“Mən 30 yaşında qırmızı “Ferrari”mdə divara çırpılıb, öləcəyəm” - MÜSAHİBƏ
30 dekabr 2010 14:13 (UTC +04:00)

“Mən 30 yaşında qırmızı “Ferrari”mdə divara çırpılıb, öləcəyəm” - MÜSAHİBƏ

Onu tanıyanda ilk baxışda bir təsəvvür doğur: «vampir». Niyə soruşacaqsınız - onun vampiri xatırladan dişlərinə və qəribə, bir az sirli, hətta insanı haradasa vahiməyə salan baxışlarına görə... O səni özündən çıxara biləcək dərəcədə etinasız olmağı bacarır. Hətta saymazyana təsəvvürü də bağışlayır. Ancaq az keçmir ki, üzündə «şeytan tükü» olan bu gənc və istedadlı oğlana rəğbətini gizlədə bilmirsən. İstedadlı olduğu qədər də təkəbbürlü və özündən razıdır. Uzatmayım – Lent.az üçün müsahibim Ramil Ağasiyevdir – 22 yaşda artıq 2 filmə imza atmış gənc rejissor…

Mənə şeytan deyirlər…

- Müasir gənclik daha çox gəlir gətirən peşələrlə maraqlanır. Rejissura bu siyahıya aid deyil. Çünki Azərbaycanda kino sənətinin tənəzzül prosesini yaşaması sirr deyil. Bunu bilirsiniz və yenə də...

- Mən kinonu dəlicəsinə sevirəm. Yaratmağı sevirəm. Gəlir məni hələ ki, maraqlandırmır.

- İndi maraqlandırmır. Çünki 22 yaşınız var. Lakin ailə qayğıları yarandıqdan sonra belə düşünməyəcəksiniz axı.

- Bilirsiniz, ona görə də mən evlilik-uşaq planlaşdırmıram. Ən azı 30 yaşına qədər. 30 yaşında isə kim bilir… Hələlik anlarla və dəqiqələrlə yaşamağım mənə yetir.

- İndiki anınız kino ilə bağlıdır?

- Bəli. Repar Qaraqanın «Damdan aşağı» əsəri üzrə «Həyatın acığına» filminin çəkilişlərinə hazırlaşıram. Olduqca maraqlı süjet xətti var.

- Qaraqanı satanizmə meyl etməkdə günahlandıranlar çoxdur...

- Nə olsun ki… Mənə de şeytan deyənlər az deyil. Yalnız ona görə ki, kütləyə qoşulub, hamı kimi kor-koranə dinlərə inanmıram. Mənim öz Allahım var. Dinlər isə hamısı absurddur.

- Sizin Allahınız hamı tərəfindən qəbul olunan Tanrı stereotipindən çox fərqlənir bəyəm?

- Hə, çünki mənim Allahım mənim yanımdadır həmişə. Mən onunla mütəmadi görüşürəm, söhbətləşirəm, xəyallarımı, arzularımı müzakirə edirəm. Bir də görürsən saatlarla bir masanın arxasında oturub, fikirləşirik...

- Üzr istəyirəm, danışdıqlarınız paranoya deyil ki?

- Qətiyyən! Bu sevgidir! Mənim Allahım azad fikirlərimi bölüşəcək yeganə (fikrə gedir) bilmirəm necə deyim ki, düz olsun.

- Canlıdır ya cansız?

- Həm canlıdır, həm də cansız. Ancaq inanın ki, nə zaman fikirlərimi onunla bölüşmək istəmişəmsə, mütləq alınıb. Sanki xeyir-dua verir mənə.

- Bəs verməyəndə necə?

- Onda özüm hiss edirəm baş verəcəkləri... Çünki hissiyyatım son dərəcə güclüdür. Hətta kiminləsə münasibət quranda belə onun nə ilə nəticələnəcəyini duyuram.

Gənc qızların hamısı pafosla danışır

- Çəkdiyiniz filmlə bağlı nə duyursunuz?

- Duyuram ki, 100/100 uğur qazanacağam. Sadəcə bir problemim var. Hələ ki, 3 kastinq keçirməyimə rəğmən, yenə də baş rolun ifaçıları olacaq 2 qızı tapa bilmirəm.

