Əbülfəs Qarayev: “Biz dünyaya bəyan etdik ki...”
24 noyabr 2010 13:53 (UTC +04:00)

Əbülfəs Qarayev: “Biz dünyaya bəyan etdik ki...”

“Azərbaycan xalçasının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına salınması olduqca böyük hadisədir. Amma əlbəttə, hər şey çox da hamar keçmədi. Bu sahənin siyahıya salınmasında müəyyən maneələr də var idi. Son nəticə olaraq komissiya üzvləri Azərbaycan xalçaçılıq sənətinin yüksək səviyyədə olmasını nəzərə alaraq yekdilliklə bu nominasiyanı müvafiq ad altında qəbul etdilər – “Azərbaycan xalça sənəti Azərbaycan Respublikasındadır”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir Keniyanın Nayrobi şəhərində keçirilən YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komissiyasının iclasında Azərbaycanın ilk dəfə olaraq bu komissiyanın üzvü kimi çıxış etməsini xüsusi vurğulayıb. Onun sözlərinə görə, komissiyanın üzvlüyündə cəmi 24 ölkə var və onların sırasında Azərbaycan ekspertlərinin olması ölkəmizin bu sahədə əldə olunmuş nailiyyətlərinin əyani sübutudur: “Biz komissiya üzvü olaraq tək Azərbaycanın yox, bəşəriyyətin qeyri maddi siyahısına daxil olan nümunələr haqqında öz rəylərimizi bildirirdik. Orada ölkəmiz ciddi bir mövqe tutaraq özünü fəal üzv kimi təqdim etməyə qadir oldu. Son illər Azərbaycanın üç nümunəsi – muğam, aşıq sənəti və Novruz bayramı o siyahıya daxil edilib. Bu dəfə də Azərbaycan xalçası təqdim olundu. Bu, bizə müsbət imkanlar yaradır. Çünki ora Azərbaycanın əsas xalçaçılıq məktəbləri haqqında məlumatları daxil etmişdik. Biz bununla da dünyaya bəyan etdik ki, Azərbaycan xalçaçılıq məktəbi mövcuddur, dünya tərəfindən tanınır. Bundan sonra heç kəs Qarabağ, Qazax, Şirvan, Bakı və ya digər xalçaçılıq məktəbinin başqasına məxsus olması haqqında söz deyə bilməz”.

Əbülfəs Qarayev İran İslam respublikasının nümayəndələri ilə müəyyən danışıqlar aparıldığını da bildirib: “Artıq İran tərəfindən irəli sürülmüş konkret təklif var. Növbəti mərhələdə Cənubi və Şərqi Azərbaycan vilayətlərində xalçaçılıq məktəblərinin də bu siyahıya əlavə olunması haqqında danışıqlar gedir”.

Xəyalə MURADLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756

Oxşar yazılar