“Tarkan dizini yerə qoyub üzünü bizə tərəf çevirdi və...” - MÜSAHİBƏ -
19 yanvar 2011 11:52 (UTC +04:00)

“Tarkan dizini yerə qoyub üzünü bizə tərəf çevirdi və...” - MÜSAHİBƏ -

Gənc olmasına baxmayaraq, artıq yetərincə tanınan və sevilən tarzən, “Humay” Qızlar Ansamblının rəhbəri Humay Qədimovanın Lent.az-a eksklüziv müsahibəsi

- Ötən ilin axırlarında Türkiyədə möhtəşəm konsert proqramı ilə çıxış etdiniz. Bu layihənin davamı olacaq?

- Bildiyiniz kimi, solo ifaçılığa 2010-cu il sentyabrın 12-də Opera və Balet Teatrında keçirdiyim ilk solo konsertlə başlamışam. Bu konsert tam fərqli bir formatda oldu. Saat yarımlıq konserti üç hissəyə böldük. Açılışda “Nənələr” qrupunun tar ilə ifasını təqdim etdik. Alim Qasımov, Elnarə Abdullayeva, İlqar Muradov, Samir Cəfərov və digər ifaçılar üçlüklə səhnəyə çıxdılar. Yekunda da klassik estrada janrında olan mahnılar səsləndi. Tarın bütün inkişaf formalarını, ifa növlərini göstərməyə çalışdıq. Hesab edirəm ki, Bakı konsertim böyük marağa səbəb oldu. Çünki tar alətində hər bir janrda ifaların toplandığı konsert olmamışdı. Bu məsuliyyət mənim boynuma düşdü. Güman edirəm ki, bacardığım qədər bu işin öhdəsindən gələ bildim.

Biz fikirləşdik ki, bu konsertləri layihə şəklində Azərbaycandan kənara, Avropaya çıxaraq. Əsas məqsədimiz də milli alətimiz olan tarı bütün dünyaya tanıtmaqdır. İlk olaraq Türkiyədən başladıq. İstanbulda “Tim Moslak Show Center”də 2300 nəfərlik salonda konsert proqramı ilə çıxış etdik. Xanəndə olaraq Elnarə Abdullayeva bizimlə getmişdi. Bundan başqa Kibariyəni də tarda müşayiət etdim. Yaxın günlərdə konsertin video materialı tamaşaçılara təqdim olunacaq. Orda ilk konserti canlı korifeyimiz Zeynəb Xanlarova verib. Şərəf duyuram ki, Azərbaycandan ikinci nümayəndə olaraq orda konsert vermək mənə qismət oldu. Təbii ki, layihəni davam etdirmək fikrimiz var. Məşqlərimiz gedir. Güman edirəm ki, yaxın vaxtlarda layihənin daha biri baş tutacaq. Sadəcə gecikməkdə səbəb odur ki, yeni, maraqlı seçimlər etmək istəyirik. Elə konsert vermək lazımdır ki, səviyyəsi, sanbalı ilə yadda qalsın. Müasir formada olsun, amma çərçivəni aşmasın. Bu konsertə dırnaqarası yanaşmaq olmaz. Ümumiyyətlə, mən gündə bir mahnı ilə efirdə görünməyin tərəfdarı deyiləm. Az olsun, ancaq yaxşı olsun.

- Sənətində müəyyən ilklərə imza atanlardan sayılırsınız. Tarla bağlı mövcud stereotipləri qıranlardan birisiniz – indiyədək tarda ifa demək olar ki, kişilərə məxsus idi. İndi gənc bir xanımı da, əlində tar efirdə görməyə başlamışıq. Çətin deyil?

- Ümumiyyətlə, tar çox çətin alətdir. Bir gün tarı əlinə almasan, özün bilirsən. İkinci gün əlinə almayanda ətrafındakı musiqiçilər bilir. Üçüncü gün əlinə almayanda hamı bilir. Bu, elə bir alətdir ki, onunla hər gün mütəmadi şəkildə məşğul olmaq lazımdır. Hacı Məmmədovun qonşuları deyirmiş ki, “Hacı müəllimin qapısının kandarından keçəndə tarının səsini eşitmiriksə, bilirik ki, o, evdə yoxdur”. Hacı müəllimin özü deyirdi ki, “tarzən sutkanın 24 saatının 25 saatı bu alətlə məşğul olmalıdır”. O baxımdan, bu alət xanımlar üçün daha çətindir. Ailə ilə sənəti birlikdə çatdırmaq müşkül işdir. Amma subay olduğuma görə, hələ rahatçılıq var.

- Deyirlər ki, tar ağır, güc tələb edən alətdir. Özünüz də incə bir xanımsınız. Tarı saatlarla əlinizdə saxlayanda yorulmursunuz?

