Firəngiz Əlizadə: “3 dəqiqəlik mahnını Azərbaycan bəstəkarı da yaza bilər” – MÜSAHİBƏ
30 noyabr 2010 10:26 (UTC +04:00)

Firəngiz Əlizadə: “3 dəqiqəlik mahnını Azərbaycan bəstəkarı da yaza bilər” – MÜSAHİBƏ

Azərbaycan Bəstəkarlar ittifaqının sədri, professor, xalq artisti Firəngiz Əlizadənin Lent.az-a eksklüziv müsahibəsi.

- Bu il dahi Üzeyir Hacıbəylinin 125 illik yubiley ilidir. Bəstəkarlar İttifaqı yubiley ilinə hansı tədbirlə yekun vurmaq fikrindədir?

- Birincisi, onu qeyd etmək istəyirəm ki, biz çoxdandır “Üzeyir dünyası” layihəsi üzərində işləyirik. Bu, Heydər Əliyev Fondunun böyük layihəsidir. Artıq nəfis tərtibatda çox notalar, “Salnamə” nəşr olunub. Mən Bakıya gələndən sonra Bəstəkarlar İttifaqının sədri olaraq bir neçə yeni partituranı yeni redaktədə hazırladıq. 1912-ci ildə yazılan “Əsli və Kərəm” operasının partiturasının nüsxəsini hazırlamağa müvəffəq olduq. Operanın ifaçılarının hamısını bura dəvət etdik, onlarla müzakirə apardıq. Kimin yaddaşında partiyalar necə qalmışdısa, onları qeyd etdik. Notları müxtəlif mənbələrdən yığdıq və partituranı nəşr etdik. Biz gənc bəstəkarlara sifariş verdik ki, Üzeyir bəyin ən tanınmış əsərlərini yenidən musiqi kollektivləri üçün işləsinlər. Məsələn, “Sevgili canan” romansını müğənni oxumur, sadəcə qaboyda səslənir və kiçik tərkibdə musiqiçilər müşayiət edir. Bir neçə belə sifariş oldu və bu konserti biz Bakı Musiqi Akademiyasında keçirdik. Apreldə Xalq Çalğı Alətləri Orkestri üçün yazılan musiqinin 4 günlük beynəlxalq plenumunu təşkil etdik. Orkestr üçün yazılan ilk əsərdən başlayaraq sonuncusuna qədər hamısı çalındı. Ağaverdi Paşayevin köməyi əsasında bu orkestrin tərkibində gənclər və uşaqlar orkestri, bir neçə kiçik tərkibli ansambllar yaradıldı və bu plenumda ifa olundu. Bir şeyi də demək istəyirəm. Vaxtilə 1956-cı ildə Bəstəkarlar İttifaqının birinci qurultayında Dmitri Şostakoviç iştirak etmişdi. O, öz çıxışında Xalq Çalğı Alətləri Orkestrini xüsusilə vurğulayıb, onun mövcudluğunu böyük təəccüb və heyranlıqla qəbul etmişdi. Builki festival da çox geniş miqyasda keçirilmişdi. Müxtəlif ölkələrdən festivala gözəl kollektivlər təşrif buyurmuşdu – Rusiyadan, İsveçrədən, Sinqapurdan, Amerikadan.

- Yeri gəlmişkən, festival zamanı bir təəssüfedici məqam ortaya çıxdı. Amerikalı musiqiçilərə sual ünvanladıqda Üzeyir Hacıbəylini tanımadıqlarını dedilər.

- Bu fakta heyfsilənirəm. Musiqiçilər müxtəlif səviyyəli olur. Maraqlanmaq istəyən internet vasitəsilə hər şeyi ingilis dilində tapa bilər. Muğam ifaçılarımız dəfələrlə Amerikada konsertlərlə çıxış ediblər və Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından parçalar səsləndiriblər. Üzeyir bəyin “Arşın mal alan” operettası əsasında 1937-ci ildə Hollivudda hətta film çəkilib.