- Ramil, bizdə film çəkmək olmasa da, filmdə çəkilmək arzusunda olan yüzlərlə gənc qız var. Onlar populyarlaşmaq xəyalı ilə yaşayırlar. Yəni aralarında Sizin yaradıcı parametrlərə uyğun olanı yoxdur?

- Parametr dedikdə... Ola bilər fiziki görkəm baxımından deyirsiniz. Ancaq problem pafosdadır. Bu qızların 80 faizi pafosla danışır. Üstəlik də ki, dil qüsuru, ləhcə. Mən isə səsi yerində yazmaq istəyirəm. Ümumiyyətlə, kinoda xarici görünüş nə qədər mükəmməl olsa belə, pafos olan yerdə, təbiilik itdiyindən o arxa plana keçir. Rolu yaşamaq lazımdır. Bu kanonlara kim özünü hazır bilirsə, buyursun, müraciət etsin – ramilaqasiev@hotmail.com

- Aktyor nə qədər 1 ömrü boyu atılmış qadını, oğlunu itirmiş valideyni, sərsəm dilənçini ya intihar edən yeniyetmənin həyatını yaşasın? Axı bu psixoloji gərginlikdən azad olmaq məsələsi də var. Xaricdə artistlər buna görə yetərincə qonorar alırlar ki, sonrakı reabilitasiya dövrünü də asan keçirsinlər. Bizdəki qonorarlar isə buna da imkan vermir.

- Tarixdə bir çox aktyorlar obrazlarından sözün əsl mənasında çıxa bilməyiblər. Ancaq sənət də elə budur - yaşamaq və lazım gələrsə yanmaq.

- Özünüz də ssenaridəki həyatı yaşayırsınız?

- Əlbəttə.

- Çıxmaq çətin olur?

- O qədər də yox.

- Bəlkə o qədər də canlı yaşamırsınız o hissləri?

- Yox, sadəcə montaj stoluna oturan kimi o ab-havadan özümü çıxarmağı bacarıram. Çünki qüsurlarımı tapmalıyam.

- Ramil, indi gənclər şəraitsizlikdən çox şikayətlənirlər. Film çəkmək, ya hansısa proyekti reallaşdırmaq üçün vəsait tapmağın mümkünsüzlüyündən, dövlətin lazımi qayğısının olmamasından ya daha yaşlı nəslin onlara imkan verməməsindən danışmaq dəbli mövzudur. Ancaq nədən biz gənclərin kino layihələrindən əvvəlki filmlərdə olan zövqü ala bilmirik. Estetika itib sanki. Siz gənclər həddən artıq modern düşünürsünüz, ya başqa səbəb var?

- Səbəb təhsildir. Bilirsiniz, tutaq ki, sovet vaxtı çəkilən filmlərdən alınan zövqü duymaq niyə çətinləşib? Sovet vaxtı məktəb var idi. İndisə İncəsənət və Mədəniyyət Universitetində 3 böyük korpus olsa da, maddi resurslar yox səviyyəsindədir. Təsəvvür edin ki, gələcəyin rejissoru diplom işini öz şəxsi vəsaiti hesabına çəkməyə məcburdur. Operator kursunda təhsil alan tələbə görürsən, universiteti bitirdi, hələ də professional kino kamerası nədir, görməyib. Ya aktyorlar... Bax, bayaq dediyim pafos da buradan doğur. Operator, rejissor, artist tələbəlik dövründən real sənətə nüfuz edə bilmirsə, bu aləmdən kənarda qalırsa, kağız üzərində oxuduqlarını yalnız içində pafosla büruzə verə bilir. Faciədir və eyni zamanda Azərbaycanın reallığıdır. Yəni bu boyda universitetdə yaradıcı studiya yaratmaq belə müşkül məsələdir? Mən 1 il ərzində Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino akademiyasında təhsil aldım. O 1 il mənə 4 illik universitet təhsilimi iki, bəlkə də üçqat əvəz etdi. Çünki resurslarla, texniki avadanlıqla işləmək imkanımız var idi.

Mən seçilmişlərdənəm!

- Kino dedikdə qeyri-ixtiyari göz önünə Hollivud gəlir. Sizin üçün Hollivud nə ifadə edir? Əlçatmaz xəyal?

