Milli Dram Teatrda müqavilələrin imzalanmasına başlanılıb
24 yanvar 2011 15:10 (UTC +04:00)

Milli Dram Teatrda müqavilələrin imzalanmasına başlanılıb

Bu barədə APA-ya xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllimova məlumat verib. F. Mütəllimova artıq müqaviləyə imza atdığını və elə eyni vəzifədə işə götürüldüyünü deyib: “Teatrda yerim dəyişilməyib. Elə eyni işə qəbul olunmuşam. Müqavilə bir il müddətinə bağlanıldı. Şərtlərlə yaxından tanış oldum və imzamı atdım”. Aktrisa qeyd edib ki, bu il ərzində beş tamaşanın hazırlanması qərarlaşdırıb və o, tamaşaların rol bölgüsünü gözləyir: “Görək, hazırlanması nəzərdə tutulan beş tamaşadan hansında mən olacağam. Hər şey nəticədən asılıdır”.

Xalq artisti Bəsti Cəfərova da APA-ya artıq Akademik Milli Dram Teatrı ilə bir illik iş müqaviləsini imzaladığını açıqlayıb. Aktrisa bildirib ki, əvvəlcədən elan olunan müsabiqənin ləğv olunmasından razılığını dilə gətirib: “Əslində elan olunan müsabiqə bizə aid edilməməli idi. Çünki mən 30 ildən artıq bu teatrda çalışıram, hamı mənim nəyə qadir olduğumu bilir. Doğrudur, hər biri ilə izahat aparmaq lazım idi. Çünki Akademik Milli Dram Teatrının ştatından artıq lazımsız aktyorlar var. Ancaq yenə də hamı öz işini teatrda davam etdirir. Hər halda bizim müsabiqəyə ehtiyacımız olmasa da, çoxlarının var idi. Bu müsabiqəni bizə aid etməyib, lazım olanları aid etsəydilər daha yaxşı olardı”. Bəsti Cəfərova qeyd edib ki, illərlə özünü təsdiq etmiş aktyoru müsabiqədən keçirməyə ehtiyac yoxdur. O bildirib ki, bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çox istedadlı gənc kadrlar var ki, onlar teatra yol tapa bilmirlər: “Bu üsulu elə edə bilərdilər ki, bu istedadlı gənclər teatra yol tapsınlar. Gənclər üçün mütləq bu müsabiqələri keçirmək lazımdır, yoxsa hamısı itib-batacaq. Mənim ürəyim qan ağlayır ki, bu cür gənclər özlərinə yer tapmırlar. Mənin hamını işdən çıxarmağın elan olunmasının tərəfdarı deyildim. Burada söhbət qorxmaqdan getmir, sadəcə, bunu eləmək yaxşı deyildi”.

B. Cəfərova onu da bildirib ki, imza atdığı bir illik müqavilənin şərtlərində nizam-intizama riayət etmək, məşqlərə vaxtında gəlmək, ifa edilən rolun ədəbi mətninin, rejissorun yozumunun, səhnə qaydalarının pozulmasına yol verməmək, aktyor saflığını və xarici görünüşü qorumaq, həmin keyfiyyətləri ifa edilən rolun mahiyyətinə uyğunlaşdırmaq tələb olunur. Aktrisa şərtlərdən razı olduğunu deyib və müqavilədə sadalananlara riayət edəcəyini bildirib.
B. Cəfərova teatrda aparılan islahatlara optimist yanaşdığını vurğulayıb və əlavə edib ki, 4 ildən artıqdır ki, ancaq universitetdə dərs deyir və teatr səhnəsinə çıxmır: “Rollar müəyyənləşəndən sonra əlbəttə yenidən özümə baxmağa başlayacağam. Əgər səhnəyə çıxıb rol ifa ediriksə, sözsüz ki, bunun bütün məsuliyyətini anlayırıq. Xüsusi trenojorlarla məşğul olub, bədən quruluşumu qaydaya salacağam. 4 ildən çoxdur tamaşa oynamıram, ancaq bundan sonra özümə daha yaxşı baxacağam”.

Xalq artisti Zərnigar Ağakişiyeva da APA-ya açıqlamasında artıq teatrla bir illik müqaviləyə imza atdığını diqqətə çatdırıb. Aktrisa açıqlamasında müqavilədə göstərilən bütün şərtlərdən razı olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866

Oxşar yazılar