- Bir acı həqiqət də var ki, bir neçəsini çıxmaq şərtilə bəstəkarlarımız xaricdə tanınmırlar.

- 2000-ci ildə bunu deyə bilərdik. Amma indi yox. Bəstəkarlarımız yetərincə tanınır. Heydər Əliyev Fondu necə kitablar, disklər hazırlayır. Birinci Beynəlxalq Muğam Festivalının materialları toplu surətdə nəşr olundu və bütün dünyaya yayıldı.

- Bu qədər təbliğat işi aparılırsa, onda niyə ermənilərin təbliğatının qarşısını ala bilmirik?

- Hər halda onlar özlərini yetərincə zəngin, musiqi baxımından cəlbedici hiss etmirlər. Türk dünyası həmişə gözü tox olub. Hamı bilir ki, 21-ci əsr türk dünyasının əsridir. Bütün türkdilli ölkələrdə böyük inkişaf gedir, mədəni dirçəliş var. Neçə illər bizim dilimizi, dinimizi, tariximizi dəyişmək istəyiblər. Amma yenə də dilimiz, dinimiz, mədəniyyətimiz yaşadı, musiqimiz bizə başucalığı gətirdi. Bunlar da paxıllığa, qısqanclığa nədən olub. Baxın, Şərqdə ilk opera Azərbaycanda yazılıb. 100 ildir “Leyli və Məcnun” operası Opera və Balet Teatrının səhnəsindən düşmür. Bizim 7-8 yaşında Qarabağı görməyən uşaqlarımız “Qarabağ şikəstəsi”ni oxuyanda heyrətlənirik. Bu səs, istedad gendən keçib onlara. Elə bunun özü də sübutdur ki, bu musiqi Azərbaycana məxsusdur. Görün erməni ifaçılarından biri “Qarabağ şikəstəsi”ni oxuya bilər? Heç vaxt. Bu xoşagəlməz faktlardan bizim gənclərimiz bədbinləşməsinlər, ruhdan düşməsinlər. Özlərinə inansınlar. Bizim gözəl gələcəyimiz var. Gözəl işlər görülür. Bunları görməməzlikdən gəlmək, hər şeyi qaralamaq olmaz. Bizim musiqimiz həmişə çox yüksək səviyyəli olub. Bu gün də elə bir festival yoxdur ki, musiqiçilərimiz orada iştirak etməsin. Hər şeyi pulla almaq olar, necə ki, ermənilər edir, amma istedadı, ürəyi, musiqini yox.

- Siz Bəstəkarlar İttifaqına sədr olandan sonra təşkilata neçə üzv qəbul olunub?

- Hardasa 30 nəfər. Birinci dəfə çox oldu. Çünki gözləyənlər çox idi. Elələri vardı ki, 20 ildir sənədləri burdaydı. Eləsi vardı, konservatoriyanı bitirib diplomunu almamışdı. Mən bura gələn kimi 11 nəfər birdən qəbul olundu. Üzv seçilmək üçün əsas şərt müstəqil əsər yazmaqdır. Təhsil müddətində yazılan əsər müstəqil əsər sayılmır. Bəstəkar təhsilini bitirəndən sonra bir neçə müstəqil əsər yazılmalıdır. Biz ona qulaq asandan, qəbul edəndən sonra müstəqil bəstəkar kimi ittifaqa üzv olur. Eləcə də musiqişünas. Festivallarda, tədbirlərdə, konsertlərdə iştirak etməlidir. Yazıları, çıxışları olmalıdır. Biz onu mətbuatdan tanımalıyıq. Məsələn, hansısa musiqi kitabının təhlilini etməlidir. Firudin Allahverdinin ittifaqa üzv qəbul olunması bilirsiz necə oldu? Mən İsveçrədə olan zaman bir konsert keçirilirdi. Orada Firudinin əsəri ifa olunurdu. Həmin əsər birinci yerə layiq görüldü. Mən də İsveçrədən qayıdandan sonra Firudin Allahverdini Bəstəkarlar İttifaqının İdarə Heyətinin iclasında üzv qəbul etdik. Hər şey istedaddan, bacarıqdan asılıdır. Bizdə elə bəstəkarlar var ki, üzv olmaq istəyirlər, əsərlər də gətirirlər. Amma müzakirə zamanı gənc bəstəkarların özləri də görürlər ki, İdarə Heyətinin üzvlərinin rəyləri heç də birmənalı deyil. Və çox vaxt biz gənc bəstəkarlara üzərlərində daha çox işləməyi tövsiyə edirik. Öz dəsti-xətlərini daha da əzmlə axtarmağı məsləhət görürük. Bəziləri də var ki, təkcə Bəstəkarlar İttifaqına ev, təqaüd, fəxri ad almaq istəyilə yol tuturlar. Təbii ki, belə bəstəkarlara, musiqişünasların yaradıcılığına inam yoxdur. Bəstəkarlar İttifaqına bu məqsədlə üzv olmaq doğru deyil.