- Yox, kifayət qədər real imkan. Mən «Həyatın acığına» filmimi 3 dilə - rus, ingilis və fransız dillərinə tərcümə edərək, Berlin, Moskva və Kann festivallarına göndərəcəyəm. Belə olan təqdirdə Hollivud nədən olmasın ki? Əsas prosesə yaradıcı və peşəkar yanaşmaqdır. İndi çoxları film, ya serial çəkir. O qədər primitiv münasibət var ki... Bax, mən ssenarimi kodlaşdırandan sonra, mütləq rəssamla işləyirəm. Çünki, planların üst-üstə düşməsi, digər texniki nüanslar məhz bu prosesdə üzə çıxır. Ancaq bir çoxları üçün kino bu saat həvəskar improvizə çəkilişlərindən kənara çıxmır. «Hə, qaqa, indi sən bu sözü deyəcəksən, filankəs də burdan çıxıb tullanacaq» - bu nə kinodur, nə də sənət.

- Yaman sənətə aludəsiniz. Ancaq gənclik dövrü bəzən Don-Kixotluğu ilə yadda qalır elə. Yel dəyirmanları ilə hey vuruşursan və sonda axına qarşı üzməkdən yorulursan. Qoşulursan kütləyə...

- Mən dediyiniz o axına 15 yaşım olarkən düşdüm. 19 yaşında isə üzüb, çıxdım. Başa düşdüm ki, bu mənim axınım, mənim cərgəm deyil. Hamı kimi olmaq, hamı kimi yaşamaq, yalnız pul qazanmaq, onu yığmaq, plan üzrə hərəkət etmək, evlənmək, övlad dünyaya gətirmək, sonra da ayaqlarını uzadıb ölmək – bu, mənlik deyil. Bezdirdi məni belə yaşayış stereotipi.

- Bəs axından çıxdığınız sahil nə oldu?

- Yalnız kino, yaradıcılıq. Pul saqqal kimidir, gəlir-gedir, yalnız ehtiyacları ödəmək üçün. Sənət isə ideyadır, hətta ideya fiks olsa belə. O mənəviyyatdır, əbədidir, yaşayır və yaradıcısına ölməzlik qazandırır.

- Aha, axır ki, məlum oldu. Deməli populyar olmaq istəyirsiniz? Yəni qızlar saatlarla küçədə sizi gözləyir, avtoqraf almaq, boynunuza sarılmaq üçün az qala ağlayır, ah-uf edirlər, eləmi?

- Yox, populyarlıq deyil, şöhrət qazanmaq istəyirəm. Boynuma alıram. Olduqca şöhrətpərəstəm.

- Eyni şey deyilmi?

- Qətiyyən, mən vaxtilə populyar olmuşam. Professional rəqslə məşğul olurdum. Hər dəfə ekranlara çıxandan sonra, fanatlar zəng edirdilər, ya məni məşq zalının çıxışında gözləyirdilər, telefonumu tapıb, tanış olmaq təklif edirdilər. Mən bu dövrü yaşamışam, artıq marağı itib mənim üçün. Çünki bu yüngül münasibətlərdir.

- Siz isə artıq ciddilik arzusundasınız? Sizcə, hər film çəkən tarixdə qalıb, şöhrət qazanırmı?

- Yaxşı film çəkən, hə.

- Onlar milyonda bir ehtimalla seçilmişlərdir.

- Hardan bilirsiniz, bəlkə mən də bu dar çevrəyə daxiləm?

- Bunu Sizə o bir masanı bölüşdüyünüz qüvvə deyir?

- Yəqin ki deyib... Ancaq bir şey qətidir - mən seçilmişlərdən olacağam!

Mən insandan ilham ala bilmirəm – nə qadından, nə kişidən…

- 10000 manatınız olsa, nə edərdiniz?

- Oooooooooo....1 kamera alardım CANON, 1 obyektiv, fotostudiya üçün işıqlar....

- 100000 necə?

- Mənim arzum var - qırmızı Ferrari!

- Milyon?

- Bir film!

- Peşəkarlıqdan danışırdınız axı... Sizcə, Hollivud standartları ilə milyon manata sənə şöhrət qazandıracaq film çəkmək realdırmı?

