“Azdrama”da müsabiqə ləğv olundu - FOTO
14 yanvar 2011 16:35 (UTC +04:00)

“Azdrama”da müsabiqə ləğv olundu - FOTO

Akademik Mili Dram Teatrının yeni kollektivinin formalaşdırılması üçün keçiriləcək müsabiqə olmayacaq. Lent.az-ın məlumatına görə, bunu teatrın direktoru İsrafil İsrafilov yanvarın 14-də keçirdiyi ilk mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, teatrın truppası tam heyətlə yenidən işə başlayacaq. Bu təkliflə İsrafil İsrafilov şəxsən özü mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət edib: “Sağ olsun, nazir məni başa düşdü və təklifimi qəbul etdi. Truppada heç kimə toxunulmayacaq”.

Lent.az-ın “Fikrinizi dəyişməyə nə səbəb oldu?” və “Müsabiqəni aktyorları qorxutmaq məqsədilə elan etmişdinizmi?” suallarına İ. İsrafilov belə cavab verib: “Bunu aktyorları qorxutmaq məqsədi kimi başa düşməyin. Sadəcə insafsızlıq etmək istəmədim. Yeni rəhbər kimi onlara şans vermək qərarına gəldim. Bəlkə şərait dəyişsə, onlar da dəyişdi”.

Direktor bildirib ki, bütün truppa bir teatr mövsümlük müqavilə ilə işləyəcəklər. Bu teatr mövsümü ərzində 5-6 tamaşa səhnələşdiriləcək. Onlardan ən azı 3-də hər aktyor rol alacaq. Bütün resenziyalar aktlaşdırılaraq arxivdə saxlanacaq. Müqavilə müddəti başa çatanda isə aktyorların işinə baxılacaq, fəaliyyətinin davam edib-etməyəcəyinə qərar veriləcək.

Müqavilələrin imzalanması yanvarın 17-dən ayın sonuna qədər davam edəcək.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1209

Oxşar yazılar