Mehriban Ələkbərzadə: “...Ona görə də həm kino, həm də kitab böhranı yaşanır” - MÜSAHİBƏ
07 dekabr 2010 12:17 (UTC +04:00)

Mehriban Ələkbərzadə: “...Ona görə də həm kino, həm də kitab böhranı yaşanır” - MÜSAHİBƏ

O, Milli Kitab Mükafatının Münsiflər Heyətində təmsil olunur. Bu səbəbdən də Mehriban xanımla Lent.az üçün hazırlanmış söhbəti ədəbiyyat üzərində qurduq...

“Gözlədiyim gələcəyi olan, planlar cıza bilən, ruhunu ölməyə qoymayan insanın yazısıdır...”

Mehriban xanımın fikrincə, yazarın yaşı çox vacib şərtdir. Onun sözlərinə görə, yaş dövrü önəmli şərtdir: “Əsər təqdim edən müəlliflərin yaş dövrü müxtəlif ola bilər. Təbiidir. Amma 17-18 yaşında bir yazarın müharibədən yazması, hardasa istək ola bilər, amma ədəbiyyat nümunəsi olmasına mənim şübhəm var. Yaxud əksinə, 70-80 yaşlı bir insanın hansısa romantik hisslərlə bir başqa yaş dövrünün duyğularına aid əsər yazması, inandırıcı olmaz. Ona görə də yaş dövrü önəmli şərtdir. Mənim üçün digər önəmli meyar isə milli kimlik məsələsidir. Düşünürəm ki, milli kimliyində israrlı olan insan məxsus olduğu torpağa bunun qarşılığında qum dənəsi boyda da olsa öz əməlini qoymalıdır. Özünü ifadə, mətbu insanlarda qələmin ucu ilə gedirsə, onda birbaşa bu, onun borcudur”.

“O şeyi yazmalıdırlar ki, onu yaza bilmirlər...”

Mehriban xanım insan ruhunu oyada bilən əsərlərə üstünlük verir: “Adam var ki yazır. Lap əla yazsa da, yazdıqlarında ruh, hiss, ürək yoxdur. Amma adam var ki, bunu yazmaya bilmir. Deməli, orda ruh var. Bizim ruhumuz bir nəsil kimimi deyim, yoxsa millət kimimi deyim, yarımızdan çoxunun ruhu ölüb içində. Özü ölməmiş ruhu ölüb. Daha çox bu ruhları oyada bilən əsərlər istəyirəm. Ruh məsələsi çox güclü şeydi. O ruhu oyadan əsər gözləyirəm”.

Azərbaycanda həm kino, həm də kitab böhranı yaşanır. Bu niyə belədir?

sualına Mehriban Ələkbərzadənin cavabı: “Bir yaxşı fikir var. Mən bunu tez-tez deyirəm. Nə zaman ki, xalq qəhrəmanı arzulayır, yəni həyatında onun çatmadığını hiss edir, onda qəhrəmanı ya təbiət özü yaradır, ya da həmin qəhrəman insanların təfəkküründən doğur. Bu cavabım nə qədər sarkazmla dolu olsa da, görünür, bizim hələ belə bir qəhrəmana, ədəbiyyata və yaxud da kinoya verə biləcəyimiz, ala biləcəyimizdən azdır. Bax ona görə də həm kino, həm də kitab böhranı yaşanır”.

“Mənim üçün tarixi ədəbiyyat, bədii ədəbiyyatdan daha maraqlıdı”

Mehriban Ələkbərzadə tarixi əsərlər oxumağa üstünlük verir. Elə buna görə də son bir ayda oxuduğu kitablar tarixi mövzudadır: “Sizə nə dərəcədə maraqlı olacaq bilmirəm, amma mənim sonuncu oxuduğum kitab fəlsəfə ilə bağlı idi. Ondan əvvəl Qumilyovun Xəzəryanı məsələləri ilə bağlı kitabını oxumuşam. Oxuduğum ədəbiyyatlar daha çox tarixi mövzularda olur. Yəni, mənim üçün tarixi ədəbiyyat bədii ədəbiyyatdan maraqlıdı. Aydın Balayevin Məhəmməd Əmin Rəsulzadə ilə bağlı bir kitabı var. O da mənə çox maraqlı gəlmişdi. Həmin kitab mənə 1918-1920-ci illərlə bağlı yetərincə baza verdi. Əlbəttə, bunlar ən son oxuduğum kitablar idi. O ki qaldı ən çox sevdiyim yazara, o, Qabriel Markesdi”.
Mehriban xanım hesab edir ki, zövqlər müxtəlif olduğundan hansı səpkili kitabın nəşrinin daha vacib olduğunu demək də çətindir: “Burada tam göstərici olaraq hökm verə bilməyəcəm. Çünki mənim üçün həmişə sənədli faktlara, qarşıdurmalara, milli kimliyə həsr olunmuş mövzular daha önəmli olub. Əlbəttə, mənim istəyim hamıya aid edilə bilməz. Oxucunun zövqü fərqli ola bilər. Onu deyim ki, təzədən Səməd Vurğunu oxumaq istəyən nəsil çox az saydadı. Ya da Ramiz Rövşənin şeirlərini. Onu bəyənənlər bir az çoxdu, amma bir az fərqli nəsildi. Bir sözlə, zövqlər müxtəlifdi”.

“1960- cı illərdən sonra ədəbiyyatı arxasınca apara biləcək əsər yaranmadı...”

“Məsələ burasındadır ki, 1960-cı illərdən sonra ədəbiyyatı arxasınca apara biləcək ədəbiyyat sandıqdan çıxmalı idi, amma çıxmadı. Çünki belə bir zamanda Azərbaycan ədəbiyyatını ardınca apara biləcək güclü əsər ortaya çıxmadı. Amma mənim üçün güclü olan 3 əsər var. Birincisi “Yasaq yuxular”, ikincisi “Qətl günü”, üçüncüsü “Dolu”. Bu üç ədəbiyyat nümunəsinə mənim baxış bucağımdan baxsaq, yaxşı qiymətləndirmək olar. Bu əsərlərdə zaman, məkan, insan - dəhşətli dərəcədə iri planda görünür. Ən əsası isə baş verən hadisənin əsasında yazılıb” - bunu da Mehriban Ələkbərzadə dedi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1813

Oxşar yazılar