- Azərbaycanda, hə. Əslində texnika o qədər də astronomik vəsait tələb etmir. Əsas pulu qonorarlar aparır. Məsələn, populyar artistlər adi epizodda belə çəkilmək üçün başgicəlləndirici məbləğdə pullar istəyirlər. Bizdə isə ən bahalı aktyorun gündəlik qonorarı 1000 manatdır.

- Bəs Sizin qonorarınız? Konkret qiymət var?

- Demişdim axı, pul mənim üçün hər şey deyil. Nəzərimi cəlb edən sima, ya beynimi məşğul edəcək hadisə olarsa, mən onu havayı da işləyə bilərəm. Çünki bu yaradıcılıqdır. Məsələn, artıq gündəlik həyatın yeknəsəqliyi məni boğaza yığanda, kastinq elan edirəm, seçim edib, başlayıram fotosessiyalara. Bir çox fotolarım elə bu cur xaotik ilhamımın nəticəsində dünyaya gəlib.

- Fotosessiyalar da edirsiniz?

- Edirəm, özü də tam fərqli ampluada. Bizdə dəbdir axı - klassik foto tərzləri... Ancaq populyarları bir qədər parlaq makiyajda ya yarıçılpaq çəkmək olur. Mən isə çərçivələri dağıtmağa çağırıram. Əsas odur ki, qorxmayaq!

- Bəs özünüz nədənsə qorxursunuz?

- Hə, qorxuram arzularım yerinə yetməsin.

- Onların qarşısını nə kəsə bilər ki?

- İllər. Yaş məhdudiyyətim var - 30 yaşadək çatdırmalıyam hər şeyi.

- Niyə belə fatal düşünürsünüz?

- Fatal deyil, real! Bilirəm!

- Öz əcəlinizlə öləcəksiniz?

- Yox! Qırmızı Ferrarimdə hansısa divara çırpılacağam. Və həmin anda maşınımda Jadenin «Jezebel» kompozisiyasını dinləyəcəyəm... Ən yüksək, çıldırıcı tonda...

- Deməli, R.A. o zaman artıq seçilmişlərdən olacaq? Çünki “qırmızı” xəyalınıza Kannı udacağınız təqdirdə qovuşacaqsınız. Maraqlıdır, sizi əcələ doğru sürətlə aparan qırmızı Ferrari...

- ...və ölüm...

- Yəni istedadın və şöhrətin bədəli mütləq belə ödənməlidir? Bunu da Sizə Tanrınız pıçıldayıb?

- (gülür) Yəqin elə o...

- Təbii ki, ən gözyaşardıcı hekayətlərdə olduğu kimi, məzarınızın üstünə göz yaşı tökən dərdli qadının gəldiyini də proqnozlaşdırmısınız?

- Onu da istərdim... Ancaq bir neçə dəfə soruşmuşam özündən, deyir gəlməyəcəyəm. Onsuz da bilirəm ki, sən o məzarın içində olmayacaqsan.

- Qadın idealınız var?

- Yox.

- Bəs ilham pəriniz hansı cilddədir?

- Mən insandan ilham ala bilmirəm. Hansısa hadisədən, təbiətdən, musiqidən, filmdən emosional gərginlik qazanıram, ancaq qadın ya kişi, fərq eləmir, mənə yaradıcı impuls vermir.

- Qadın gözəlliyinə qarşı laqeydsiniz?

- Ola bilsin.

- Bəs kişilərə?

- Elə onlara qarşı da..

- Çox aldatmısınız? Atmısınız?

- Ümumiyyətlə, aldatmaq və atmaq fərqli məfhumlardır. Ancaq bir çoxları üçün müasir dövr onlar məna baxımından ekvivalent edib... (Uzun-uzadı fikirləşir)

- Deyəsən uzun siyahı alınacaq. Yaman sayırsınız...

- Hə, həddən çox aldatmışam. Özü də qadınları.

- Bəs aldanmısınız?

- Yox, bircə dəfə də.

- Aldanmaq istəyərdiniz?

- Yox.

- Uşaq olmaq necə?

- İndi elə uşaqlığımı yaşayıram. 14 ildən sonra... Uşaq kimi sevilirəm, əzizlənirəm, qayğıma qalırlar. Başıma tumar çəkilir, yuxuya gedəndə xoş zümzümə duyuram, onun səsini... Pıçıldayır ki, lazımam ona....

