Ukraynanın xalq artisti Qurban Abbasov: “Azərbaycanı tərənnüm edirəm” - FOTO
Təbii ki, belə bir səadəti ən ali hisslərə sahib olan kəs qazana bilər.
Qırx ilə yaxındır ki, Qurban Abbasov Azərbaycanın hüdudlarından uzaqlarda yaşayır və bu illər ərzində də Azərbaycanın mədəniyyətini böyük şövqlə təbliğ edir. Orta təhsilini başa vurduqdan sonra Ukraynaya üz tutub Çaykovski adına Kiyev Dövlət Konservatoriyasına qəbul olmaq istəyində olanda arzularının gerçəkləşəcəyinə bəlkə də çox inanmırdı. Ancaq imtahan və müsabiqələrdə tanınmış və təcrübəli musiqiçilərin bu gənc azərbaycanlının səs imkanları haqqında dedikləri fikirlər Qurban Abbasovun həyatında yeni səhifə açdı.
Gənc tələbə bu nüfuzlu təhsil ocağını mükəmməl bir sənətçi kimi bitirdikdən sonra Almaniyaya işə dəvət olunur. Bu təklifi qəbul edən Qurban Abbasov 1986-1993-cü illərdə Almaniyanın opera səhnələrində və həmin dövrdə bu ölkədəki keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin hərbi ansamblında bir sıra uğurlara imza atır. İstər Almaniyada, istər digər Avropa ölkələrinə qastrolları zamanı çıxışlarında Qurban Abbasov Azərbaycan mahnılarına daha çox üstünlük verir. Avropadan Sovetlər birliyinin tərkibində kiçik görünən, həmin dövrün məhrumiyyətlərinə və rejiminə görə dünyada tanınmaq imkanları məhdud olan Azərbaycanı, Azərbaycan musiqisinin zənginliyini dünya xalqlarına çatdırmağı bacarır.
Almaniyadakı səkkiz illik fəaliyyətindən sonra Qurban Abbasov öz taleyini yenə də Ukrayna ilə bağlayır. Ukrayna Mədəniyyət və Turizm nazirliyinin azsaylı xalqların mədəniyyəti şöbəsinə işə qəbul olunur. İstedadlı həmyerlimiz həm də Ukrayna Dövlət Sərhəd Xidmətinin mahnı və rəqs ansamblında çalışır. Bununla yanaşı o, Kiyev şəhərindəki Müslüm Maqomayev adına mədəniyyət mərkəzinə rəhbərlik edir.
Qurban Abbasov Ukraynanın musiqi ictimaiyyətində kifayət qədər ciddi sənətçi kimi tanınır. Demək olar ki, Ukraynada keçirilən bütün dövlət tədbirlərində ifaçıların siyahısına onun da adı daxil olunur. Onun beynəlxalq və ictimai təşkilatların keçirdikləri tədbirlərinə, gecələrinə dəvət olunması da artıq ənənə şəklini alıb. Belə tədbirlərdə Qurban Abbasovun ifa etdiyi mahnılar arasında Azərbaycan bəstəkarlarının əsərləri də var, Müslüm Maqomayev repertuarının şah əsəri olan “Azərbaycan” mahnısı isə xüsusi yer tutur. Ümumiyyətlə, tədbirlərin hansı səviyyə və çərçivədə keçirilməsinə baxmayaraq Qurban Abbasov öz ifası, geyindiyi Azərbaycanın milli libası və səhnə davranışı ilə həmin tədbirdə kiçik bir Azərbaycan mühiti yaratmaqla tamaşaçılarda böyük Azərbaycana sevgi hislərini aşılamağı məharətlə bacaran sənətkarlardandır. Onun ifasında elə məqamlar olur ki, o, öz səsinə yox, səsi onun bütün varlığına hakim kəsilir və elə bu məqamda tamaşaçı auditoriyası Qurban Abbasov səsinin sehrinə düşür, bu səsin qüdrətini, gücünü, ilahidən gəldiyini duyur, hiss edir.
Qurban Abbasov Ukraynadakı Azərbaycan diasporunun ən fəal üzvlərindən biridir. O, Ukrayna Azərbaycanlıları Konqresinin mədəniyyət və incəsənət departamentinə və konqresin nəzdində fəaliyyət göstərən “Azərbaycan” ansamblına rəhbərlik edir. Məhz, bu vətənpərvər insanın gərgin əməyi sayəsində Ukraynada yaşayan azsaylı xalqlar arasında Azərbaycan mədəniyyətinin təbliğatı digərlərindən çox-çox irəlidə dayanır.
Onun yaradıcılıq uğurları heç vaxt diqqətdən kənarda qalmayıb. Beynəlxalq festivalların, dövlət qurumlarının, ictimai təşkilatların onlarla fəxri fərmanları, diplomları ilə təltif olunub, Ukrayna prezidentinin fərmanları ilə 1999-cu ildə Əməkdar artist, 2009-cu ildə Xalq artisti adını alıb. Dünya azərbaycanlılarının Bakıda keçirilən ikinci qurultayında isə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə “Tərəqqi” medalına layiq görülüb.
Qazandığı uğurlar haqqında danışmağı çox da sevməyən xalq artisti yaşanmış illərin bəzi anlarını belə xatırlayır: “Orta təhsilimi doğulub boya-başa çatdığım Naxçıvan şəhərində almışam. Məktəbdə təhsil ala-ala tez-tez, o vaxtlar çox dəbdə olan pionerlər evinə gedirdim, uşaq xorunda oxuyurdum. Valideynlərim tərəfindən bəzən buna qadağa da qoyulurdu, daha çox dərslərimlə məşğul olmağıma çalışırdılar. Mən isə inadımdan dönmədim. İfaçılıq sənətinə o qədər böyük marağım var idi ki, özümü bu sənətdən kənarda təsəvvür edə bilmirdim. Və bir də gözümü açdım ki, bu maraq məni böyük səhnələrə gətirib çıxarıb. Bu gün hər bir azərbaycanlının özünün zəngin mədəniyyəti, incəsənəti ilə qürur hissi keçirməyə haqqı var. Azərbaycan dünyaya çox böyük bəstəkarlar bəxş edib. Mən də bu ölməz sənətkarların əsərlərini ifa edib Azərbaycanı tərənnüm edirəm”.
Səsində dağlar qüruru, ürəyində Vətən sevgisi olan Qurban Abbasov heç vaxt səsgücləndiricilərə arxalanmayıb, tanrının ona bəxş etdiyi səsinə güvənib. Buna görə də səhnədəki addımları mükəmməl və inamlıdır. Hələ bundan sonra da o, bu mükəmməl və inamlı addımlarla ən möhtəşəm səhnələrdən Azərbaycan deyib on minlərlə, yüz minlərlə insanın yaddaşına və ürəyinə bu müqəddəs kəlməni həkk edəcək.
Azər Qardaşlı,
Kiyev

1364