Tanınmışlar 2010-u necə xatırlayacaqlar? - SORĞU
31 dekabr 2010 12:53 (UTC +04:00)

Tanınmışlar 2010-u necə xatırlayacaqlar? - SORĞU

Ömrümüzə bir daha heç vaxt qayıtması mümkün olmayan daha bir ili yola salırıq. Təkrar yaşaya bilməyəcəyimiz bütün illər kimi bu il də bizi bir yaş daha yaşlandırdı. (Təbii ki, gəncliyə doğru gedənlər də var, amma yenə məntiqi nəticə eynidir).


İlin sonunda özünə hesabat verən hər kəs 2010-u bir cür xatırlayacaq. Bu il kimisi üçün ümumiyyətlə, heç nə ilə yadda qalmadı, sıradan bir il oldu, kimisi üçünsə, ömrünün sonunadək unudulmayacaq xatirələrlə dolu oldu, həyatını dəyişdirəcək hadisələr baş verdi.



Lent.az mədəniyyət sahəsində tanınmış bir neçə nəfərə üç sualla müraciət etdi:
1. 2010-cu il sizin üçün necə bir il oldu?
2. Yeni ili necə və harada qarşılamaq fikriniz var?
3. Yeni ildən nələr gözləyirsiniz?

Tanınmışlardan maraqlı cavablar aldıq. Həmin cavabları oxuyucuların diqqətinə çatdırırıq.



2010 aktyor Arif Quliyev üçün uğurlu il olub. Sənətçi Lent.az-ın sorğusuna cavabında belə deyib: “2010-cu il mənim üçün uğurlu olub. Hər şey yaxşıdır, istər teatrda, istər şəxsi həyatımda. Teatrda il ərzində üç yeni obraz oynamışam - “Amerikalı kürəkən”də həkim, “Şeytanın yubileyi”ndə operator Qulamhüseyn, indi də Qoqolun “Evlənmə” tamaşasında Yevakin obrazı mənə həvalə edilib, məşqlərini edirik. Şəxsi həyatımda isə sağ-salamatam, əsas odur. Ailəm, dörd nəvəm də sağ-salamatdır. Bundan başqa insana nə lazımdır. Yeni ili isə evimdə ailəmlə qarşılayacağam, bir-iki yerə təbrikə gedib evə qayıdacağam, amma efir vasitəsi ilə hər ailənin qonağı olacağam. Qarşıdan gələn dovşan ilində hər şeyin daha da yaxşı olacağına da inanıram.”


Dövlət Pantomima Teatrının bədii rəhbəri Bəxtiyar Xanızadə dedi ki, ötməkdə olan il onun üçün həmişəki ötən illərdən biri olub: “Həmişə olduğu kimi bir il də qocaldıq. Yeni gələn ili evimdə, ailəmlə qarşılayacağam. Gələn ildən də təmənnam yalnız can sağlığıdır”.


Xalq artisti aktrisa Bəsti Cəfərova isə bildirdi ki, bu suallar ətrafında düşünməyə heç vaxtı olmayıb: ”Qızım son siniflərdə oxuyur, onun təhsili ilə bağlı işlər, ev qayğıları, teatrdakı qarmaqarışıqlıq başımı o qədər qarışdırıb ki, siz sual verəndə bu barədə ani düşündüm. Ağlıma gəldi ki, ağır il oldu. Həm mənim, həm də elə həmkarlarım üçün. Ağır itkilər verdik, Telman Adıgözəlov kimi dost itirdik. Çox həmkarımız ağır xəstəliklərə düçar oldu. Yeni ili isə artıq neçə illərdir, qızım dünyaya gələndən evimdə, qızımla baş-başa keçirirəm, onun yanında olmağa, sevincini bölməyə çalışıram. Bu il bacım da uşağını da götürüb bizə gələcək, yeni ili birgə qarşılayacağıq. İstərdim ki, hamımızın, bütün insanların çətinlikləri arxada qalsın, insanlar rahat, firavan ömür sürsünlər. Ömür onsuz da qısadır, onu da heç kim “neyniyim, necə eliyimlə” keçirməsin, bu müşkül vəziyyət hamıdan uzaq olsun”.


Aktrisa Həmidə Ömərova üçün də 2010-cu il əlamətdar heç nə ilə yadda qalmayıb: “Uğurlu işlərim də olub, uğursuz da. Şükür, yadımda pis il kimi qalacaq hadisələr olmadı. Ümidimi yeni ilə bağlamışam, Tanrı hamımızın arzularını gerçəkləşdirsin”.



Aktrisa artıq neçə ildir ki, xəstə anasını tək qoyub, yeni ili istədiyi yerlərdə keçirə bilmir. “Oğlum istəyir ki, səyahətə çıxaq, amma anamı qoyub getsəm, vicdan əzabından qurtara bilmərəm, odur ki, evdə qarşılayacağam yeni ili”.


Soruşduqlarımdan yalnız aktyor, xalq artisti Ramiz Novruzovun şəxsi həyatında xoş günlər olub, kiçik oğlunu evləndirib, böyük oğlunun oğlu, nəvəsi dünyaya gəlib. Sənətçi ailəsi ilə birlikdə yeni evə köçüb: “Bunlarla bahəm, bu il mənim yaddaşımda ən yaxın dostumu itirdiyim il kimi qaldı, bu il mənim əlimdən Telmanı aldı. Onu nə gələn, nə o biri illər mənə qaytaracaq”.
Aktyor da yeni ili öz ailəsi ilə birlikdə qarşılayacaq. Gələn ildən isə yalnız xoş xəbərlər istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734

Oxşar yazılar