- Sevilmək istəyirsiniz?

- Sevilirəm artıq.

- Bəs sevmək?

- O da artıq var...

- Ölmək istəyirsiniz?

- Yox hələ, vaxtım var.

- Nə istəyirsiniz və istəmirsiniz?

- Film çəkmək istəyirəm və zamanın belə sürətlə getməsini istəmirəm!

İşıq sünidir, yalnız qaranlıq mövcuddur

- Zamanı saxlamaq istərdiniz?

- Hə, çox.

- Bəlkə Yeni ildə Şaxta babadan bunu hədiyyə istəyəsiniz?

- (Gülür) Artıq demişəm bu ilki arzumu… Şaxta babaya məktub yazmışam sosial şəbəkədə və ondan 50 mm-lik obyektiv, bir də mükəmməl avadanlıqlı fotostudiya istəmişəm.

- Çoxmu aldadıb Sizi indiyədək Şaxta baba?

- Yox, şansı olmayıb bunun üçün... Çünki ilk xahişimdir ondan.

- Bəs uşaqlıqda?

- Mənim uşaqlığım olmayıb. Sanki kabus kimi keçib və ayılanda 9 yaşında olmuşam. Evdə yeməyə bir parça çörək olmayanda, Şaxta baba da yada düşmür. Sadəcə onu necə qazanmaq haqda düşünürsən. Və beləcə qəfildən böyüyürsən.

- Böyüyəndə dünyanı necə gördünüz?

- Çox qaranlıq və aciz.

- Dünya aciz idi, ya Siz bu qədər aciz idiniz dünyanın içində?

- Özüm aciz idim.

- Qaranlıqda xoşbəxt olursunuz, ya işıqda?

- Ancaq qaranlıqda. İşıq sünidir. Boş yerə can atmasınlar ona qarşı. Mən hətta sekslə də ancaq qaranlıqda məşğul oluram...Hər yan zülmət olmalıdır. Onda işıq, şüa sənin içindən gələcək. Özünüz fikirləşin, zülmətin içində parıldayan, çağıran, inləyən, alovlanan bir cüt gözü sevmək nədir… Aydınlıqda o nə effekt verəcək?

- Düzdür ki, müasir gəncləri yalnız internet və seks maraqlandırır?

- Bilirsiniz, seks həmişə hamını maraqlandırıb. Ancaq əvvəllər hay salmaq dəbdə idi ki, bəs biz, adi adamlar guya sekslə məşğul olmuruq, ədəbli həyat keçiririk. Seks ədəbsizlik deyil, zərurət və reallıqdır. Qaçılmayacaq reallıq. Və çərçivələr, doqmalar dağılmalıdır bu sahədə. Nə qədər ətrafdakıların tənbehindən, reaksiyasından pərdələnərək, yaşamaq olar? Hamının öz həyatı var, qoy hər kəs də onu istədiyi kimi yaşasın.

- Sənə bu cəhətdən mane olar var?

- Yox! Mənim həyatımdan o qədər qadın keçib ki... Çoxu da 1 gecəlik.

- 22 yaşınadək? Bu qədər çox?

- İnanılmayacaq dərəcədə çox. O qədər çox ki, yorulmuşam artıq belə münasibətlərdən. İndi bircə nəfər var ki, o mənə hamını əvəz edir. Bütün həyatımı doldurub. Mən də onunla rastlaşandan sonra anladım ki, çoxluq hər şey demək deyil. Əvvəllər çox fərqli idim. Ətrafımda hər kəs «Sən sevməyi bacarmırsan» - deyirdi. Doğrudan da münasibətlərim kimləsə maksimum 6 ay davam edirdi. Heç kəsi itirməkdən qorxmurdum. O mənə tədricən hər şeyi və hər kəsi unutdurdu. Onu itirmək istəmirəm!

- Yorucu deyil ki, bu münasibətlər Sizin üçün? Axı yaradıcı insana dəyişkənlik deyirlər, mütləq lazımdır? Monotonluq yoxdur ki?

