“Cavad xan” filminin yaradıcı heyəti Ramil Səfərovla görüşdü – EKSKLÜZİV
11 oktyabr 2010 13:29 (UTC +04:00)

“Cavad xan” filminin yaradıcı heyəti Ramil Səfərovla görüşdü – EKSKLÜZİV

“Cavad xan” filminin Budapeştdə nümayişi yüksək səviyyədə həyata keçirildi. Filmə çox böyük maraq oldu. Əvvəldən macar dilində dəvətnamələr hazırlanmışdı. Macarıstanın mərkəzi televiziyası, əsas qəzeti bu barədə məlumat verdi, geniş təbliğat işi aparıldı. Azərbaycanın ilk filmi idi ki, Macarıstanda bu şəkildə nümayiş etdirilirdi”. Bunu Lent.az-a açıqlamasında Macarıstanda səfəri barədə məlumat verərkən “Cavad xan” filminin ssenari müəllifi, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı deyib.

Səfər zamanı həyata keçirdiyi görüşlər barədə danışan S. Rüstəmxanlı bildirib ki, Macarıstan parlamentində Azərbaycanla dostluq qrupu ilə və Macarıstan Yazıçılar İttifaqında görüşləri olub.

Azərbaycan nümayəndə heyəti Macarıstanda həbsdə olan Ramil Səfərovla da görüşüb: “Görüş üçün Azərbaycanın Macarıstandakı səfirliyi icazə almışdı. Ramil Səfərovla təxminən iki saatlıq görüşümüz oldu. Ramil artıq 7 ildir ömürlük həbs cəzası altında həbsdə yatır. Təbii ki, haqsız yerə. Təhqir olunmuş, torpaqları işğal edilmiş, ata-baba yurdu əlindən alınmış, bütün rayonu köçkün vəziyyətində olan bir insanın psixoloji durumu nəzərə alınmalı idi. Təəssüf ki, macar məhkəməsi buna əhəmiyyət vermədi. Ramil ağır cəzaya məhkum olundu. Buna baxmayaraq, Ramil ruhən güclüdür, qətiyyən sınmayıb. Həyat eşqi baxımından, mənəvi-psixoloji cəhətdən onu sağlam, nikbin gördüm. Ədalətin bərpa olunacağına inamı var”.

Millət vəkilinin sözlərinə görə, Ramil Səfərov həbsdə olduğu vaxtdan səmərəli istifadə etməyə çalışır. İngilis dilini öyrənir, macar dilində sərbəst danışır. Müxtəlif kitablar oxuyur: “Ona kitablar aparmışdım. Məlum oldu ki, son illər çıxan iki kitabım artıq onda var. Ramil Azərbaycanda gedən proseslərin hamısı ilə maraqlanır, izləyir. Özü Azərbaycanda olmasa da, burdakı hadisələrin içindədir. Görüşdən ürək rahatlığı ilə ayrıldıq. Ramil Səfərovun ruhən nə qədər güclü, igid bir adam olduğunun bir daha şahidi olduq. Mən Lent.az- vasitəsilə Ramilin atasına da öz təşəkkürümü bildirirəm. Həm belə mərd oğul böyütdüyünə, həm də uzaqdan-uzağa oğluna mənəvi dəstək verdiyinə görə”.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1305

Oxşar yazılar