Gecikmiş məhəbbət nağılı və ya “Qara gilə”nin bir ömürlük nisgili - HƏYAT HEKAYƏTİ
23 noyabr 2010 11:33 (UTC +04:00)

Gecikmiş məhəbbət nağılı və ya “Qara gilə”nin bir ömürlük nisgili - HƏYAT HEKAYƏTİ

...Həyatının tamamilə dəyişib başqa axara düşməsinə səbəb o 1 saat oldu. Cəmi 60 dəqiqə taleyinin dönüş nöqtəsinə çevrildi. Hər şey bir göz qırpımında baş verdi sanki. Əslində nələr olduğunu da doğru-dürüst anlamadı. 13 yaşlı qızcığazın ölkədə cərəyan edən hadisələri bütünlüklə dərk etməsi ağlabatan bir şey də deyildi. Ancaq yaşına uyğun olaraq başa düşdüyü və gördüyü bircə şey vardı. Ata-anası harasa yaman tələsirdi. Evdə əllərinə keçə biləcək nə vardısa – bir-iki dəst pal-paltarı, qiymətli əşyaları tələm-tələsik yığıb, uşaqları geydirdilər. Bax, onda ailənin böyük övladı olan bu 13 yaşlı qız anladı ki, məcburən doğma evlərini, torpaqlarını tərk etməlidirlər. Bircə saat ərzində açılan sərhədi keçib, Azərbaycanın şimalına adlamalıdırlar. Bəlkə də baş verənlərin ciddiyyətini dərk etməyə uşaq ağlı hələ tam yetmirdi. Amma qapıdan, həyətin darvazasından çıxarkən özündən asılı olmadan böyüklərə xas bir hərəkət etdi. Arxaya dönüb evlərinə baxdı. Bir də sərhədi keçən zaman çevrilib, doğulduğu, sevdiyi torpağına - Ərdəbilə tərəf boylandı. Bura nə vaxtsa yenidən qayıtmaq, yaşamaq ümidiylə... O, 50 illik ömrü boyunca bircə bu ümidlə yaşadı, bircə bunu arzuladı. Xəyallarında, yuxularında dəfələrlə Ərdəbilə gedib-gəldi, o torpaqları gəzdi, həyətlərindəki gül-çiçəyin ətrini içinə çəkdi, yurdunun hər qarışını əzbərlədi. “Qara gilə”lərindən yaşlar axıdıb bu taydan o taya “Heydər babaya salam” göndərdi. Bağrına daş basıb o sevincli günün gələcəyini gözlədi. Düz 37 il. Gözlədi, gözlədi... elə bu vətən həsrətiylə də Ərdəbilin zülmət gecələri qədər qara gözlərini əbədi yumdu...

...Bəlkə də o 1 saat olmasaydı, ailəsinin başına böyük müsibətlər gələcəkdi... Bəlkə də o 1 saat olmasaydı, vətən həsrəti, vətən nisgili də çəkməyəcəkdi... Bəlkə də o 1 saat olmasaydı, biz, Azərbaycanın şimalı onu bu qədər yaxından tanıyıb sevməyəcəkdik. İllər boyu doğulduğu torpağın həsrətilə yaşayan və elə bu arzuyla da dünyadan köçən unudulmaz sənətkar Rübabə Muradova kimi...

Bir saatlıq qapı

Mirzə Xəlil Ərdəbilin sayılıb seçilən, sözü keçən, hörmətli kişilərindən biri idi. Dini təhsillə yanaşı, tibbi təhsili də vardı. Evlənəndə 27 yaşı olardı. Özündən 15 yaş kiçik bir qızla ailə qurmuşdu. 12 yaşda olan Siddiqəni məktəbə gedərkən görmüşdü və elə ilk baxışdaca ona vurulmuşdu. Ancaq bu tacir qızının razılığını almaq o qədər də asan başa gəlməmişdi Mirzə Xəlilə. Qapılarına göndərdiyi elçilər dəfələrlə əliboş geri qayıtmışdılar. Çünki Siddiqə ona ərə getmək istəmirdi. Ancaq valideynlərinin sözündən çıxa bilməyən qız, nəhayət, bu izdivaca könülsüz də olsa, razılıq verir...