- Yeni üzvləriniz arasında Elza Seyidcahan da var. Ona bir bəstəkar kimi münasibətiniz necədir?

- İstedadlı xanımdır. Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsini, Arif Məlikovun sinfini bitirib. Təbii ki, biz ona deyə bilmərik, saç düzümünü elə yox, belə elə. Bu, bizim səlahiyyətimizdə deyil. Ancaq Elza Seyidcahanın simfonik əsərlər, Qarabağ haqqında kantata yazıb, yəni bəstəkar olaraq o öz müstəqil yaradıcı yolu ilə gedir.


- Bayaq sadaladığınız işlərə rəğmən ittifaqın fəaliyyətindən narazı olanlar da var. Sizcə, bu narazılıqlar ittifaqın fəaliyyətinə, yoxsa məhz sizin sədr olmanıza qarşıdır?

- Çox təəssüflənirəm ki, bu qədər işləri görməyənlər hələ də var. Amma biz öz işimizdəyik, daim xalqımız naminə yeni və gözəl işlər, tədbirlər görürük. İlk dəfə mənim namizədliyimi 1979-cu ildə Bəstəkarlar İttifaqının rəhbərliyinə Qara Qarayev şəxsən irəli sürmüşdü. Həmkarlarım məni yekdilliklə katib seçmişdilər. İkinci dəfə isə 1990-cı ildə mənim namizədliyim Tofiq Quliyev tərəfindən irəli sürüldü. Və mən də bu dahi bəstəkarlarımızın etimadını doğrultmaq əzmindəyəm.

- Bu boyda təşkilata rəhbərlik etmək yaradıcılığınıza mane olmurmu?

- Olur. Mənim gecəm-gündüzüm yoxdur. Təbii ki, bu işləri həyata keçirmək üçün fədakarlıq lazımdır.

- Bəs bu gün bəstəkarların maddi təminatı necədir? Onların əsərləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınırmı?