- Şükürlər olsun ki, əziyyət çəkmirəm. Bu, Allahın mənə verdiyi gücdür, öz gücüm deyil. Məndən güclü qızlar var ki, ifa zamanı bir az çətinlik çəkirlər. Allah istedadı verəndə potensial da verir.

- Maraqlıdır, bəs niyə məhz tar?

- Deyə bilmərəm ki, kiminsə ifasını eşitdim, ondan sonra məndə tara maraq oyandı. Qardaşım tar ifaçısı olub. Eyni vaxtda musiqi məktəbinə getmişik. O tar, mən fortepiano sinfinə. Fortepianodan istədiklərimi ala bilmirdim sanki. Çünki o alətdə muğam ifa etmək olmur. Amma tarda mümkündür. Ümumiyyətlə, nədənsə mən uşaqlıqdan daha çox kişilərin məşğul olduğu işlərə can atmışam. Qız incəliyindən bir qədər uzaq olmuşam. Ola bilsin daxilim bu cür olduğuna görə, seçimim də elə olub. Asəf Zeynallı adına Musiqi Kollecində bütün qrupda qız tarzən bir mən idim. Milli Konservatoriyada isə ikinci-üçüncü kursda oxuduğum vaxt qız tələbə qəbul olundu.

Artıq iki ilə yaxındır, udda çalmağı öyrənirəm. Azərbaycanda ud alətində də çalan qız ifaçı yoxdur. Ümumiyyətlə, bizdə ud tədris edən məktəb belə mövcud deyil. Ərəb, türk ifaçılarının lent yazılarına qulaq asa-asa öyrənməyə başladım. Təbii ki, tarı bilməyim bu işdə mənə kömək oldu.

- Hazırda Şuşa musiqi texnikumunda dərs deyirsiniz. Tələbələriniz arasında qızlar var?

- Xeyr. Hamısı oğlanlardır. Buna çox təəssüf edirəm. Asəf Zeynallı adına musiqi kollecinə qəbul olunan vaxt hamı mənə qəribə baxırdı ki, “qıza bax e, tar çalır. Qız hara, tar hara?” Qardaşım da hirslənirdi ki, “gül kimi sənətin vardı. Sənə bu lazımdı?” Yaşa dolduqca baxırsan ki, qadın kişi olmağın fərqi yoxdur. Əsas odur ki, sənəti sevəsən. Mən çox istərdim, qızlarımız da bu sənətə maraq göstərsinlər.

- “Lalə” Qızlar ansamblından sonra ölkədə tanınan bir kollektiv yaratdınız. Bu ansamblı yaradanda, ifaçıları toplayanda nə kimi çətinliklərlə qarşılaşdınız? “Humay” da “Lalə” qızlar ansamblının aqibətini yaşamasın deyə, kollektivi nə dərəcədə qorumağa çalışırsınız?

- Ceyran Haşımova Bakıdakı konsertimə gələndə dedi ki, “sən yaxşı edib solo fəaliyyətə başladın. Çünki ansamblda rəhbər kimi çalışmağı heç kimə arzulamıram”. Onun sözündə böyük həqiqət var. Həqiqətən də çox çətindir. Həddən artıq... Onları toplayıb bir araya gətirmək, ya da hansısa alətin ifaçısını tapmaq... Bildiyiniz kimi, efirə üçlük çıxırsa, tarın yanında mütləq kamança olmalıdır. Həmçinin də nağaranın yanında qoşa olmalıdır. Nağaranın ürəyi qoşadır, qoşanın ürəyi nağaradır. Amma nağaranı tapırsan qoşa qalır, ya da əksinə. Bunları tapıb bir araya gətirmək çox çətindir. Başqa bir şey də var ki, tar-kamançadan biri zəif oldusa, ifa yaxşı alınmayacaq. Nağara, qoşada da biri zəif oldusa, iş getməyəcək, ritm stabil işləməyəcək. Ona görə də çox çətindir. İstedadlı qızlarımız var. Musiqi məktəbini bitirirlər. Amma sonra ardınca getmirlər. Ya evdə valideynləri qoymur, ya da öz həvəsləri olmur. Belə problemlərlə üzləşib yarımçıq qoyurlar. İstedadlı qızlar çoxdur, amma musiqini yarımçıq qoyanlar ondan da çoxdur.

Allaha şükür, ansambl hələ ki fəaliyyətini davam etdirir. Ansamblla bağlı başqa bir fikrimiz var. Həyata keçəndən sonra ətraflı məlumat verəcəm.

- Bildiyimiz kimi, yerli sənətçilərlə yanaşı, Tarkan, Rafet El Roman, Sərdar Ortac, Alişan kimi türk müğənnilərini müşayiət etmisiniz. Onlarla bizim müğənnilər arasında nə fərq var?

