Azərbaycan teatr tarixində ilk
14 yanvar 2011 17:41 (UTC +04:00)

Azərbaycan teatr tarixində ilk

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov direktor təyin olunduğu müddət ərzində jurnalistləri üçün ilk mətbuat konfransını keçirib. Lent.az-ın məlumatına görə, İ. İsrafilov konfrans zamanı teatrın fəaliyyəti ilə bağlı nəzərdə tutduğu üç illik proqramını açıqlayıb. O, teatrda ciddi əmək və yaradıcılıq intizamının, repertuar siyasətinin yaradılacağını deyib.

Teatr rəhbəri qeyd edib ki, yazarlardan Afaq Məsud, Orxan Fikrətoğlu və Günel Anarqızı, rejissorlardan Azər Paşa Nemətov, Vaqif İbrahimoğlu, Bəxtiyar Xanızadə və finlandiyada yaşayan həmyerlimiz Kamran Şahmərdan, aktyorlardan Fuad Poladov, Fəxrəddin Manafov, Elşən Rüstəmov və Mehriban Zəki teatra müqavilə yolu ilə dəvət olunublar. Belə ki, Azər Paşa Nemətov “Hacı Murad”, Vaqif İbrahimoğlu “Lənkəran xanının vəziri”, Kamran Şahmərdan Elçinin “Teleskop” əsərlərini səhnələşdirəcək. Afaq Məsudun “Yol üstə” əsərinə isə Mehriban Ələkbərzadə quruluş verir.

Direktor “Azdrama”nın yaxın aylar ərzində gedəcəyi qastrol səfərlərini də açıqlayıb. Onun sözlərinə görə, teatr İsveçə, Kanadanın üç şəhərinə, Daşkənd, Ukraynaya qastrol səfərlərinə gedəcək. Bundan başqa Azərbaycan teatr tarixində ilk dəfə olaraq məhz “Azdrama” iki tamaşa ilə Moskva Bədaye Teatrının səhnəsində çıxış edəcək: “Həmin teatr da özünün iki tamaşası ilə bizim teatrın qonağı olacaq. Onu da qeyd edim ki, biz Türkiyədən Şakir Gürzümarı, Gürcüstandan Robert Sturua və Levan Tseladze, Kişinyov teatrından Peter Rudkaro, İtaliyadan Luka Ronkonini teatra dəvət etmişik. Mən yanvarın axırı Milana gedəcəm və Luka Ronkoninin tamaşalarına baxacam. əslində 2016-ci ilə qədər onun planı dolub. Amma bizdə 2012-ci ildə tamaşa qoymağa razılıq verib. O, bizin teatrda Covanni Verqanın “Dişi canavar” əsərini səhnələşdirəcək”.

İ. İsrafilov Akademik Milli Dram Teatrı ilə Afina teatrının birgə layihəsi barədə də danışıb. Layihəyə görə, Robert Sturua “Figeniya Tavritdə” əsərini yunan və Azərbaycan dillərində tamaşaya qoyacaq. Tamaşada hər iki ölkənin aktyroları iştirak edəcək. Əsas obrazı – Figeniyanı isə Yunanıstanın məşhur teatr və kino aktrisası Tamilla Quliyeva yaradacaq: “Nəzərdə tutduğum 3 illik proqram çərçivəsində yerli və dünya ədəbiyyatından əsərlər səhnələşdiriləcək. Onların arasında klassiklərimizin də əsərləri yer alıb. Perspektivdə 25-30 əsər var”.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1024

Oxşar yazılar