Yaşar Nuri: dərya boyda həyatından bir damla…
19 noyabr 2010 17:36 (UTC +04:00)

Yaşar Nuri: dərya boyda həyatından bir damla…

Onu bir aktyor kimi lap uşaqlığımdan tanıyıram. Biz Göyçayda yaşayırıq. Uşaq vaxtından Azərbaycan filmlərini maraqla, sevgi ilə izləyən biri olmuşam. Nəinki mən, bütün ailəmiz, yaxınlar və doğmalar Azərbaycan filmlərini sevə-sevə izləyirdik.

Görkəmli aktyorumuz Yaşar Nurinin iştirak etdiyi film və tamaşaları daha çox izləyirdik. Səmimi etiraf edirəm, hərəmiz özümüzə bir kumir aktyor da seçmişdik hələ o zaman. Mənim ən sevdiyim aktyor, elə indi olduğu kimi, Yaşar Nuriyev idi. Yaşar Nuri Azərbaycanın böyük aktyoru kimi o vaxtdan mənim idealım olaraq qaldı. Bu günə kimi.

1990-cı illərin əvvəlləri, heç 10 yaşım olmazdı, atamla Bakıya, bibimgilə qonaq gəlmişdik. Günəşli bir gün idi, şəhəri gəzirdik. Möcüzə baş verdi. Rayon uşağı üçün, balaca Vasif üçün bu o zamanlar əsl möcüzə idi. Atam qəflətən dayanıb, dedi: “Vasif, oğlum, budur e sevdiyin aktyor dayanıb orda”. Təəccübləndim, nağıllar aləmində olduğumu düşündüm. O xoş çöhrəli, təbəssümlü, bizim üçün əfsanəyə çevrilmiş nəhəng aktyoru qarşımda gördüm. Olanlar yuxu kimi idi. Uşaqkən nağıllara qulaq asanda düşünürdüm ki, qəhrəmanlar hamısı əlçatmaz olur. Mənim üçün də Yaşar Nuri əlçatmaz görünürdü. Axı biz onu sadəcə televiziyadan seyr edirdik. Televiziyadan görünən insanlar da rayon əhalisi üçün zirvə, əlçatmaz görünürdülər. Nəzərə alaq ki, o zaman sadəcə bir tək Dövlət Televiziyası var idi.

...Yaşar Nuri aram-aram bizə tərəf irəliləyirdi, onu görən 2 polis nəfəri böyük ehtiramla görüşdülər. Aramızda haradasa 10 metr məsafə var idi. Həyəcanım daha da artırdı, o hiss etdi ki, biz onunla görüşməyə gəlirik. Sanki yüz ildi tanıyırmış kimi çöhrəsində təbəssüm yarandı, atam onunla görüşdü. Həmin an atam da çox sevinirdi. Axı, Yasar Nuri atamın da sevdiyi aktyor idi. Atam dedi: “Yaşar müəllim, biz sizi görməyə inanın çox şad olduq”. Yaşar Nuri gülümsündü və “qarşılıqlıdır” dedi.
Atam dərhal məni təqdim etdi: “Göyçaydan gəlmişik, bu mənim böyük oğlumdu, adı Vasifdir və sizin hədsiz fanatınızdır. Yaman çox istəyir sizi. Evdə ancaq sizdən danışır, sizi parodiya edir...” Yaşar Nuri əlimi sıxdı və yanağımdan öpdü. Çox xoşbəxt idim. Sevinirdim ki, gör kiminlə görüşürəm. Xoş təbəssümlə üzümə baxıb, dedi: “nə yaxşı, mənim balaca pərəstişkarım var. Gəlin, gedək qonağımız olun, yol gəlmisiniz”. Çox inad etdi. İnanın, bu elə-belə, sözgəlişi deyilən təklif deyildi. Sırf ürəkdən deyirdi bu sözləri Yaşar Nuri. Unudulmaz anlar idi. Çox xoş bir əhvalla onunla xudahafizləşdik.