- Sadəlik... Türk müğənniləri çox sadədirlər. Meqastar Tarkan məşq prosesində bizimlə məsləhətləşirdi ki, “bəlkə bunu belə edək”. Baxmayaraq, bu, onun öz repertuarı idi, istədiyini edə bilərdi. Hətta dizini yerə qoyub üzünü bizə tərəf çevirdi və oxudu. Gözlərimizə inanmadıq. Mən buna sadəlik deyirəm. Bizim müğənnilər bunu etmir axı. Bizimkilər diz qoyurlar yerə?! Ya musiqiçilərlə məsləhətləşirlər?! Xeyr, mən bunu yüz faiz əminliklə deyirəm. Çünki onlarla işləyirəm, bilirəm. Öz müğənnilərimizə pis deyə bilmərəm, əlbəttə. İfaçılıqlarına söz yoxdur. 2008-ci ildə Heydər Əliyev Sarayında Röyanın konsertində onu müşayiət etdik. Röyada o sadəliyi gördüm. Bizimlə məsləhətləşirdi. Çünki özü də etiraf edirdi ki, xalq mahnılarının ifasında o qədər də səriştəsi yoxdur. Azərbaycan müğənnilərindən Röyada, bir də Zamiqdə o sadəliyi görmüşəm. 2010-cu ilin əvvəlində Zamiq Yaşıl Teatrda konsert verdi. Orda tar-kamançanın müşayiəti ilə “Sarı gəlin”i ifa etdi. Ümumiyyətlə, Zamiq hörmət etdiyim ifaçıdır. Sənətini çox bəyənirəm. İnsanlıq keyfiyyətlərini ondan da çox. Bəziləri də var ki, sadəlikdən uzaqdırlar. Amma ad çəkmək istəmirəm. Həmişə deyirəm ki, mənim oxuyanlarla işim yoxdur. Hər kəsə şəxsiyyətinə görə hörmət edirik.

- Tanınan sənət adamları sırasında artıq sizin də adınız var. Üzdə olan xanımlar haqqında da mütləq dedi-qodular olur. Sizin də haqqınızda belə şayiələrin yaranacağından narahat deyilsiniz?

- İndiki zəmanədə hər şeyi gözləmək olar. Bu, özündən razılıq kimi səslənməsin, amma mən elə fikirləşirəm ki, mənim haqqımda şayiə yaranmaz. Populyar müğənnilər bəzən özləri də bilmədən tamaşaçı qarşısında elə səhvlər edirlər ki, dedi-qoduya rəvac verirlər. Həmin dəqiqə də gözdən düşürlər. Azərbaycan tamaşaçısı da belədir - nə qədər yaxşı olursan ol, bir səhv buraxan kimi, yaxşı şeylərin hamısı unudulur, olursan pis. Mən bu vaxta qədər reklam olunmaq məqsədilə efirə geyimimlə, maşınımla çıxmamışam. Bir də görürsən, müğənni çıxıb efirə. Gözləyirəm ki, indi hansısa layihəsindən danışacaq. Amma əksinə, geyimini, maşınını, evini nümayiş etdirir. Mən elə ifaçılardan deyiləm. Belə şeylərə də çox pis baxıram. Bilirsiniz niyə? İnsan gərək həmişə sadəliyini qorusun. Məcburi köçkünlərimiz, kimsəsiz qocalarımız, uşaqlarımız, bir tikə çörəyə möhtac adamlar belə şeylərə baxanda pis olurlar. Bu, böyük günahdır.

Mən ancaq sənətimlə göz qabağındayam. Ona görə də hesab edirəm ki, mənim haqqımda hansısa xoşagəlməz şayiə yayılmaz. Amma yenə deyirəm, hər cür insan var, hər şey ola bilər...

- Bir də məşhur xanımların ailə qurmasında problem olur. Sizin sənətiniz nə vaxtsa ailə qurmağınızda problemə çevrilsə, necə seçim edərsiniz?

- Səmimi deyirəm, mən sənətsiz qala bilmirəm. Bir gün tar çalmayanda ürəyim partlayır. Bu, boğazdan yuxarı deyilən söz deyil. Tar mənə doğma övlad kimidir. Mütləq deyil ki, mən bunu hər gün efirdə nümayiş etdirim. Tarı efir üçün sevmirəm. Gedib evin küncündə çalaram, amma bilərəm ki, rahatladım. Elə şeylər var ki, insanlar məni başa düşmür. Amma o qara tar məni gözəl anlayır. Hərdən anam deyir, “bəlkə elə bir adamla ailə qurdun ki, bütün bu əziyyətlərini nəzərə almayacaq və sənətdən getməyini istəyəcək”. Mən o barədə çox fikirləşmişəm. Məncə, sənəti ailəyə qurban vermək olar!

- Deməli, qarşınıza layiqli bir namizəd çıxsa və sənəti tərk etməyinizi istəsə, bununla razılaşacaqsınız...

- Bəli. Təbii ki, layiqli namizəd (gülür). Amma sənəti ataram, tarı yox..

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2469

Oxşar yazılar