Azər Paşa Nemətovla Bəhram Osmanov işdən çıxıblar
15 oktyabr 2010 14:55 (UTC +04:00)

Azər Paşa Nemətovla Bəhram Osmanov işdən çıxıblar

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov və əməkdar incəsənət xadimi rejissor Bəhram Osmanov uzun illərdir rejissor kimi çalışdıqları Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından işdən çıxıblar.


Bu barədə APA-ya açıqlama verən teatrın direktoru İsrafil İsrafilov bildirib ki, hər iki rejissor işi öz ərizəsi əsasında tərk edib. Teatr rəhbəri deyib ki, adı çəkilən rejissorlarla problem olmayıb, hər iki rejissor azad və müstəqil şəkildə fəaliyyət göstərmək istəyini həyata keçirmək üçün bu addımı atıblar: “Bu cür addımlar təəccüblü hesab olunmamalıdır. Bütün dünya rejissorları bu gün azad şəkildə fəaliyyət göstərirlər. Bu gün Bəhram Osmanov Musiqili Komediya Teatrında tamaşa qoyur. Azad və müstəqil fəaliyyət rejissorların xeyrinədir. Bu teatr sahəsində apardığımız islahatlarda da nəzərdə tutulur. Azərbaycanda bu prosesə yeni başlanıldığı üçün hamı təəccüblənir, əslində bu iş belə də olmalıdır. İslahatlar başa çatandan sonra biz bütün rejissorlarla müqavilə əsasında işləyəcəyik. İstər Bəhram Osmanov, istər Azər Paşa Nemətov, istər Bəxtiyar Xanızadə, istərsə də xarici rejissorlarla əməkdaşlıq bu cür qurulacaq. Teatrdan asılı olmayan rejissor istədiyi yerli və ya xarici teatrda tamaşa qoymağa imkan qazanır, tamaşaları isə qonorar əsasında səhnələşdirir. Bu, bir teatrdan maaş almaqdan daha yaxşıdır”.


Rejissor Bəhram Osmanov APA-ya açıqlamasında deyib ki, o sentyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından çıxmaq üçün ərizə yazıb: “Bunu böyük bir hadisə hesab etmirəm. Nə zaman ürəyimə düşsə, o zaman da Akademik Milli Dram Teatrında tamaşa qoyacağam. Hələlik belə bir istəyim yoxdur. Azad və müstəqil rejissor kimi fəaliyyət göstərirəm və istədiyim teatrda da tamaşa qoyacağam. Teatr rəhbərliyi ilə heç bir problem olmayıb, sadəcə belə istəmişəm”.


Azər Paşa Nemətov isə APA-ya açıqlamasında deyib ki, teatrdan öz ərizəsi ilə uzaqlaşma addımını ilk dəfə o atıb: “İslahatların həyata keçirilməsinin müəlliflərindən biri, bəlkə də birincisi mənəm. Teatr Xadimləri İttifaqına sədrlik etmək vaxtımı çox aparır və rejissor kimi də azadam. Hansı teatr istəsə, orda da tamaşa qoyacağam, o cümlədən Akademik Milli Dram Teatrında. Mənim üçün heç bir problem olmayıb, amma teatr üçün problem ola bilər. Mən bunun tərəfdarıyam, kiminsə xoşuna gəlib-gəlməyəcəyini düşünsək, o zaman heç zaman həyatda islahatlar ola bilməz. Bu yalnız Akademik Milli Dram Teatrında deyil, Azərbaycanın bütün teatrlarında olmalıdır. Bu çox düzgün yoldur. Mən artıq Milli Dram Teatrında maaş almıram, işdən çıxmışam”.


Qeyd edək ki, Bəhram Osmanov 1987-ci ildən, Azər Paşa Nemətov isə 1990-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissor vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1904

Oxşar yazılar