“Yeni il şənliyində qış möcüzəsi”nin sürpriz qonağı Zülfiyyə Xanbabayeva olacaq
10 dekabr 2010 10:52 (UTC +04:00)

“Yeni il şənliyində qış möcüzəsi”nin sürpriz qonağı Zülfiyyə Xanbabayeva olacaq

Sürpriz olaraq Respublikanın xalq artisti Zülfiyyə Xanbabayeva uşaqlar üçün xüsusi hazırlanan mahnıları ilə çıxış edəcək. Belə ki, 4 gün baş tutacaq yeni il şənliyində müğənni səhnədə olacaq.

Bu barədə Lent.az-a Heydər Əliyev adına sarayın mətbuat katibi Anar Fərəczadə məlumat verib: “Artıq 1 aya yaxındır ki, “Yeni il şənliyində qış möcüzəsi” adlı konsertin məşqləri başlayıb. Məşqlərdə iştirak edən uşaqlar axşam saat 6-7 arası Saraya gəlirlər. Baxmayaraq ki, məşqlər uşaqların dərsdən çıxan vaxtına təsadüf edir, ancaq buna rəğmən onlar çox həvəslə Yeni il şənliyinə hazırlaşırlar. 10 metrlik ən böyük şam ağacı da ilk olaraq Sarayın səhnəsində quraşdırılacaq. Bununla yanaşı, konsertə gələn balaca izləyicilərə müxtəlif hədiyyələr paylanılacaq. Həmçinin “Nestle” şirkətinin yalnız Sarayda keçiriləcək konsert üçün hazırladığı xüsusi hədiyyələr də foyedə satışda olacaq. Heydər Əliyev Sarayında yanvarın 2, 3, 4 və 5-də baş tutacaq konsertdə səhnədə çıxış edəcək uşaqların geyimləri demək olar ki, artıq hazırdır. Bununla yanaşı, Yeni il şənliyinin ssenarisi də Sarayın rəhbərliyi və “Çiçəyim” uşaq teatrının bədii rəhbəri Rəna Kərimova tərəfində oxunub. “Çiçəyim” uşaq teatrı, “Dəcəl qızlar”, “Səyyah”, “Azəri inciləri” və “Şənlik” rəqs kollektivləri uşaqlara öz töhfələrini verəcəklər”.

Təşkil olunacaq konsert adəti üzrə Bakı şəhərinin ən geniş və maraqlı yeni il şənliyi olacaq. 4 gün baş tutacaq konsertdə Heydər Əliyev Sarayının bütün texniki xidmətləri tam gücü ilə işləyəcək.
Bununla yanaşı, Sarayda yeni istifadəyə verilən led ekranlardan da səhnənin 2 tərəfində istifadə olunacaq ki, uşaqlar onun vasitəsilə konsert başlamazdan öncə darıxmasınlar deyə ekranda (HD formatda) yüksək keyfiyyətdə Yeni ilə aid cizgi filmlərinə baxa biləcəklər. Həmçinin Sarayın foyesində animatorlar da olacaq ki, bununla da uşaqlar tanınmış cizgi film qəhrəmanları tərəfindən qarşılanacaqlar.

Yeni ilin personajı sayılan Şaxta Baba, milli və xarici nağıl qəhrəmanları uşaqları təbrik edənlərin sırasında olacaq. Şənlikdə həmçinin bütün konsert boyu uşaqların əyləncəsinə rəng qatacaq lazer şou da təşkil olunacaq.

Yeni il şənlikləri saat 13.00-da başlayacaq. Biletləri şəhərin bütün kassalarında əldə etmək mümkündür. Biletlərin qiyməti 4- 11 manat arasındadır.

Heydər Əliyev Sarayının rəhbərliyi bu konsertdə də Qarabağ müharibəsi şəhidləri, əlilləri və iştirakçı ailələri, əlil uşaqları və uşaq evlərinin sakinlərinə ön sıralarda təmənnasız yer ayıracaq.

“Yeni il şənliyində qış möcüzəsi” Heydər Əliyev Sarayının təşkilatçılığı ilə həyata keçirilir.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2277

Oxşar yazılar