- Təbii ki, bəstəkarlar istəyərdi onların əsərlərini daha çox alsınlar. Hələ ki, bu proses istədiyimiz səviyyədə deyil. Bizim bəstəkarlarımız doğrudan da yazıb yaradırlar. Bu proses ən çətin illərdə də davam edib. Görürəm ki, bəstəkarlar və musiqişünaslarımızın çantalarında nə qədər əsər var. Demirəm ki, onların hamısı dahiyanədir, amma gözəl əsərlər mövcuddur. Bəstəkarlar və musiqişünaslar öz əsərlərilə yaşamalıdır. İstəyirdik ki, bizim bəstəkarlarımıza və musiqişünaslarımıza daha çox ev verilsin. Ehtiyacı olanlar heç də az deyil. Məsələn, bizim qocaman bəstəkarımız var ki, ev baxımından ehtiyac içində yaşayır. 3-4 nəsil bir evdə yaşayır, oğlu da, gəlini də, nəvəsi də orkestrdə çalırlar. Və ya gənc bəstəkarlar illərlə gözləməlidirlər ki, bəlkə bir vaxt fəxri adlar alandan sonra onların ev şəraiti yaxşılaşdı. Amma onun ən gözəl, məhsuldar vaxtı indidir – 25-35 yaşına qədər. Buna o şəraiti yaratmaq lazımdır ki, həmin illərdən bəhrələnsin. Mən bunların hamısını çox gözəl dərk edirəm və nə qədər gücüm varsa, kömək etməyə çalışıram. Bununla belə onu da qeyd etmək lazımdır ki, cənab prezidentin ehtiyat fondundan 40 bəstəkar və musiqişünaslarımız təqaüd alırlar. Bunlardan 10-u məxsusi olaraq gənclərə ayrılır.

- Özfəaliyyətlə məşğul olan bəstəkarlara münasibətiniz necədir?

- Normal. Onlar istedadlı insanlardır. Heç bir təhsili olmasa da, musiqiyə meylləri var, mahnı bəstələyirlər. Bizim heç bir etirazımız yoxdur. Amma taraz məsələsi var. Olmaz ki, 70 faiz özfəaliyyət, 30 faiz professional musiqi səslənsin. Balansı gözləmək lazımdır. Gərək 70 faiz peşəkar, 30 faiz özfəaliyyət bəstəkarların əsərlər ifa olunsun. Belə olduqda, bizim heç bir etirazımız olmaz. Biz həmişə demişik ki, televiziya kanallarında Bədii şuraları bərpa etmək lazımdır. Bununla senzura, qadağa olmayacaq. Sadəcə məsləhət vermək, kömək etmək istəyirik.

- Yazılı surətdə kanallara müraciət etmisiz?

- Bəli, amma razılıq almamışıq. Deyirlər, reytinq, reklam məsələsi var, dolanmalıyıq. Amma biz əməkdaşlığa həmişə hazırıq.

- Firəngiz xanım, “Eurovision” müsabiqəsinə təqdim olunan əsərləri necə qiymətləndirirsiz?

- İfaçıların seçiminin bizə aidiyyatı yoxdur. Biz Bəstəkarlar İttifaqı olaraq musiqi seçimində iştirak etmək istəyirik və bunu təklif edirik. Mən o fikirdəyəm ki, bu müsabiqədə Azərbaycan musiqisi səslənməlidir. Biz heç bir amerikalıya öz musiqimizi təslim edə bilmərik. 3 dəqiqəlik mahnını Azərbaycan bəstəkarı da yaza bilər. Mahnının aranjmanı başqa ölkə mütəxəssisi ola bilər. Amma səslənəcək musiqidə milli alətlərimizin tembri olmalıdır və çox istərdik ki, mövzusu da Azərbaycana yaxın olsun. Azərbaycanlı olmağımızı göstərməliyik. Bizə 3 dəqiqə şans verilir, bütün dünya bizə baxır və biz də ingilis mahnısı oxuyuruq. Təbii ki, mən istəyərdim qalib olaq. Amma mənə elə gəlir ki, o dəqiqələri Azərbaycan musiqisinin təbliğatı üçün istifadə etmək lazımdır. Bizim o qədər gözəl mahnılarımız var ki... Onları yüksək səviyyədə aranjman etsələr, çox gözəl olarlar.

- Son illər opera və balet teatrında yeni əsərlərin tamaşaya qoyulmamasını nə ilə əlaqələndirirsiz?

- Bu, çox böyük mövzudur. Mən “İntizar” operamın Opera və Balet Teatrının repertuarına salınmasının intizarındayam. Hər halda operanın həsr olunduğu Qarabağ mövzusu mənim bu intizarıma əsas verir...

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1782

Oxşar yazılar