“Müstəqillik tariximizdə ilk dəfə olaraq Təbrizdə çıxış etdik”
01 oktyabr 2010 17:31 (UTC +04:00)

“Müstəqillik tariximizdə ilk dəfə olaraq Təbrizdə çıxış etdik”

Sentyabrın 25-dən 30-a qədər İran İslam Respublikasında keçirilən Azərbaycan mədəniyyəti günləri başa çatıb. Tədbirdə ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Mədəniyyət günləri çərçivəsində Tehran və Təbriz şəhərlərində keçirilən tədbirlərdə xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestrinin, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları olub. Xalq artisti Mənsum İbrahimov, Təyyar Bayramov, vokalçılar Samir Cəfərov, Anar Hüseynli, aşıq Nemət Qasımov, şairlər Adil Cəmil, Taleh Babayev və başqa sənətçilər çıxış ediblər. Musiqiçilərimizi əməkdar artistlər Mircavad Cəfərov (ud), Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət edib.


Bundan başqa, Azərbaycanın tarixi mədəniyyətini, turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunub, Elçin Musaoğlunun “40-cı qapı” bədii filmi və Şamil Əliyevin “İz...Qala”, Emil Mirabdullayevin “Azərbaycan muğamı”, Ziya Şıxlinskinin “Azərbaycan musiqisi” sənədli filmləri göstərilib.


İrandan bu gecə qayıdan xalq artisti Mənsum İbrahimov səfər təəssüratlarını Lent.az-la bölüşüb. “Təəssüratlarım o qədər yüksəkdir ki, dilə gətirməyə belə çətinlik çəkirəm. İndiyədək İranda bu səviyyədə tədbir olmamışdı. Hər şey çox yüksək səviyyədə keçdi. Ən əsası isə müstəqillik tariximizdə ilk dəfə olaraq Təbrizdə çıxış etdik”, - deyən xanəndənin sözlərinə görə, Tehranda, Təbrizdə konsert veriblər. Konsertlərin hamısı da anşlaqla keçib. “Qarabağ şikəstəsi”ni ifa edəndə isə bütün zal ayaq üstə alqışlayıb: “Konsertlərimiz anşlaqla baş tutdu. Tamaşaçının yarısı çöldə qalmışdı. Zalda isə oturacaqların yanında stullar qoyub əyləşmişdilər. Hətta yerdə oturanlar da vardı. Çıxışlar çox böyük maraqla, alqışlarla qarşılandı. Bəziləri göz yaşı axıdırdı. Özümüz də duyğulandıq. Hara gedirdiksə, Azərbaycanın bayrağı dalğalanırdı. Bu tədbir iki ölkənin yaxınlaşması baxımından da əhəmiyyət kəsb edir”.


M. İbrahimov onu da vurğulayıb ki, səfər zamanı başda Əbülfəs Qarayev olmaqla, nümayəndə heyəti böyük şairimiz Şəhriyarın məqbərəsini də ziyarət edib.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 813

Oxşar yazılar