O an Yaşar Nurinin həyatında bir damla, mənim həyatımda isə bir dəniz idi… və əbədi beynimdən silinməyəcək bir hadisə... Bir əlim atamın böyük ovcunda, arxaya baxa-baxa onu, o böyük insanı yavaş-yavaş baxışlarımla gözdən itirdim. Mənə elə gəldi ki, onu bir daha heç zaman görə bilməyəcəm. Çünki mənim uşaqlığım, məktəb illərim, yeniyetməlik çağım rayonda keçib. Uşaqlıqdan balaca ürəyimdə sənətə meyl vardı. Mən, qardaşım və əmim uşaqları dəftərdə cızma-qara edib, öz aləmimizdə serial ssenarisi yazırdıq. Orada qadın-kişi obrazlarını ayırıb hər birimizə bir obraz verirdik. Hətta utancaqlığımızı boğub, bu obrazlara tam anlamı ilə girməyə çalışırdıq. “Evləri köndələn yar” tamaşasında Yaşar Nurinin yaratdığı Surxayzadənin rəqs səhnəsini evdə yamsılayırdım və evdəkilər gülməkdən uğunub gedirdilər. İncəsənəti sevsəm də burda oxumaq müəyyən səbəblərdən mənə qismət olmadı. Tibb təhsili aldım. Amma illər sonra, tale məni yenə incəsənət aləminə qaytardı. 2005-ci ilin yayında gözlənilmədən incəsənətin bir qolu olan televiziya sahəsinə - Space Televiziyasına efir sahəsinə stajor kimi işə düzəldim, sonra müxtəlif verilişlərin yaradıcı prodüseri kimi fəaliyyət göstərdim. Bir çox verilişlərdə və departamentlərdə çalışdım. 2006-cı ildə gözəl, günəşli günlərin birində televiziyanın həyətində tək dayanmış bir nəfəri gördüm. O idi! Mənim uşaqlıq əfsanəm - YAŞAR NURİ…

Çox gümrah, vüqarlı və bir az da yaşa dolmuş… Onu gördüyüm vaxtdan ən azı 15 il keçmişdi. Amma çox dəyişməmişdi. Çöhrəsindəki mülayim təbəssüm, batan yanaqlar o zaman olduğu kimi yenə də yerində idi. Dəyişən sadəcə zaman idi. Onu diqqətlə sezdim, beynimdə çox götür-qoy etdikdən sonra ona yaxınlaşmağa qərar verdim. İnanın, həmən həyəcan yenə də məndə qalmışdı. Yavaş-yavaş addımlarla ona doğru irəliləməyə başladım, hər addımımı atanda həyəcanım bir az da artırdı. Gözümün önündə yalnız bir şey canlanırdı. Qarşımdakı insan saysız-hesabsız obrazlar yaratmış, milyonların sevgisini qazanmış canlı əfsanə - Yaşar Nuri idi. Onun bütün obrazları kinolent kimi gözümün önündə canlanırdı. Yaxınlaşıb, qəribə həyəcanla onun əlini ürəklə sıxdım. Çox mehriban görüşdük. Sanki uzun zaman idi ki, məni tanıyırdı. Məni o cür qarşıladı. Bəli, bu Yaşar Nuri böyüklüyü idi. Sadə, səmimi və sevimli Yaşar Nuri… Nədənsə onun gülən gözlərinin arxasında nə isə qəribə kədər həmişə hiss etmişəm. Xülasə, mən ona 15 il bundan öncəki “möcüzə görüş” hekayəsindən bəhs etdim. Tam xatırlamadı, təbəssümlə xatırlamağa çalışırdı, bu da təbiidir. Axı o Böyük Aktyordu - saysız çəkilişlər, tamaşalar, filmlər, yüzlərlə insanlar görüb. Çox xoş söhbətlər etdik. Atama zəng vurub hal-hazırda yanımda Yaşar Nurinin olduğunu bildirdim. Atam da hədsiz sevindi, telefonda danışdılar.