Rübabə bu ailənin ilk övlad payı idi. 1933-cü il martın 22-də dünyaya göz açmışdı. Ondan sonra daha iki qardaşı və dörd bacısı anadan olmuşdu. Mirzə Xəlilin əsas istəyi övladlarını savadlı, təhsilli görmək idi. Özü uşaqlarına vurma cədvəlini öyrədirdi. Dərsdən “2” alanda onlardan küsüb danışmırdı. Təhsilin nə qədər önəmli olduğunu bildiyinə görə də Rübabəni məktəbdən yayındırmamışdı. Rübabə Ərdəbildə qızlar məktəbində təhsil alırdı. Bəzən hətta məktəb konsertlərində, tamaşalarda çıxış edirdi. Bu, o dövrün qayda-qanunlarına zidd olsa da, bəzən hətta qohumları tərəfindən qınansa da, atası Rübabənin səhnəyə çıxmasına etiraz etmirdi. Axı Mirzə Xəlil özü də yaşadığı ölkənin siyasi rejimilə, qayda-qanunlarıyla razılaşmırdı. Elə ona görə də Pişəvəri hərəkatına qoşulmuşdu. Hərəkatın ən aktiv iştirakçılarından idi...

Evləri Dərbəndi küçəsində yerləşirdi. Bir neçə otaqlı, aynabəndli, rahat bir ev idi. Həyətlərində balaca çarhovuz, rəngbərəng, ətirli gül-çiçəklər vardı. Qapını açan kimi güllərin ətri adamı bihuş edirdi. Bu mehriban ailənin qonaq-qarası da əskik olmurdu. Qohum-əqrəba tez-tez bir süfrə arxasında toplaşırdı... Elə belə günlərin birində ailənin gələcək taleyi həll olur. Axşam yemək yedikləri zaman içəri təngnəfəs halda bir kişi girir. Mirzə Xəlilə yaxınlaşıb, onun qulağına nəsə pıçıldayır. Kişinin sözünün qurtarmağıyla Mirzə Xəlilin yerindən qalxmağı bir olur. Tələm-tələsik yığa bildikləri əşyalarını götürüb, paltarlarını geyinib, bir dəqiqə belə gözləmədən “UAZ” maşını ilə qaçırlar. Bircə saat müddətinə açılan sərhəddən Azərbaycanın bu tayına keçirlər. Beləliklə, 1946-cı ildə siyasi mühacir ailəsi olaraq doğma torpaqlarını tərk etmək məcburiyyətində qalırlar.

İlk olaraq Astarada yaşayırlar. Bir müddət sonra isə Salyanda məskunlaşırlar. Mirzə Xəlil Salyanda göz həkimi işləməyə başlayır. O vaxtlar əhali arasında çox yayılmış traxoma xəstəliyindən əziyyət çəkənləri müalicə edir. Eyni zamanda məscidin axundu olur. Əvvəl-əvvəl xeyli ağır güzəran keçirirlər, maddi korluq çəkirlər. Sonradan onlara bir ev verilir (illər sonra Əli-Bayramlıya köçürlər. Oradakı mülkləri indi də qalır). Ailənin çətinliklərinə baxmayaraq, Mirzə Xəlil uşaqlarını təhsildən yayındırmır. Rübabə Salyanda orta məktəbdə təhsilini davam etdirir. Elə məktəbdə də onun məlahətli səsini aşkarlayırlar. Bundan sonra Rübabə musiqi dərnəklərindən birinə üzv olur. Dərnəkdə Qulu Əsgərovla tanış olur. Tamaşalarda, tədbirlərdə çıxış etməyə başlayır.

Bir dəfə Dram Teatrının aktyorları Salyana qastrola gəlirlər. Onların arasında Ələsgər Ələkbərov da vardı - Rübabənin o vaxta qədər adını eşitsə də, üzünü görmədiyi məşhur aktyor. “Vaqif” tamaşasını oynamalıydılar. Ancaq tamaşanın başlanmasına az vaxt qalmış deyirlər ki, Xuramanı oynayan aktrisa xəstədir, səhnəyə çıxa bilməyəcək. O aktrisanı əvəz eləmək Rübabəyə həvalə olunur. Çünki Rübabə öz tamaşalarında bu rolu artıq ifa edirdi, bilirdi. Beləliklə, Rübabə ilk dəfə 16 yaşında peşəkar aktyorlarla eyni səhnəni paylaşır. Düzdür, o nəhənglikdə aktyorun oyununun yanında təcrübəsiz bir qızın rolu zəif alınır. Amma aktyorluğu olmasa da, gözəl səsi vardı Rübabənin. Xuramanın özünü qayadan atması səhnəsində bir “Bayatı-Kürd” ifa edir ki, tamaşa, obraz yaddan çıxır. Düz iyirmi dəqiqə oxuyur... Tamaşadan sonra Ələsgər Ələkbərov Rübabəyə yaxınlaşıb mehriban səslə deyir: “Qızım, gözəl səsin var, çalış Bakıya köç, filarmoniyaya sənin kimi səsli müğənnilər lazımdır”. O gecə səhərəcən Rübabənin gözünə yuxu getmir. Tamaşanın təsirindən ayrıla bilmir, heç vaxt görmədiyi, ona nağıl kimi gələn Bakının xəyalını qurur. Çox keçmir ki, tale özü onu bu şəhərə gətirir. Səsinin sehrinə düşən müəllimləri Rübabə ilə Qulunu Bakıya gətirirlər.

