Musiqili Komediya Teatrı yenə beynəlxalq müsabiqədə
13 yanvar 2011 17:02 (UTC +04:00)

Musiqili Komediya Teatrı yenə beynəlxalq müsabiqədə

Hazırda Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yerləşdiyi tarixi binada təmir-tikinti işləri sürətlə davam edir. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, burada təmir-tikinti işləri ilə yanaşı, binanın daxilindəki avadanlıqların da yeniləri ilə əvəzlənəcəyi nəzərdə tutulur.

Zəngin repertuara malik 100 yaşlı teatrın binası tezliklə tam yenilənmiş halda tamaşaçıların ixtiyarına veriləcək. Lakin teatr təmirə bağlansa da, yaradıcı kollektiv fəaliyyətini dayandırmayıb. Yeni tamaşalar hazırlanır və teatrın müvəqqəti olaraq yerləşdiyi Dənizçilərin Mədəniyyət evində tamaşalar göstərilir.

Məlumatda bildirilib ki, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının (rus bölməsi) qəhrəmanı Gülçöhrə – Yuliya Heydərova yanvarın 14-də Sankt-Peterburqa yola düşəcək. Özünəməxsus ifası ilə tamaşaçıları heyrətləndirən aparıcı solist Sankt-Peterburqda keçiriləcək “Raynsberq Sarayında kamera operas” adlı gənc opera ifaçılarının festivalında iştirak edəcək. Solist-vokalist kimi öz imkanlarından geniş istifadə edən, gözəl aktyorluq qabiliyyətinə malik olan Yuliya Heydərova artıq bir neçə ildir ki, Musiqili Komediya Teatrında çalışır. İşlədiyi müddət ərzində teatrın rus bölməsində “Silva” tamaşasında Stassi, “Maritsa”da Liza, “Şən dul qadın”da Valentina, “Arşın mal alan”da Gülçöhrə, “İddialı qaraçı”da Zari, “Qırmızı papaq”da Qırmızı papaq və dovşan, “Düyməcik”də Düyməcik və Elfa, “İki küpə girən qarı”da Gözəl Yelena, “Qızıl cücə”də cücə və dovşan, “Yağış göbələyinin macəraları”da Bratiklis kimi rolları özünəməxsuz ustalıqla oynayıb.

Qeyd edək ki, bu müsabiqə Musiqili Teatrların Beynəlxalq Assosiasiyası tərəfindən keçirilir. Assosiasiya 2004-cü il aprel ayının 12-də musiqili teatrlar şəbəkəsinin daha da inkişaf etməsi, onların yaradıcılığının dəstəklənməsi və inkişafı üçün mühüm tədbirlər həyata keçirmək məqsədi ilə yaradılıb. Hal-hazırda Assosiasiyanın tərkibinə Azərbaycan da daxil olmaqla Rusiya, Belarus, Qazaxıstan, Ukrayna və s. dövlətlərdən 30-dan yuxarı teatr daxildir. Dövlət Musiqili Komediya Teatrı isə Beynəlxalq quruma daxil olan ilk Azərbaycan teatrıdır.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 877

Oxşar yazılar