən bəyənmirəm. Bu, Azərbaycan mədəniyyətinə uyğun deyil.

- Adətən gizli qalan nə varsa, həmişə maraq dairəsində olur. Həmin müğənnilər ekran-efir üzü görməsəydi və istedadlı olduqlarını, lakin telekanalların onlara biganə qaldığını iddia etsəydilər, daha çox maraq dairəsində ola və əhəmiyyət kəsb edə bilərdilər, elə deyilmi?

- Düzdü, o da başqa cür reklam olardı. Lakin mən fikirləşirəm ki, televiziya saatların müəyyən vaxtını şouya, müəyyən vaxtını isə mədəniyyətə, milli musiqiyə, muğama sərf etməlidir. Muğam saatlarını daha çox anons etməlidirlər. İndi şükür Allaha, muğama daha çox diqqət var, ölkə başçısı, xanımı böyük işlər görürlər. Düşünürəm ki, sadə vətəndaşlar da bu işdə maraqlı olmalıdır.

- Yaqub müəllim, necə düşünürsünüz, “praym-taymlar”da - baxımlı efir saatlarında milli musiqi, muğam yayımlansa, hamının nəfəsini dərmədən muğam dinləyəcək? Axı dövr, dəyişən zəmanə öz işini görüb. Gənclər yeni üslublara daha çox meyl edir, çoxluğu da məhz onlar təşkil edir...

- Mənə görə, 6 yaşından məktəbə gedən uşaqlar muğam dərsi keçməlidir. Bu, bizim mədəniyyətimizdir. 90-cı ilərdən bu illərə kimi musiqidə geriləmə var idi. Təəssüf ki, o vaxtın mədəniyyət və turizm naziri bu işə biganə idi. Muğamın, mədəniyyətin bünövrəsi demək olar ki, silkələnmişdi.

Gənclər muğamdan xəbərdar olsalar, dərsini keslər, həm dinləyər, həm də maraqlanarlar. Bilsələr “Şur” nədir, “Çahargah” nədir, dözə bilərlər. Mən Amerikada konsert verəndə tarın səsini eşidənlər ləzzətdən özlərindən çıxırdılar. Öz musiqilərimizlə Azərbaycanı təqdim edək. Siz bunun əksini deyirsiniz və mən sizinlə razılaşmıram.

- Mən, sadəcə, real vəziyyətlə bağlı sual ünvanlayıram. Süfrəyə hər gün aş gəlsə, istər-istəməz adamı bezdirər. Bunu hansı şəkildə təqdim etmək lazımdır ki, yenidən iştah yaratsın?

- O aşa xuruş qatmaqla. Hər gün yanında bir yemək olsun.

- Sintezə necə baxırsınız?

- İnsanlar musiqinin müxtəlif növlərindən yararlanmalıdırlar. Televiziyanı, radionu açırıq, yalnız eyni musiqilər yayımlanır. Televiziyalar ancaq pul qazanmaqla məşğuldurlar. Halbuki televiziyalar cəmiyyətin, xalqın vəziyyətini işıqlandırmalıdırlar. Lakin onlar bunu etmirlər.

- Sizcə, insanları yayındıran yalnız televiziya kanallarıdır?

- Bir qədər çox, bir qədər az...

- Bu etirazlarla yanaşı hansi layihələri görməyi planlaşdırırsınız. Yaradıcılığınızı sevən istedadlı gəncləri başınıza toplayıb Yaqub Zurufçu məktəbi açmağı düşünyrsünüz?

- Hazırlaşıram. Çox istərdim. Gənclərlə, musiqiçilərlə, biznesmenlərlə köməkləşib bir mərkəz yaratmaq yaxşı olardı.

- Sizin estrada səhnəsində də bəyəndiyiniz istedadlı müğənnnilər az deyil, xəbərim var. Onlara birlikdə işləmək istərdiniz?

- Bəziləri var ki, onların maddi vəziyyətləri yaxşı deyil, lakin istedadları var. Hər hansı bir televiziya proqramında iştirak etmək üçün müəyyən məbləğ ödəməlidirlər. Buna görə də onlar öz musiqilərini nümayiş etdtrə bilmirlər.

- Siz onlara kömək etmək fikrindəsiniz?

- Yüz faiz.

- Həmin gənclər az da olsa, mətbuata tanışdır?

- İnşallah, gələn söhbətimizdə bu barədə geniş informasiya verəcəm.

- Sizi dünənki özəl gün münasibəti ilə sənət dostlarından kimlər təbrik etdi?

- Heç kim.

- Niyə? Dostunuz yoxdur?

- Mən hamı ilə dostam. Fikirləşirəm ki, hələ xəbərsizdirlər.

- Niyə? Lent.az-ı oxucularının əksəriyyəti sənətçilərdir.

- Ola bilər. Mənim sənət dostlarımın çoxu mənimlə eyni yaş nəslindən olan müğənnilərdir. Belə şeylər məni narahat etmir. Biliriəm ki, hərə öz işində-gücündədir. Yəqin bu hadisədən xəbərsizdirlər. İki-üç günə yəqin təbrik etməyən insanlar da təbrik edər.

- İstirahətiniz necə keçir?

- Yaxşıdır, Allaha şükür. Şüvəlandayam. Fəaliyyətə başlayana kimi istirahət edəcəm. Qarşıda mən sevənləri yeni konsert proqramı gözləyir, başqa işlərim də olacaq.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1860

Oxşar yazılar