Oğlanın ailəsi onu məhz müğənni olduğu üçün almadılar...

Beləliklə, Rübabə Muradova 1950-ci ildə Bakıya - xəyallarında yaşatdığı bu əsrarəngiz şəhərə qədəm qoyur. Asəf Zeynallı adına musiqi məktəbinin muğam şöbəsində təhsil almağa başlayır. Elə burda oxuya-oxuya Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlar Rübabə Muradovanı Leyli roluna hazırlaşdırmağa başlayırlar. Rübabə hələ tələbə ikən Opera və Balet Teatrının səhnəsində ilk dəfə Leyli kimi görünür. Məktəbi bitirəndən sonra isə burda işə götürülür. Leyli, Əsli, Ərəbzəngi, Şahsənəm, Sənəm kimi partiyaları ifa edir. Teatrın solisti olmaqla yanaşı həm də muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı kimi bütün ölkədə tanınıb, sevilməyə başlayır. Onun ifa etdiyi “Qara gilə”, “Heydər babaya salam” bu gün də dillər əzbəridir. Filarmoniyada anşlaqla keçən konsertləri indi də çoxlarının xatirindədir. Qara qaş-gözündən, uzun qara zülfündən, gözəlliyindən hələ də danışırlar. Bu gözəlliyə o vaxtlar da heyran olurdular, indi də. Bir də onun Leylisini çox bəyənirdilər. Özü də daha çox bu obrazını sevirdi. Çünki Leyli ona qəlbən yaxın idi, taleləri bənzər idi. Leylini oynayanda öz həyatını yaşayırdı sanki. Yəqin elə buna görə də rol bu qədər təsirli, yanğılı, inandırıcı alınırdı. Bu rolu o qədər çox sevirdi ki, hər sənətçinin ifasını da bəyənmirdi. Deyirdi “xətirlər xətrinə Leyli oynamazlar. Leylinin həyatını yaşamaq lazımdır”.

“Rübabə nəinki səhnədə, həyatda da Leylinin həyatını yaşayırdı”, - deyir Rübabə Muradova sənətinin davamçısı, sənətçinin özündən 19 yaş kiçik bacısı, müğənni Tahirə Rübabi. Danışır ki, Rübabənin bir sevdiyi oğlan vardı. İkisi də bir-birini çox sevirdi. Amma oğlanın ailəsi məhz Rübabə müğənni olduğu üçün onların evlənməsinə icazə vermir...

Gecə yatdığı yerdə Rübabənin uzun, qara saçlarını kəsir

Bir müddət sonra Rübabə sevmədiyi bir şəxslə ailə qurmalı olur. Hər iki ailə hələ İranda yaşadıqları zaman bir-birini tanıyırdı. Xəlil İranda həbsxana rəisi işləmişdi. Bakıda isə məktəb direktoru idi. Rübabəni hələ Ərdəbildə görüb bəyənmişdi. Bakıda görəndə isə ona aşiq olur və ailə qurmağa qərar verir. Ailələrin razılığı, təkidi ilə Rübabə də bu izdivaca “hə” demək məcburiyyətində qalır. Bu o zamanlardı ki, Rübabə artıq Bakıda təhsil alırdı və səhnəyə çıxırdı. Ancaq çox gözəl və gənc həyat yoldaşının yüzlərlə tamaşaçı qarşısında çıxış etməsi Xəlilin heç ürəyincə olmur. Rübabəni gündən-günə daha çox qısqanmağa başlayır. Bu qısqanclıq getdikcə daha da artır və ailədə yersiz, söz-söhbətlər, mübahisələr yaradır. Bütün bu kobud rəftara, əsası olmayan qısqanclıq səhnələrinə dözə bilməyən və bezən Rübabə Muradova ərindən ayrılmaq qərarına gəlir. Övladının doğulmasını belə gözləmədən. O, sevmədiyi bir şəxsin “səhnəni tərk et” istəyini yox, çox sevdiyi sənətini üstün tutur. Az sonra ilk qızı Qəmər dünyaya gəlir. Onu da anası Siddiqə xanım saxlayıb böyüdür. Rübabə isə Bakıdakı həyatına, sənətinə tək-tənha davam edir.

