Mənsum İbrahimov: “Mən heç vaxt toy adamı olmamışam”
02 oktyabr 2010 17:20 (UTC +04:00)

Mənsum İbrahimov: “Mən heç vaxt toy adamı olmamışam”

Bu gün Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun 50 illik yubileyi münasibətilə işıq üzü görən “Məcnunun Məcnunu” kitabının təqdimat mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, yazıçı-publisist Mustafa Çəmənlinin qələmə aldığı kitab kitabda səhnəmizin əvəzsiz Məcnunlarından biri olan Mənsum İbrahimovun həyat və yaradıcılıq yolu araşdırılıb. “Təhsil” nəşriyyatında hazırlanan kitabda muğam ifaçısının sənət yoldaşları, ailə üzvləri ilə birgə və müxtəlif konsertlərdən, tamaşalardan, qastrol səfərlərindən olan şəkillər yer alıb.

Təqdimat mərasimində kitabın müəllifi Mustafa Çəmənli çıxış edərək nəşri Mənsum İbrahimovun yubileyinə hədiyyə olduğunu bildirdi. “Mənsumun səhnə həyatı gözümün önündən keçib. Daim onun sənətini izləmişəm, inkişaf edən sənətkar kimi görmüşəm. Fikirləşdim ki, yubileyinə nə etmək olar və bu kitabı ərsəyə gətirmək qərarını verdim”, - deyən yazıçının sözlərinə görə, kitabın adı da məxsusi olaraq seçilib: “İnsanda öz roluna qarşı nə qədər sevgi ola bilər?! Mənsum səhnədə dərhal məcnunlaşa bilir. Məhz Məcnunla Mənsum İbrahimov şöhrət qazandı, xalq artisti, pedaqoq oldu. O həqiqətən də Məcnunun Məcnunudur”.

Məcnunun Leylisi xalq artisti Nəzakət Teymurova 15 ildən çoxdur Mənsum İbrahimovla tərəf müqabili olduğunu söylədi: “Biz bu tamaşanı 6-7 ay boyunca hər gün 6 saat olmaqla məşq edirdik. Çox şükür, nəticəsi yaxşı oldu. Bir neçə xarici ölkədə də bu tamaşanı oynamışıq, uğurlu alınıb, bəyənilib. Tamaşada onunla oynamasam da, həmişə də onun səsini axtarıram. Mənsum İbrahimovun Məcnunu mənim üçün əvəzedilməzdir”.

Tədbirdə Aqil Abbas, Aygün Bayramova, Siyavuş Kərimi, Hafiz Quliyev, Qulu Ağsəs, azad Şükürov, professor Rafiq Əliyev də Mənsum İbrahimovun bir xanəndə, pedaqoq və insan kimi müsbət məziyyətlərindən söz açdılar.

Fəlsəfə elmləri doktoru Davud Dəmirli yubilyara Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının “Ustad sənətkar” fəxri diplomunu təqdim etdi.

Sonda isə Mənsum İbrahimov nəfis tərtibatda hazırlanmış kitaba görə, Mustafa Çəmənliyə öz təşəkkürünü bildirdi: “Uşaq vaxtından məni həmişə böyük səhnələr cəlb edib. Mən heç vaxt toy adamı olmamışam. Arzuma nail oldum. Bu yaşda gözlənilmədən “Şöhrət” ordeni ilə təltif edildim. Ancaq bu, tək mənim uğurum sayılmır. Mənimlə birgə çalışan bütün dostların uğurudur. Hər yeni mükafat çiynimə böyük bir yük, məsuliyyət qoyur. Düşünürəm ki, mən hələ heç nə etməmişəm. görəcəyim işlər, layihələr hələ qarşıdadır”.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 943

Oxşar yazılar