14 yaşlı qarmon ifaçısı –
23 noyabr 2010 17:21 (UTC +04:00)

14 yaşlı qarmon ifaçısı –

...İlk dəfə qarmonla tanış olanda hələ çox kiçik yaşda idi. Heç bu aləti doğru-dürüst saxlamağa gücü belə çatmırdı. Amma qarmondan çox xoşu gəlmişdi. O da böyük bacısı kimi, bu alətdə çalmaq, musiqilər ifa etmək istəyirdi. Elə bu həvəsini, marağını görüb onu da özündən 8 yaş böyük bacısı ilə birgə musiqi məktəbinin qarmon sinfinə qoyurlar. Beləcə, çox sevdiyi qarmon alətinin sirlərini yavaş-yavaş öyrənməyə başlayır.

Bu yaxınlarda Lent.az-ın qonağı olan 14 yaşlı Əli Tağıyev qarmona olan sevgisindən, arzularından, ifa etdiyi musiqilərdən danışdı.

Əli Tağıyev 1996-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şəhriyar kəndində dünyaya göz açıb. Ailədə iki bacı, bir qardaşdırlar. Maraqlıdır ki, nəslin ilk musiqiçiləri bacısı ilə o sayılır. Onlardan öncə bu nəsildən heç kim musiqinin bu və ya digər bir sahəsilə məşğul olmayıb. Əli hələ kiçik yaşlarından qarmona maraq göstərməyə başlayıb. Bu aləti bacısında görüb sevib. İlk dəfə 7 yaşında qarmonda “Naz eləmə” rəqsini ifa edib. Onun bu həvəsini görən valideynləri Əlini də bacısı ilə birgə musiqi məktəbinə qoyurlar. 5 ildən sonra Əli bu məktəbin qarmon sinfini uğurla bitirir. Hazırda rayon tədbirlərinə qatılır, musiqi məktəbinin müəllimləri ilə bir ansamblda çıxış edir. Bir əsəri öyrənənə qədər 2-3 həftə vaxt sərf edir. Amma bezmədən, yorulmadan arzularına doğru irəliləyir.

Əli Tağıyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Naxçıvanda keçirilən müsabiqədə 3-cü, 87 illiyi ərəfəsində keçirilən müsabiqədə isə birinci yeri qazanıb. Hazırda isə gələn ay Bakıda respublika üzrə keçiriləcək müsabiqəyə hazırlaşır. Müsabiqədə Səid Rüstəmovun “Konsert” əsərini ifa edəcək. İfası mükəmməl səslənsin deyə, hətta özünə yeni qarmon da sifariş edib. Bu, Əlinin üçüncü, amma peşəkar baxımdan ilk qarmonu sayılır.

14 yaşlı Əli hazırda 9-cu sinif şagirdidir. Birinci arzusu gələn il Asəf Zeynallı adına musiqi məktəbinə daxil olmaqdır. Başqa arzuları da var Əlinin. Qarmonun sənətinə dərindən yiyələnmək, peşəkar musiqiçi olmaq, Azərbaycanı xaricdə tanıtmaq, layiqincə təmsil etmək arzusundadır. Elə buna görə də hər gün 5-6 saat qarmonla məşğul olur. Elə buna görə də toylara dəvət olunsa da, getmir. “Çünki toylara getsəm, notlardan uzaqlaşacam, ancaq toy mahnıları çalacam”, - deyir. Özünün sevdiyi sənətkarlar da var - Aftandil İsrafilov, Zakir Mirzəyev və Ənvər Sadıqov. Əlinin sözlərinə görə, o, bu sənətkarların ifasını çox bəyənir, onları dinləyir, öyrənir, amma özünü onlara oxşatmağa çalışmır. O, özü kimi olmaq, özünəməxsus ifası ilə tanınmaq və Əli Tağıyev kimi sevilmək istəyir. İstəyir və inanır. İnanır ki, nə vaxtsa bütün bu arzuları gerçəkləşəcək. O da adlarını sadaladığı sənətkarlar kimi ölkə miqyasında tanınacaq və seviləcək...

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2569

Oxşar yazılar