“Simsar” Teatr Studiyasının ilk tamaşası nümayiş olunub
28 yanvar 2011 17:03 (UTC +04:00)

“Simsar” Teatr Studiyasının ilk tamaşası nümayiş olunub

Lent.az-ın məlumatına görə, “insanı idarə edən kiçik taxta parçaları” mənasını verən, “Vaqa” adlı səhnə əsəri Gənc Tamaşaçılar Teatrında nümayiş olunub.

Dörd hissədən ibarət tamaşa pantomim janrında qurulusa da modern, plastika, musiqi və rəqsi özündə birləşdirir. Rolları Pərviz Məmmədrzayev, Qurban Məsimov və Səbinə Məmmədzadə ifa ediblər. Mətnləri isə teatr-studiyanın gənc aktyoru Nicat Həbibzadə səsləndirib. Tamaşanın quruluşçu rejissorları Pərviz Məmmədrzayev və Qurban Məsimovdur.

Tamaşanın birinci hissəsində öz sənətini ifa etməyə çalışan skripkaçının savaşı canlandırılır. Sanki başqa qüvvələr tərəfindən idarə edilən skripkaçı müstəqil olmaq üçün mübarizə aparır. Yaşamaq, yaratmaq istəyi onun əsarətdən qurtulması ilə nəticələnir. Artıq idarə olunmağa öyrəşən insan azad olandan sonra öz ayaqları üzərində dayanmaq üçün xeyli cəhd edir və sonda istəyinə çatır.

İkinci, üçüncü səhnəciklər məzəli məqamları ilə yadda qalır. Satirik çalarlarla əslində bu günün problemləri təsvir olunur.

“Bir gün olar vurularsan, güvənərsən və aldanarsan” – bu, tamaşanın son səhnəciyində öz əksini tapır.

“Simsar” Teatr Studiyasının bədii rəhbəri Pərviz Məmmədrzayev tamaşanın teatr kollektivinin hazırladıqları kiçik pyeslər əsasında ərsəyə gəldiyini bildirib: “Bu bizim öz axtarışlarımızdan, əvvəlki təcrübədən istifadə edərək yeni yollar tapmaq istəyimizdən yarandı. Qəlibə düşməmək üçün tamaşaya qarışıq quruluş verdik”.

Qeyd edək ki, teatr studiyası may ayından fəaliyyətə başlayıb.

Teatr studiyanın bədii rəhbəri əməkdar artist Pərviz Məmmədrzayev, direktoru İradə Nurəddinqızıdır.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806

Oxşar yazılar