Bir neçə il sonra uca boy-buxunlu, yaraşıqlı bir kişi ilə tanış olur. Tələt özü ticarətçi idi, bir neçə dükanı vardı. Bacısı Şahnaz isə tar çalırdı. Onların tanışlığı da Şahnazın vasitəçiliyi ilə həyata keçmişdi. Bir neçə görüşdən sonra Rübabə onu sevən, özünün də olduqca bəyəndiyi Tələtlə ikinci dəfə ailə qurmaq fikrini qətiləşdirir. Bu izdivacdan da müğənninin bir qızı dünyaya gəlir. Şahnazın adını qızına qoyur. Ancaq zaman getdikcə bu ailədə də problemlər yaranmağa başlayır. Rübabənin məşhurluğu, pərəstişkarlarının sayı artdıqca Tələtin də qısqanclıq hissləri böyüməyə başlayır. Yerli-yersiz, olar-olmaz hər şeyə yoldaşını qısqanır. Hətta qısqanclıq gözünü o dərəcədə kor edir ki, gecə yatdığı yerdə Rübabənin uzun, qara saçlarını kəsir. Tələtin bu ağlasığmaz hərəkəti Rübabənin səbr kasasını dolduran son damla olur. Bundan sonra müğənni ikinci həyat yoldaşından da boşanır. Ər sarıdan bəxti heç gətirməyən, ilk məhəbbəti uğursuzluğa düçar olan Rübabə Muradova yaşadığı sıxıntıların, problemlərin təkrarlanmasından ehtiyat edərək üçüncü dəfə heç kimə rəsmən ərə getmir. Onu sevənlər, ailə qurmaq istəyənlər olsa da. Yalnızca öz həyatını yaşayır. Heç kimdən asılı olmadan. Ürəyi istədiyi kimi geyinir, gəzir, ürəyi istəyəni edir. Amma bunların heç biri onun qəlbində gəzdirdiyi dərd yükünü azalda bilmir. Bir tərəfdən sevgidə bəxtinin gətirməməyinə, digər tərəfdən də vətən həsrətilə hər gün için-için ağlayır. Gah ilk məhəbbətini, uğursuz ailə həyatını, gah da illərdir unuda bilmədiyi, arzusunda olduğu Ərdəbili üçün göz yaşı axıdır. Dərdlərini azaltmaq, qəlbini ovundurmaq, vətən yanğısını soyutmaq üçün çıxış yolunu siqaretdə axtarmağa başlayır. Siqaretin tüstüsünü içinə çəkməklə içindəki vətən, sevgi həsrətinin səngiyəcəyinə ümid edir. Bəzən hətta spirtli içki də içir. İçir ki, sərxoş olub bütün qəm-kədərini unutsun. Amma unutmur, unuda bilmir. Nə siqaret, nə də içki onun yaralarına məlhəm olur. Əvəzində sağlamlığını, canını əlindən alır. Dərdini isə zərrə qədər də azaltmır. Həyatının son anına qədər vətən nisgili Rübabənin ürəyindən getmir. 13 yaşında ayrıldığı torpağına bircə dəfə ayaq basmaq arzusu ürəyində qalır. Doğulub böyüdüyü Ərdəbili, evini yenidən görmək xoşbəxtliyi ona nəsib olmur.

Sevdiyi kişiylə keçən son 15 il

O ki qaldı Rübabə Muradovanın qadın xoşbəxtliyinə, bəlkə də 50 illik ömrü boyunca yaşadığı bir neçə xoş dönəm vardısa, o da sevdiyi şəxslə birgə yaşadığı illəriydi. Yəqin Tanrının Rübabəyə yazığı gəlmişdi. Onu illər sonra yenidən sevdiyi şəxslə qarşılaşdırmışdı. Bu, həmin oğlan idi. Onun ilk məhəbbəti. Müğənni olduğuna görə ailəsi Rübabəni ona almamışdı. O da ailəsindən başqa cür acıq çıxmışdı – heç kimlə evlənməmişdi. Və illər sonra onlar yenə birlikdəydilər. Gənclik çağlarında olduğu kimi. Rübabə Muradova həyatının son 15 ilini bu kişiylə qeyri-rəsmi nikahda yaşayır. Rübabənin həqiqətən sevdiyi ilk və tək kişi xəstə olduğu zamanlarda da, ömrünün son anında da onun yanında olur...