Bundan sonra bizim Yaşar müəllimlə görüşlərimiz çox oldu. Müxtəlif çəkilişlərdə, verilişlərdə hətta bir otaqda bir verilişdə çalışırdıq. Bu da bir başqa möcüzə idi. İllərdən sonra onu təkrar görüb ona bu qədər yaxın olmaq və ən əsası Dost olmaq. “Space”-ə gələn kimi məni axtarır, soruşurdu. Sanki Bakıda mənə bir dayaq, arxa idi.

Xəstə olduğu zamanlarda televiziyaya çox tez-tez gəlirdi. Xəstəliyi onu çox incidirdi. Amma belə vaxtlarında kölgə kimi, hər addımında onun yanında olurdum ki, birdən hər hansı bir ehtiyacı olar. O da həmişə dəfələrlə mən tək olanda da, işçi qrupumuzun yanında da deyirdi ki, “sən mənim prodüserimsən, ay Vasif”. Təbii ki, bunu Yaşar Nuridən eşitmək fəxr idi mənim üçün.

O əməliyyat üçün ilk dəfə Türkiyəyə yola düşəndə hamı kimi mən də çox həyəcan keçirdim. Axı onunla ediləcək çoxlu söhbətlər, ondan alınacaq çoxlu məsləhətlər var idi. Türkiyədən şad xəbərləri dörd gözlə gözləyirdik. Uğurlu əməliyyat bütün ölkəmizin hər bir vətəndaşını sevindirdi. İnanın ki, çox insan onun səhhətini məndən soruşurdu. Deyirdilər dayın necədi? Bəziləri elə bilirdi, mən Yaşar müəllimin lap yaxın qohumuyam. Deyirdilər, sən hara, Yaşar Nuri hara? Nəyisən Yaşar müəllimin? Deyirdim - Dostu! Bəli, o böyük insan idi ki, gənclərlə də dostluq edə bilirdi…

Ən çox həyatımda önəmli və yadda qalacaq məqam Yaşar Nurinin mənim qızımın ad günündə gözəl iştirak etməsi oldu. Toyumda iştirak edə bilməməsinin əvəzini artıqlaması ilə çıxdı. Bizimlə bərabər dedi, güldü, zarafatlaşdı, rəqs etdi. Çox sevdiyi “Qoçəli” rəqsini bərabər oynamağımız mənim üçün ən tarixi və unudulmaz məqam oldu. Bir yadda qalan məqam da o oldu ki “İlk məhəbbət” mahnısı səslənəndə hər birimiz Yaşar Nurinin kövrəlməyinin və göz yaşlarının şahidi olduq. Bu çox böyük bir an idi. Yaşar Nurinin duyğulu, sadə, kövrək və dahi olduğunu bildirirdi məncə.

...Onunla hələlik sonuncu görüşümüz xəstələnməmişdən hardasa bir həftə qabağa təsadüf edir. Televiziyadan bir yerdə çıxdıq. Dedi, noyabrın 13-də tamaşam var, gəlin yoldaşınla birgə tamaşa edin. “Məmnuniyyətlə” - dedim.

Ayın 13-ünü gözləyirdim. Amma…

Bir gün axşam xəbərlərində Yaşar Nurinin kadrlarını gördüm. Bir neçə dəqiqə səssiz dayandım. Axı mən onunla zəngləşməli, görüşməli, dəvətnamələri almalı idim. O, mənimlə görüşəcəyinə söz vermişdi… İnanıram ki, biz onunla mütləq görüşəcəyik. O güclü bir insandı. Heç bir xəstəlik Yaşar Nurini heç zaman məğlub edə bilməz…

İnanırıq ki, o tezliklə sağalıb öz sevdiklərinə dönəcək və yeni-yeni tamaşalara, filmlərə çəkiləcək. Biz buna bütün qəlbimizlə inanırıq.

Yaşar Nuri milyonların sevimlisi, sənətdə özünəməxsus yeri olan sənətkar, təkrarolunmaz aktyordur. İkinci Yaşar Nuri bir daha doğulmayacaq! Yastığın yüngül olsun, Həmişəyaşar Yaşar Nuri! Böyük aktyor, dahi insan, gözəl Dost…

Vasif İsmayılzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2790

Oxşar yazılar