- Hə, əvvəllər sanki sıxılırdım bu münasibətlərdən. Yenə də flirtlər məni çağırırdı. Çünki əvvəlki həyat tərzinə o qədər vərdiş etmişdim ki...Mənə elə gəlirdi ki, həyatım çərçivələnir, sanki buxovlanıram. Sonradan hər şey dəyişdi, çünki mən özüm dəyişdim. Qurulan münasibətləri qiymətləndirməyi bacardım içimdə. Bilirsiniz nə kömək etdi mənə? Qəribə də olsa, göz yaşları. Hər dəfə onu aldadanda, göz yaşlarını görüb, qeyri-ixtiyari özüm də kövrəlirdim. Halbuki əvvəllər başqası ilə belə vəziyyət alınanda, ya inkar edirdim, ya da sadəcə «mən beləyəm, dəyişməyəcəyəm” - deyib, üzümü çevirib-gedirdim. Anladım ki, əgər onun bir damla yaşının belə axmasını rəva bilmirəmsə, bundan ürəyim az qala partlamaq dərəcəsinə çatırsa, vicdan əzabı çəkirəmsə, deməli sevgi elə budur. Özümə “stop” dedim.

- Hər şeydə?

- Demək olar ki. Uzun illər internet həyatımın ən böyük hissəsi idi. Virtual irreallıqda özümü tapırdım sanki. Gündə 10-18 saat keçirirdim internetdə. Bir də görürdüm səhər necə açılıb, xəbərim yoxdur. İndi internet də arxa plana keçib. Otur, o qıza yaz, bu qıza vəd ver. Ona görüş təyin elə, bunu aldat. Boş məşğuliyyətdir. İndi gündə bir neçə dəfə girirəm poçtumu yoxlayıram, fan-səhifəmə nəzər yetirirəm, bir az da yüngül söhbət və vəssalam. Daha çox kitab oxumağa, mütaliə etməyə, ciddi musiqi dinləməyə vaxt ayırıram.

Uçurumun üstündə asılı qalmışam

- Həyatla oynamısınız, ya o sizinlə oynayıb?

- Yəqin ki, mən həyatla.

- Psixoloji yaşınız neçədir?

- Haradasa 45-50 arası.

- Ən çox hansı sualı verəcəyimdən qorxurdunuz?

- Övladın var?

- Var?

- Bəlkə də, mən bilmirəm. Cavanlıq səhvlərim çox olub. Hətta bir rəfiqəm var idi, həmişə mənə deyirdi ki, istəyirəm səndən uşağım olsun. Sonra hərəmiz öz yolumuzla getdik. Çünki bilirdi ki, mən bu addıma heç hazır deyiləm. Uşaq, ailə mənim arzularımın fiaskosu deməkdir. Onda bağlanıb qalacağam burada.

- Uçurumdasınız, ya dərədə?

- Uçurumda. Asılı vəziyyətdəyəm.

- Sizi aşağı hansı qüvvə sala bilər?

- Özümü realizə etməməyim.

- Sevdiyinizə əl qaldıra bilərsiniz?

- ...

- Bəs öldürə?

- Bir dəfə az qala olacaqdı. Beynim çönəndə, gözüm qaralır, heç nə görmürəm, eşitmirəm.

- Çılğınsınız?

- Həddən artıq.

- Bitdimi?

- Bitdi...

Əslində mənimlə söhbətini də elə sanki uçurumun üstündə imiş kimi edirdi. Bir az çaşdısa, bitdi, yıxılacaq kimi...Bəbəklərində qəribə və əsrarəngiz bir işıq parlayır bəzən. Yanır və sönür. Sadəcə fikirləşdim, doğrudan da maraqlı olardı onu özü dediyi kimi, zülmət qaranlıqda görmək...Bəlkə istedadın və seçilmişlərin əsrlər boyu axtarılan o mifik düsturunu beləcə kəşf etmək olardı? Ancaq biz insanlar doğrudan da haradasa qorxağıq. Fərqli düşünənlərə, danışanlara ən yaxşı halda sakitləşdirici içməyi tövsiyə edirik. Çünki hər birimiz vaxtilə bizə təklif olunan masanı bölüşməmək səviyyəsində aciz olmuşuq. O isə qəbul edib və indi gedir – Kanndan onu birbaşa sona çatdıracaq qırmızı “Ferrari”sinə doğru! Uğurlar, Ramil Ağasiyev!

İlhamə Novruzova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2327

Oxşar yazılar