Axırdan axıra xəstəlik Rübabəyə güc gəlirdi. Son bir ildə isə xəstəliyi yaman ağırlaşmışdı. Arıqlamışdı, solğunlaşmışdı. Artıq yataq xəstəsinə çevrilmişdi. Ancaq elə o vəziyyətdə də təmizliyinə, səliqəsinə fikir verirdi. Tahirə xanım deyir ki, ölümünün yaxınlaşdığı Rübabənin ürəyinə dammışdı: “Özü bunu bilirdi artıq. Hər gün yanına gedirdik. Qızı Şahnazla qalırdı. Şahnaz övladlıq borcunu layiqincə yerinə yetirib, onun qulluğunda durdu. Son günlər öləcəyi ürəyinə dammışdı elə bil. Deyirdi, “məni təmtəraqla basdırmayın. Fəxri Xiyabanda basdırmasalar, eybi yoxdu. Əsas odur ki, məni xalqım sevəcək”. Xəstə yatağında da, ölüm ayağında da Ərdəbili unutmadı, yada saldı. Hər dəfə deyirdi ki, “evimizin qapısı açılan kimi həyətdəki güllərin ətri məni bihuş edirdi. Kaş bircə dəfə gedib Ərdəbili görəydim. Sürünə-sürünə də olsa gedib, oranı görüb, sonra öləydim”. Ancaq bu arzuyla yaşayırdı, ancaq bu idi onun dərdi. O boyda dərdi ola-ola başqalarının da dərdinə yanırdı. Ehtiyacı olana əl tuturdu. Mənim üçün həm ana olub, həm bacı. O saxlayıb, oxutdurub məni. Ümumiyyətlə, hamının işinə yarayırdı. Hər kəsin dərdinə şərik olurdu. Amma onun dərdindən bəzilərinin heç xəbəri yox idi. Onun bircə dərdi vardı – vətən. Rübabə yalnız vətən həsrətilə öldü, sevgi dərdilə yox. Çünki sevdiyi şəxs onun yanındaydı. Bəziləri deyirdilər ki, bu adam Rübabədən istifadə edir. Ancaq elə deyildi. O, Rübabəni həqiqətən, təmiz məhəbbətlə sevirdi. Elə olmasaydı, o vaxta qədər evlənərdi. Elə olmasaydı, Rübabə öləndən sonra başı ağarmazdı. Elə olmasaydı, hələ də onun məzarını ziyarət etməzdi. Adını çəkmək istəmirəm, amma o adam indi də sağdı, sonradan evlənib, ailəsi var. Və hələ də Rübabənin qəbrinin üstünə gedir”.

Rübabə Muradova 1983-cü il, avqustun 28-də 50 yaşında qaraciyər serrozundan vəfat edir. Və Yasamal qəbiristanlığında dəfn olunur. Beləcə, doğulub boya-başa çatdığı torpağı görmək, ora ayaq basmaq arzusu da onunla bərabər torpağa gömülür. Rübabə Muradova düz 37 il vətən həsrətini, Ərdəbil nisgilini ürəyində gəzdirdi. O məşum gecəni, həyatının dönüş nöqtəsi olan o 1 saatı xatırladı. Bəzən o 1 saata lənət oxudu, bəzən o 1 saatı yenidən arzuladı. Arzuladı ki, heç olmasa bircə dəfə yenə sərhədlər 1 saatlıq açılardı. Bircə saatlıq da olsa gedib oranı görüb, havasını udub yenidən qayıdaydı. Bu da ona kifayət edərdi, həsrətini azaldardı. Amma nə bu arzular gerçəkləşdi, nə də nisgil sona yetdi. O, elə bu vətən həsrətiylə də Ərdəbilin zülmət gecələri qədər qara gözlərini əbədi yumdu...

... Amma sağlığında olmasa da, heç olmasa ölümündən bir neçə il sonra azacıq təskinlik. rahatlıq tapdı Rübabə Muradovanın ruhu. O da bacısı Tahirənin Ərdəbildəki evlərinin həyətlərindən gətirdiyi və məzarına tökdüyü bir ovuc vətən torpağıyla... Bəlkə elə bu bir ovuc Ərdəbil torpağı Rübabə Muradovanın 37 illik vətən həsrətini, vətən nisgilini dindirdi, kim bilir?!...

Xəyalə MURADLI

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3008

Oxşar yazılar